Separatçı “general”la bağlı NÖVBƏTİ QALMAQAL – Azadlığa BURAXILACAQ?
Ermənistanın məhkəmə sistemində maraqlı və narahatlıq doğuran vəziyyət yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Erməni nəşrinin əldə etdiyi məlumata görə, Ermənistandakı məhkəmələr ictimai rezonans doğuran cinayət işlərində prosesləri bilərəkdən ləngidirlər ki, bu işlər cinayət təqibinin müddətinin başa çatması əsasına görə bağlansın.
Xüsusilə qeyd olunur ki, Qarabağdakı qondarma rejimin sabiq “müdafiə ordusu”nun komandanı Cəlal Arutyunyan 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl məhkəmə 50 yaşlı general-leytenantı müharibə dövründə hərbi xidmətə səhlənkar münasibət göstərməkdə təqsirli bilmişdi.
Birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Ermənistanın Apellyasiya Məhkəməsində baxılır. Məlumata görə, təqsirləndirilən tərəf bu mərhələdə məhkəmə iclaslarını müxtəlif yollarla təxirə salmağa çalışır. Məqsəd müddətin başa çatması əsası ilə Arutyunyanın cinayət məsuliyyətindən azad olunmasına nail olmaqdır. İş üzrə cinayət təqibinin müddəti oktyabr ayında başa çatır və zərərçəkmişlərin valideynləri xəbərdarlıq edirlər ki, yay aylarında məhkəmə iclasları çox gec tarixlərə təyin ediləcək və nəticədə Arutyunyan məsuliyyətdən yayına biləcək.
Qeyd edilir ki, Cəlal Arutyunyan Apellyasiya Məhkəməsində öz müdafiəçilərindən imtina edib. Onu tapmaq üçün göstərilən cəhdlər isə nəticəsiz qalıb.
Rafi Müslümov