Sığorta deyil, “səbr” imtahanı – Müştərisini süründürən şirkətlər TƏNƏZZÜLDƏ – Rəqəmlər danışır
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda sığorta bazarı ümumilikdə artım nümayiş etdirsə də, ayrı-ayrı sığorta şirkətlərinin maliyyə göstəriciləri bu müsbət dinamikanın hamı üçün keçərli olmadığını ortaya qoyur. Rəsmi rəqəmlərə görə, sığorta şirkətlərinin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 143 milyon manat və ya 11,71 faiz artıb. Lakin bu artım fonunda bir sıra sığorta şirkətlərində yığımların azalması bazarda ciddi struktur problemlərinin mövcudluğunu göstərir.
Rəqəmlərdən görünür ki, azalma yaşayan şirkətlər arasında “Atəşgah Sığorta” ASC də var. Şirkətin 2024-cü ildə 59 milyon 130 min manat olan yığımları 2025-ci ildə 56 milyon 975 min manata düşüb. Nəticədə 2 milyon 155 min manatlıq və ya 3,64 faiz azalma qeydə alınıb. Bu geriləmə təsadüfi deyil. Son illər “Atəşgah Sığorta” ilə bağlı müştərilərin əsas narazılığı sığorta hadisələri üzrə ödənişlərin gecikdirilməsi, zərərin tam qarşılanmaması və avtomobil sığortasında məbləğlərin müxtəlif əsaslarla azaldılması ilə bağlı olub. Bu cür hallar şirkətə olan etimadı zəiflədib və müştəri itkisinə səbəb olub.
Eyni mənzərə “AzSığorta” ASC-də də müşahidə olunur. Şirkətin yığımları bir il ərzində 8 milyon 347 min manatdan 7 milyon 601 min manata enib. Bu isə 746 min manat və ya 8,93 faiz azalma deməkdir. Nisbətən kiçik portfelə malik olan şirkət üçün bu göstərici olduqca ciddidir. “AzSığorta” ilə bağlı şikayətlər əsasən müqavilə şərtlərinin müştərilərə aydın izah edilməməsi, sığorta hadisəsi zamanı əlavə sənədlərlə prosesin süni şəkildə uzadılması və çağrı mərkəzlərinin effektiv işləməməsi üzərində cəmlənib. Bu isə müştərilərin alternativ şirkətlərə yönəlməsinə səbəb olub.
Faiz baxımından ən ciddi azalma “İpək Yolu Sığorta” ASC-də qeydə alınıb. Şirkətin yığımları 2024-cü ildə 6 milyon 90 min manat olduğu halda, 2025-ci ildə 5 milyon 436 min manata düşüb. 654 min manatlıq azalma 10,73 faizlik geriləmə deməkdir ki, bu da artıq sistemli problemə işarə edir. Müştərilərin şikayətlərində əsasən zərər aktlarının uzun müddət təsdiqlənməməsi, ödənişdən yayınma cəhdləri, eləcə də kasko və əmlak sığortası üzrə yaranan mübahisələr ön plana çıxır. Bu hallar şirkətin bazardakı mövqeyinə ciddi zərbə vurub.
“Meqa Sığorta” ASC-də də azalma həm məbləğ, həm də faiz baxımından diqqət çəkir. Şirkətin yığımları 32 milyon 397 min manatdan 30 milyon 38 min manata enib. Nəticədə 2 milyon 359 min manat və ya 7,28 faiz azalma qeydə alınıb. Müştəri narazılıqları əsasən sığorta ödənişlərinin hissə-hissə verilməsi, bəzi hadisələrin “istisna hal” kimi qiymətləndirilməsi və müştəri ilə ünsiyyətin zəif qurulması ilə bağlıdır. Bu yanaşma şirkətin etibarlılığına xələl gətirib.
Nisbətən böyük portfelə malik olan “Qala Sığorta” ASC-də azalma faizi aşağı olsa da, yenə də bazar üçün siqnal xarakteri daşıyır. Şirkətin yığımları 72 milyon 998 min manatdan 71 milyon 129 min manata düşüb. 1 milyon 869 min manat və ya 2,62 faiz azalma müştəri məmnuniyyəti ilə bağlı problemlərin bu şirkətdən də yan keçmədiyini göstərir. Şikayətlər əsasən ödənişlərin gecikdirilməsi, zərərin bazar dəyərindən aşağı hesablanması və mübahisəli hallarda müştərinın uzun müddət cavabsız qalması ilə bağlıdır.
Ümumilikdə ortaya çıxan mənzərə onu göstərir ki, sığorta bazarında problem təkcə maliyyə göstəriciləri ilə məhdudlaşmır. Əsas məsələ etimad və müştəri məmnuniyyətidir. Müştəri sığortanı riskdən qorunmaq üçün alır, lakin zərər anında qarşısında maneələr və bürokratik əngəllər görürsə, növbəti mərhələdə həmin şirkətlə əməkdaşlıqdan imtina edir. Azalan yığımlar açıq şəkildə göstərir ki, yarıtmaz xidmət, gecikən ödənişlər və güvənsizlik artıq birbaşa bazar payının itirilməsi ilə nəticələnir. Sığorta sektorunda qalıcı olmaq üçün şirkətlər yalnız haqq toplamağı deyil, üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və şəffaf şəkildə yerinə yetirməyi əsas prinsipə çevirməlidir.
Yazıda adı keçən şirkətlərin mövqeyini yayınlaya bilərik.
Camal Cavanşir












