“Seçki vaxtı qapı-qapı düşüb səs istəyirdik, indi isə…” – Aqil Abbas

“Üç gündür Ağcabədi rayonunun kəndlərində insanlarla gedib görüşüb, təbliğ edirəm ki, evdən çölə çıxmayın, ailənizi qoruyun”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında əhalini koronavirus əleyhinə tətbiq olunmuş qaydalara riayət etməyə çağıran millət vəkili Aqil Abbas deyib.

Aqil Abbas təəssüflə bildirib ki, camaatda koronavirus təhlükəsinə yönəlik anlaşılmaz səhlənkarlıq var:

“Əşi, mənə virus keçməz, mənə virus heç nə etməz”, – deyənlər var. Bax, nə bilirsən ki, sənə keçməz, Allahla müqavilən var? Ölkə başçısı cənab İlham Əliyev də bu qədər çağırış edir, tövsiyə verir, ancaq bir çoxları virusu hələ də ciddiyə almır.

Kənd yerlərində sayt oxuyan yoxdur, oralara qəzet də çatdırılmır. İnsanlar az-çox televiziyalardan məlumat əldə edirlər. Seçki prosesində kəndlərə qəzet aparırdım. Camaat qəzet üstündə dava salırdı. Seçki vaxtı gedib səs istəyirdik, indi də qapı-qapı düşüb insanlardan özlərini, ailələrini qorumağı, evdən çıxmamalarını xahiş edirik.

Açığı, telekanallar da öz işlərini görürlər, amma insanların çoxuna bu virusun ciddiliyi tam çatmayıb. Çayxanalar işləmir, restoranlar işləmir. Ağcabədi və Ağdamda oldum, hamısı qapılarının üstünə yazıb, “evə pulsuz çatdırılma”. Ancaq insanlar yenə də bu məsələyə tam ciddi yanaşmırlar”.

Səxavət Məmməd

COP29