“Mən nə edim ki, Hacı Əbdül heç burnunun ucunu görmək iqtidarına belə malik deyil”
Bu günlərdə mətbuata müsahibəsində “Tövbə” cəmiyyətini sədri Hacı Əbdül Əbdülov ADP sədri Sərdar Cəlaloğluna xitabən onu çox gözəl şəkildə maskalanmış vəhhabi adlandırıb: “Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki, Sərdar Cəlaloğlu sırf vəhhabidir. Məni bu qənaətə gətirən səbəb budur ki, onun dedikləri, fikri, ideyaları vəhhabi ideyalarıdır. Vəhhabilər də deyir ki, nə peyğəmbər, o da bir insan olub, ölüb gedib. O bildirir ki, bir dənə müqəddəs var, o da Allahdır. Qalanları isə hamısı günahkar bəndələrdir”.
Yenicag.az-a açıqlamasında ADP sədri S. Cəlaloğlu Hacı Əbdülün bu fikirlərinə münasibət bildirərək, onu savadsızlıqda, dinin nə olduğunu anlamamaqda suçladı: “Maskalanmış və yaxud qeyri-maskalanmış vəhhabilik nə deməkdir, bunu başa düşə bilmirəm. Çox güman ki, Hacı Əbdül son vaxtlar təriqətlərlə bağlı yazdıqlarımla əlaqədar olaraq bu fikirləri səsləndirib. Siyasətçiyəm, çalışam ki, gündəmi qabaqlayam. Yoxsa, həyata keçən bir şeyi desəm, nə siyasətçi ola bilərəm ki? Təxminən 1 ay öncə təriqətlərlə bağlı yazdığım məqalədə qeyd etmişdim ki, Peyğəmbər aramızda olduğu kimi yaşamadıqca İslam dünyası düşdüyü indiki böhrandan xilas ola bilməyəcək. İslam təriqət və mənsəblərdən imtina etməyi tələb edir. Çünki təriqət və mənsəblər əksi inancların, o cümlədən yəhudiliklə xristianlığın İslama tətbiqindən meydana gəlib. Bu fikirlərini əsas götürərək, Hacı Əbdül həmin sözləri deyib. Dünən (iki gün öncə-red.) İran prezidenti Həsən Ruhaninin başçılığı ilə dünyanın İslam xalqları liderlərinin İslami vəhdət konfransı oldu. Burada bir ay öncə qəzetdə yazdıqlarımı Ruhani sözbə-söz olaraq təkrarən dedi. O bildirdi ki, məzhəb təəssübkeçliyindən imtina edib, dünya müsəlmanlarını birləşdirməliyik və İslam dümyasında qan tökülməsinin qarşısını almalıyıq. Mən nə edim ki, Hacı Əbdül heç burnunun ucunu görmək iqtidarına belə malik deyil, hələ gəlib 1 ay bundan öncə dediklərimə belə fikir bildirir. Dediyim fikirlər dünya İslam liderlərinin konfransında da səslənirsə, deməli haqlı mənəm. Hacı Əbdül şiədirsə, şiəliyin də mərkəzi İrandırsa, burada həmin təriqətin başında dayananlardan biri bir ay əvvəl dediklərimi olduğu kimi təkrar edirsə, onda Hacı Əbdül desin ki, elə Həsən Ruhani də vəhhabidir. Başqa nə demişəm ki, Hacı Əbdül “uzaqgörənliklə” gizlin vəhhabi olduğumu deyir. Vəhhabi olsam deyərəm, vəhhabiyəm də. Nə vahhabi, nə şiə, nə də sünniyəm. Müsəlmanam, Allahın kitabına inanıram, Peyğəmbərə inanıram və Quranda göstərilən yolla gedirəm. Bir var adamların göstərdiyi yolla gedəsən, bir də var Allahın. Doğru yolu Allah göstərə bilər. Ona görə də kimlər ki, adamların yolu ilə gedir, onlar Hacı Əbdül vəziyyətində qalırlar. Təriqət və məshəblər bəşəri yoldur, dini yol deyil. Peyğəmbərin dövründə təriqət və məhsəb olmayıb. İlk təriqət və məzhəblər IX-XII əsrlərdə inkişaf edib. Həmin dövrlər də İslam alimlərinin Qədim Yunan fəlsəfəsilə tanış olduğu dövrlərə təsadüf edir. Yəni fəlsəfəni dinə tətbiq etməklə əqidə yaratdılar. Əqidə sözünün də mənası dünyagörüşü deməkdir, bunun dinə nə aidiyyatı var? Təriqət və mənsəblər də əqidədir. Hətta şiələrin öz alimləri belə bir-birini təkzib edən fikirlər səsləndiriblər. Eyni bir yol necə ola bilər ki, 50 cürə yozulsun? Bütün bunlar onu göstərir ki, artıq təriqət və mənsəblər aradan götürülməlidir. Yenidən Məhəmməd Peyğəmbərin dövrünə qayıtmalı, həqiqi müsəlman olmalı, Allahın yolu ilə getməliyik. Onda İslam dünyası peyğəmbərin dövründəki kimi böyük nailiyyətlər əldə edə bilər. Xalqımın, dinimin yüksəlişini istəyirəm. Hacı Əbdül isə nə istəyir? Qurandan bir kəlmə bilmir, dinin nə olduğunu anlamır, savadı yox”.
ELÇİN
www.yenicag.az