!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyx Qüds günü ilə bağlı konfrans keçirdi – Reportaj

!Reklam – Yazi

“Hər gün yüzlərlə müsəlman qətl edilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir”

 ffddBu gün Qafqaz Müsəlmanları İdarəsində  Beynəlxalq Qüds günü ilə bağlı konfrans keçirildi.  Konfransda Bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadə, Baş müfti Hacı Salman Musayev, İranın Vilayəti Fəqihin Azərbaycandakı nümayəndəsi Seyyid Əli Əkbər Ocaq Nejat, diplomatik korpus nümayəndələri, QMİ Elmi-Dini Şurasının və Qazılar Şurasının üzvləri,dini icma nümayəndələri iştirak edirdilər.

YENİCAG.AZ-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadə açaraq, Qüds günü ilə bağlı məlumat verib.

Allahşükür Paşazadə: “Yeni bir sosial fəlakət – bir-birinə nifrət edən, bir-birinin qanına susayan insanlar cəmiyyəti yaranır”

Müsəlmanların  fəsad törətməməli olduğunu bildirən QMİ sədri qeyd etdi ki, “

Bismillahir-rəhmanir-rəhim!

Xüsusilə bizim də daxil olduğumuz İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir. Qarabağ müharibəsinin, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan bir xalq kimi, biz azərbaycanlılar İraq türkmənlərinin qətliamına, Suriyadakı qardaş qırğınına, terrorçu İŞİD-in hər gün törətdiyi rəzalətlərə və hərbi cinayətlərə laqeyd yanaşa bilmirik. Amma bu gün vəziyyət elədir ki, bir sıra dövlətlərin, o cümlədən, Suriya, İraq, Fələstin, həmçinin terrorun səngimədiyi Əfqanıstan, Pakistan, Liviya, Mali və digər müsəlman ölkələrinin müasir durumunu fəsad və faciələr tarixi adlandırmaq olar. Hər gün yüzlərlə müsəlman qətl edilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, xristian kilsələri, pravoslav və katolik məbədləri bombalanır, yerlə yeksan olur. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində yeni bir sosial fəlakət – bir-birinə nifrət edən, bir-birinin qanına susayan insanlar cəmiyyəti yaranır. Sözdə dünyanın qloballaşdığı, mədəniyyətlərin yaxınlaşdığı, elmin, tibbin, iqtisadiyyatın təkmilləşdiyi bir zamanda yaşayırıq. Amma reallıqda insanlar arasında milli, dini, irqi zəmində nifrət və qarşıdurma sayəsində bəşəriyyət sonu görünməyən uçuruma gedir və təəssüf ki, bu qətliamın dayandırılması, hələ ki, mümkün deyil”.

Şeyxülislam qeyd edib ki, Qüds gününün hər il Ramazanın son cüməsində keçirilməsi təşəbbüsü Ayətullahi-uzma Xomeyniyə aiddir: “Biz onu rəhmətlə yad edirik. Biz İslam dünyasında baş verən savaşlar, qardaş qırğınları və təxribatlarla əlaqədar bu yaxınlarda xüsusi bəyanat vermişik və müqəddəs Ramazan ayı ərzində savaşlara son qoyulması çağırışı etmişik. Bugünkü tədbirimizdə müsəlman ölkələri səfirlərinin iştirakına görə təşəkkür edirik və Qəzza ilə əlaqədar qəbul edəcəyimiz bəyanatın dünya ictimaiyyətinə, bütün dövlətlərə və cəmiyyətlərə ünvanlanmasını istəyirik. Məqsədimiz budur ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər ki, Allah-taalanın bizim üçün yaratdığı bu dünyanı, sülh və əmin-amanlıq üçün bizə əmanət etdiyi bu cahanı hikmət və barışla xilas etməyin zamanı gəlib. Biz əminik ki, Rəbbimizin hidayət yolundan azaraq günahsız insanların qanını axıdanlar, terrora və qətliama haqq qazandıranlar, gec ya tez, mütləq Uca Yaradanımızın və cəmiyyətin qarşısında cavab verəcəklər”.

Naser Əbdül Kərim: “Fələstin peyğəmbərlərin,  Səlahəddin Əyyubinin torpağıdır. Biz sonuna qədər mübarizə aparacağıq”

Daha sonra çıxış üçün söz Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərimə verilib.

