Səsi ilə milyonları ovsunlayan MƏŞHUR: Rafiq Hüseynovun DOĞUM GÜNÜDÜR
Səsin də rəngi, çaları olur. Bəzən səs, ruha qidadır, bəzən isə qəlbə şəfadır. Səs var, o səsin sehrində eşidən insan batır, səs var, sadəcə susursan, sükut içində o səsin ovsununa düşərək yer üzünü unudub, göy üzünə, Allah dərgahına doğru pərvazlanırsan.
Belə səs sahiblərindən biri, bəlkə də birincisi idi, məşhur diktor Rafiq Hüseynov. Bu gün biz onu təsadüfən xatırlamırıq. Bu gün onun doğum günüdür. İlahidən verilən ən böyük lütf idi ona o səs.
Onun yoxluğuyla artıq 8 il keçib, amma onun çismani yoxluğudur. Çünki o səs heç vaxt susmayıb, hələ də eşidilir. Televiziyanın Qızıl Fondunda yadigar qalan o səs sevənlərinə salam göndərir. Vaxtilə səsləndirdiyi “Günün ekranı” xəbərlər proqramı və müxtəlif verilişlərdəki qeyri-adi səsi bu gün də sevənlərini ovsunlayır.
Sadəcə, çatışmayan insafdır. Allah televiziya əməkdaşlarına insaf versin ki, mütəmadi olaraq bu səs sahiblərinin hazırladığı verilişlər yenidən təqdim olunsun. Heç olmasa, doğum və xatirə günlərində gənc nəsil görsün, bilsin ki, televiziya tarixində misilsiz xidmətləri olan Rafiq Hüseynov kimi məşhur diktorlarımız olub.
Elə indiki aparıcılara da nümunə olsun. Baxıb görsünlər ki, diksiya, savad, dilə hörmət, qonağa diqqət, efir mədəniyyəti və geyim mədəniyyəti nə deməkdir.
Ruhunuz şad olsun, Rafiq Hüseynov! Hər zaman səsiniz eşidilsin.
Cəvahir