Səudiyyə Ərəbistanından neft bazarına YENİ HƏMLƏ: “Məqsəd neftə tələbatı artırmaqdır” – İlham Şabanın ŞƏRHİ
“Ər-Riyad neftin qiymətini aşağı salmaqla, bazarlardakı əvvəlki mövqeyini bərpa etməyə çalışır”.
Dünya bazarında neftin yenidən ucuzlaşması müşahidə olunur. Belə ki, avqust ayında 1 barreli təqribən 45 dollara satılan “Brent” markalı neft hazırda 42 dollardan da aşağı qiymətə təklif edilir. Əksər ekspertlər bu tendensiyanı yaxın zamanlarda baş qaldıracaq iqtisadi böhranın yeni təzahürü kimi qiymətləndirilər. Bəzi analitiklər isə neftin təkrar ucuzlaşmasını koronavirus pandemiyasının yaratdığı şəraitin təsiri ilə əlaqələndirirlər.
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Yenicag.az-a açıqlamasında neftin qiymətindəki einişi və bu tendensiyanın qlobal iqtisadi böhrana yol açacağı haqda irəli sürülən ehtimalları dəyərləndirib.
Ekspertin fikrincə, neftin ucuzlaşmasına təsir edən əsas amil Səudiyyə Ərəbistanının öz maraqlarının təmin olunmasına yönələn siyasətidir:
“Mövcud vəziyyətdə neftin qiymətində 2,6 faiz civarında azalma müşahidə olunur. Bu azalmanın əsas səbəbi Səudiyyə Ərəbistanının aprel ayından başlayaraq, nefti alıcılara endirimlə satmağı bərpa etməsidir.
Halbuki aprel ayına kimi bu cür endirim baş verməmişdi. Yəni Səudiyyə Ərəbistanı artıq neftin hər barrelində Asiyadan olan alıcılara 1,4 dollar, ABŞ-dan olan alıcılara isə 2,5 dollar endirim təklif edir.
Bu vəziyyət bazar üçün çox gözlənilməz oldu. Səudiyyə Ərəbistanı neftin qiymətini ucuzlaşdırmaqla, bazarlardakı əvvəl malik olduğu mövqeyi bərpa etməyə və dünyada neftə tələbatın artmasına çalışır.
Bazar iştirakçıları isə məsələyə fərqli prizmadan yanaşaraq belə düşünürlər ki, neftə tələbatın artması istehsalın genişlənməsi ilə bağlıdır. Neftin qiymətinin ucuzlaşması o deməkdir ki, istehlakçılar nefti həm də yığım məqsədilə alacaqlar.
Bu isə nəticə etibarilə, qiymətlərin ən yaxşı halda indiki səviyyədə qalmasına və ya daha da aşağı düşməsinə səbəb ola bilər. Ona görə də ötən həftədən etibarən, neftin qiymətində ucuzlaşma baş verir”.
Gülşən Şərif