“Fələstin qan ağlayır. Amma buna baxmayaraq İsrailə qarşı müqavimət göstərir. Bu günə kimi, 808 nəfər ölüb, 5345  nəfər yaralanıb, 1400 məcburi  köçkün yaranıb. 3100  məscid dağıdılıb. İsrail bütün Fələstin xalqına qarşı müharibə aparır. Hesablamalara görə, bu günə kimi ölənlərin 80 faizini uşaqlar qadınlar və qocalar təşkil edir. Uşaqlar ölənlərin üçdə birini təşkil edir. Qəzza 7 ildir ki, mühasirədədir. Bundan əvvəl isə, Qəzza içməli su, işıq və digər vasitələr olmadığı üçün bir cəhənnəmə çevrilib. Fələstin 1919, 1939-cu il inqilablarının xalqıdır. Azadlıq hərəkatının xalqıdır. Fələstin peyğəmbərlərin,  Səlahəddin Əyyubinin torpağıdır. Biz sonuna qədər mübarizə aparacağıq”.

Səfir çıxışının sonunda qeyd edib ki, “Qəribədir ki, bəzi ölkələr bizə qarşı çıxırlar. Həmin ölkələrə sual olunur ki, ən böyük işğalçılığa məruz qalmış Fələstin haqqında niyə susursunuz? Biz İslam ümmətindən olduğumuza görə qürur duyuruq və islam ümmətindən aldığımız dəstəkdən məmnunuq. Mən prezident İlham Əliyevə, Azərbaycan ictimaiyyətinə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

İraq səfiri:” Bəzi dövlətlər terrorçulara maddi dəstək verirlər”

İraqın Azərbaycandakı səfiri Heydər Əl Barrak isə ölkəsində baş verənləri gündəmə gətirib: “İraq terrorla mübarizə apardığı bir dövrdə bəzi ölkələr orada baş verənləri sünnü-şiə  qarşıdurması kimi qələmə verməyə çalışırlar. Dünən Yunus peyğəmbərin qəbrini və məscidini dağıdıblar. Bu  islam aləminin və dünyanın ən gözəl nümunələrindən biri idi. Bir səhabənin qəbrini dağıdıblar. Hansı ki onun tarixi 1200 il bundan əvvələ gedib çıxır. Bir həftə əvvəl 25 min xristiyanı Mosuldan köçürüblər. Bəhanə ediblər ki, onlar kafirdirlər və cizyə ödəməlidirlər. Bəzi dövlətlər terrorçulara maddi dəstək verirlər və bunu mediada ört basdır etməyə çalışırlar. Onu da qeyd edim ki, Mosul sünni şəhəri olduğu halda İŞID oraya hücum etdi. Çünki onların dərdi qan tökməkdir, şiə-sünni məsələsi onları maraqlandırmır”.

Alpər Coşqun: “Fələstin içimizi yandırmaqdadır”

Türkiyə səfiri Alpər Coşqun isə çıxışında “Fələstin içimizi yandırmaqdadır. Dünya insanlıq naminə Qəzza ilə bağlı mövqeyini ortaya qoymalıdır” söylədi.

“Müsəlman dünyasının qədəri bu olmamalıdır” deyən səfir çıxışının sonunda Qüdsün azad olması üçün islam dünyasının birlikdə addımlaması gərəkdiyini sözlərinə əlavə etdi.

Ocaq Nejat: “Zibil qutusundakı pişik üçün özünü öldürənlər İraqı, Suriyanı, Fələstini görmürlər”

Vilayəti Fəqihin Azərbaycandakı nümayəndəsi, İran Mədəniyyət Mərkəzinin direktoru Seyyid Əli Əkbər Ocaq Nejat çıxışında Fələstinə qarşı səssizliyi tənqid etdi:” Zibil qutusundakı pişik üçün özünü öldürənlər İraqı, Suriyanı, Fələstini görmürlər.  İsrailin baş naziri deyir hər yeri vururuq, hamını öldürürük. Sonra deyir ki, heç kimin bizə sual verməyə haqqı yoxdur. Mən buna nə deyim? Bu qədər özbaşınalığın arxasında nə dayanır? Dünya sussa da, İslam dünyası buna son verməlidir. Dünyaya isə əhəmiyyət verilməməlidir. Çünki pişik üçün şüvən salanları pul və güc maraqlandırır. Əgər biz güclü olarsaq, o zaman bizim haqqı-ədaləti bərqərar etməyimizə dünyadan səs çıxmayacaq”.

