Şeyxdən TOY EDƏNLƏRƏ İRAD: “Pulu yığa bilmir, borc da qalır belində”

“Pulun var, toyunu elə, yoxdursa, borca-xərcə girib toy eləmə. Bu gün Azərbaycanda 90 faiz insanlar kredit, borc götürüb toy edir. Düşünür ki, pulunu yığıb, borcunu ödəyəcək. Pulu da yığa bilmir, borc qalır belində”.

Bunu Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyli Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti bunu sosial faciə adlandırıb:

“Toy edən məcbur olub çeşid-çeşid yeməklər verir. Çünki bilir, bunu etməsə, sabah-birigün toya pul salanlar gedib orada-burada danışacaq ki, gördün filankəsin stolunun üstü boş idi, ac qayıtdıq toydan. Buna görə məcbur olub bahalı menyu sifariş edir. Bu toya gələn də toy sahibindən beşbetər imkansızdır. Yazıq borc-xərc edib toya gəlir, çünki getməsə, üz-üzdən utanacaq. Adama deyərlər, bu toyu cibinə uyğun elə, birdən heç o pulu yığa bilmədin. İmkanın yoxdur, 50 nəfərlik toy elə. Vacibdir milləti yığırsan ora. Sonra da başlanır evdə kasıbçılığa görə söz-söhbət düşməyə. Ev yox, dolanışıq yox, gənc ailə də başlayır toy üçün götürdüyü borcu ödəməyə. Aclıq gələndə də məhəbbət pəncərədən qaçır. Bir il çəkmir, boşanırlar. Bu, sosial faciədir”.

Cəvahir