Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, nəticədə dəstənin üzvləri – Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.
www.yenicag.az