"Şərurlu İsfəndiyar" məhkəmədə narazılıq etdi: "75 yaşlı kişini yollarda əsir etmisiniz"
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) məhkəməsində prosesə çağırılan AMEA-nın eksperti rəyini açıqlayıb.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tərəfin vəsatəti əsasında məhkəməyə çağırılan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qaziyeva da iştirak edib.
Belə ki, təqsirləndirilənin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək sözügedən məsələnin təhqir olmadığını deyib və bu barədə mütəxəssisin fikrini soruşub.
Zərərçəkənin vəkili Asim Abbasov sualın manipulyativ xarakterli olduğunu deyərək etiraz edib.
Mütəxəssis fikrini bildirməmişdən əvvəl təqsirləndirilən İsfəndiyar Axundov ona söz verilməsi üçün icazə istəyib. Belə ki, o, həmin vaxt əsəblərinin yerində olmadığını və pis həddə çatdığını deyib:
“Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi. Biri qazi, biri şəhid ailəsi idi. Hamısı narazı idi, ona görə də əsəbləşib bir iki cümlə nəsə demişəm. Möhtərəm hakim, mən sizdən narazıyam, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiz. Yaşımla əlaqədar hiddətlənib bir iki cümlə demişəm, ona görə mənə belə əziyyət verirsiz”.
Sonra ekspert məsələ ilə bağlı öz rəyini verib. Belə ki, o, sorğuda 3 sual olduğunu bildirərək onların hər birini tədqiq etdiyini deyib:
“Pul yemək frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada, oğurlamaq, israf etmək mənasında işlənir. İstənilən söz yerinə görə təhqir hesab oluna bilər. Lakin bu o demək deyil ki, həmin söz hüquqi baxımdan təhqirdir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar”.
Zərərçəkənin vəkili Asim Abbasov ekspertin rəyinə etiraz edib. O, ekspertin qərəzli olduğunu bildirib.
Vəkil ekspertə İsfəndiyar Axundovun Emil Səməndərova qarşı işlətdiyi “Şərəfi və layəqati olan adam şəhid, qazi ailəsini aldadarmı?” ifadəsinin təhqir olub – olmadığını soruşub.
Ekspert Nəzakət Qaziyeva deyib ki, sözügedən ifadənin təhqir hesab olunması üçün konkret adama yönəldilməlidir. Onun sözlərinə görə, İsfəndiyar Axundovun işlətdiyi bu söz konkret adama yönəldilməyib.
“Burada siz və mən olsaq, desəm ki, şərəfi, ləyaqəti olan ekspert belə etməz, bunu təhqir kimi qəbul edərsinizmi?”, – vəkil Asim Abbasov ekspertdən soruşub.
Ekspert Nəzakət Qaziyeva isə bu sözü öz üzərinə götürməyəcəyini bildirib.
Hakim ekspertə prosesdə söylədiklərini növbəti iclasda rəy formasında məhkəməyə təqdim etməsindən ötrü ona video materialların təqdim olunması üçün qərar verib.
Vəkil Asim Abbasov buna etiraz edib. O deyib ki, məsələni aydınlaşdırmaq üçün birinci rəyi verən ekspert çağırılmalı, onların ikisini də dinləyib məhkəmə yekun qənaətə gəlməlidir.
Hakim həmin vəsatətin baxılmamış saxlanıldığını, lazım olduqda baxılacağını xatırladıb.
Proses mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün 20 noyabradək təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.












