“Konkret 100 min manat əmanət sığorta edilibsə, bu məbləğin geri qaytarılmasında problem yoxdur”.
Bu sözləri banklarda sığortalanan əmanətlərin limiti və əmanətlərin ger qaytarılmasına münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, bu sahədə əsas problem yaradan məqamlar sığortalanmayan əmanətlərdir ki, bu da insanlar arasında narahatlıqlara səbəb olur:
“Bu mövzu əlbəttə ki, ciddi məsələdir. Çünki son zamanlar Azərbaycanda bir sıra bankların bağlanmasını müşahidə edirik. Bağlanan banklarda da sığorta olunan əmanətlərlə birgə sığortalanmayanlar da kifayət qədər çoxdur. Buraya həm hüquqi, həm də fiziki şəxslərin əmanətləri daxildir. Bu əmanətlərin qaytarılması böyük bir problem yaradır.
Bu gün də bu tipli problemlərin fəsadlarını görürük. Bu yaxınlarda Milli Məclisdə “BanKlar haqqında” Qanunu müzakirə etdik. Mərkəzi Bankın rəhbərliyi faktiki olaraq bu sistemdə böyük dəyişikliklər həyata keçirdi. Maliyyə palatasının ləğv edilməsi və onun bütün səlahiyyətlərinin Mərkəzi Banka verilməsi qərara alındı.
Hesab edirəm ki, önəmli məsələlərdən biridir. Çünki əmanətlərin qaytarılması zamanı problemlər yaşanır. İnsanlar arasında bununla bağlı kifayət qədər narahatlıqlar var.
Konkret 100 min manat əmanət sığorta edilibsə, bu məbləğin geri qaytarılmasında problem yoxdur. Əvvəllər bu məbləğ 100 mindən də aşağı miqdarda idi. Bir yandan bu kiyafət qədər kiçik məbləğ deyil. Lakin əsas sual doğuran məsələ sığorta edilməyən məbləğlərdir. Elə problemə çevrilən mövzu da də sığorta edilməyən vəsaitlərdir. Mən hər zaman bunu qeyd etmişəm ki, gəlin bankları bağlamayaq, onları birləşdirək. Bu da insanlar üçün böyük problemlər yaratmasın”.
Yusif Səmədzadə
www.yenicag.az