QMİ-nin Qüds günü ilə bağlı bəyanatı

 Daha sonra isə Qüds günü ilə bağlı QMİ-nin bəyanatı səsləndirildi.

Bəyanatda deyilir ki, ilahi hikmətə görə, əzəmət sahibi olan peyğəmbərlər yadigarı, Xatəmül-Ənbiya Peyğəmbərimizin (S) Meraca yüksəldiyi Qüdsi-Şərif və ətrafındakı mübarək torpaqlar bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi məkan olaraq qərar verilib: “Lakin bu gün Qüds Qəzza üçün qan ağlayır. Müqəddəs torpaqlarda Uca Yaradanımızın nazil etdiyi dinlərin mənəvi hökmləri, əxlaqi dəyərləri ilə bir araya sığmayan əməllər törədilir. Qəzzada baş verənlər nəinki müsəlmanları, dilindən, irqindən, dinindən asılı olmayaraq, ürəyində Allah rəhmi olan hər bir bəşər övladını dəhşətə gətirir. Dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edən Qəzza faciəsi heç kimsəni biganə qoya bilməz”.

“Qarabağ müharibəsinin, Xocalı soyqırımının ağrısını yaşamış biz azərbaycanlılar Qəzza əhalisinə qarşı aqressiv əməlləri hiddətləqarşılayır, bütün beynəlxalq ictimaiyyəti dünyamızın əmin-amanlığı və sabitliyinin qorunub saxlanılması, məzhəblər, dinlərarası qarşıdurmanın qarşısının alınması naminə Yaxın Şərqdə baş verən faciələrə son qoymağa çağırırıq. Hesab edirik ki, Qəzzada, İraqda, Suriyada və digər qaynar nöqtələrdə faciələr dayandırılmalıdır. İslam adından sui-istifadə edilərək törədilən, lakin İslama heç bir aidiyyəti olmayan qanlı olaylar – qondarma İŞİD-in Suriya və İraqda həyata keçirdiyi hərbi cinayətlər, müsəlmanların, xristianların qətlə yetirilməsi, məzhəb ayrı-seçkiliyinin qızışdırılması, türkmanlara qarşı etnik təmizləmə siyasətinin yeridilməsi bütün bəşəriyyətə qarşı cinayətdir. Halbuki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı ən böyük günah kimi dəyərləndirir.QMİ son dövrlərdə Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr – qardaş qırğınları və təxribatlarla bağlı birmənalı şəkildə bəyan edir ki, heç bir ideoloji hədəf və ya siyasi ambisiya dinc əhalinin qırğınına, nahaq qanların tökülməsinə, yaşayış yerlərinin, müqəddəs ziyarətgahların dağıdılmasına haqq qazandıra bilməz. Dünya mədəniyyətinin nadir sənət inciləri, tarixi-dini abidələr, məscidlər və kilsələr bombalanır, müqəddəs məkanlar yerlə yeksan edilir. Bu, böyük qarşıdurmaya gətirib çıxarar, yeni qisas və faciələrin əsasını qoya bilər” –  bəyanatda vurğulanıb.

Bəyanatda həmçinin Qəzzada baş verən qanlı hadisələrə toxunulub: “Hər gün yüzlərlə müsəlman qətlə yetirilir, uşaqlar yetim qalır, qocalara, qadınlara belə mərhəmət göstərilmir. Bu müsibətlərin sona yetməsi üçün Qəzzada döyüşlərin dərhal dayandırılmasını, getdikcə daha çox sayda insanın həyatını məhv edən terror hadisələrinə, İsrail hərbi qüvvələri, sionistlər və onları dəstəkləyənlər tərəfindən həyata keçirilən qətllərə son qoyulmasını, böyük tarixi və dini önəm kəsb edən bu torpaqlarda sülh və əmniyyətin bərqərar olması üçün dövlətlərin, beynəlxalq və ictimai təşkilatların səylərinin birləşdirilməsini qətiyyətlə tələb edirik. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin…” (əl-Əraf, 56). Günahsız insan qanını axıdanlar, onlara havadarlıq edənlər, terrora haqq qazandıranlar, gec və ya tez, mütləq Yaradan və cəmiyyət qarşısında cavab verəcəklər, inşallah!”Konfrans rövziyyəxanların ilahiləri ilə yekunlaşdı.

Mərasimin sonunda Şeyxülislamın adından iftar süfrəsi açılıb.

 Aqil / Yenicag.az

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv