Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönələn qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Belə ki, həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılan axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.
Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.
Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilərək götürülüb.
Həmçinin, həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Raimb” markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülüb.
Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılan axtarışlar nəticəsində toplanan ilkin sübutlarla, habelə aparılan ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilib ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparıblar.
Cinayətkar qrup üzvləri arasında aparılan bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta-ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlanması, hazırlanan saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra edib, habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçiriblər.
Belə ki, aparılan istintaqla müəyyən edilib ki, Ələddin Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında təhsilə dair diplomların məzmununa bilə-bilə yalan məlumatlar daxil edib qanunsuz hazırlayaraq həqiqi diplom kimi təqdim etməklə, Biləsuvar rayon sakini Vidadi Babayevin yaxın qohumu Hikmət Babayevin həmin ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul edilməsinə yalandan vəd verərək buna görə Vidadi Babayevə məxsus 5 min 850 manat məbləğində pul vəsaitini ələ keçiriblər.
Həmçinin, qeyd edilən mütəşəkkil dəstə üzvləri eyni niyyətlə Bakı şəhər sakini Mövlud Cəfərovun yaxın qohumu Şahin Cəfərlinin Xarkov Mülki Müdafiə Akademiyasının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirməklə buna dair rəsmi şəhadətnamənin alınmasına köməklik göstərilməsinə yalandan vəd verərək, Şahin Cəfərlinin adına olan diplomun Təhsil Nazirliyində təsdiq olunmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd olan saxta şəhadətnaməni qanunsuz hazırlayıb Mövlud Cəfərova təqdim edib. Bundan sonra Şahin Cəfərlinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsində işə düzəldəcəklərinə inandıraraq bütün bu qanunsuz xidmətləri qarşılığında Mövlud Cəfərova məxsus 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölübər.
Aparılan istintaqla həmçinin müəyyən edilmişdir ki, sözügedən mütəşəkkil dəstə üzvləri cinayətkar niyyətlərinə uyğun olaraq Tərtər rayon sakini Müseyib Aslanovun yaxın qohumu Qaratel Aslanzadənin Gəncə Dövlət Universitetinə ali təhsil alması üçün tələbə qismində qəbul olunmasında qəbul etdirəcəklərini yalandan vəd verərək, Müseyib Aslanova məxsus 3 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölüblər.
Mütəşəkkil dəstə halında etdikləri həmin qanunsuz hərəkətləri ilə qeyd edilən şəxslərin rəsmi sənədləri saxtalaşdırmaqla vətəndaşlara qarşı dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov və Tofiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən törədildilməklə dələduzluq), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri hərəkətlərin davam etdirilməsi təmin ediləcək.
www.yenicag.az