SOCAR-da fasiləsiz təkmilləşdirmə sistemi tətbiq edilir.
Yeniçağ.Az xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən AzərTACa bildirilib.
Qeyd olunub ki, şirkətdə qənaətcil istehsala əsaslanan və şirkətin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı ideyaların verilməsi üzrə mütəşəkkil prosesi (iqtisadi səmərənin əldə edilməsi, əmək təhlükəsizliyi səviyyəsinin artırılması, ekoloji effektivlik və sair) əhatə edən fasiləsiz təkmilləşdirmə sisteminin tətbiqi sürətlənib. Bu məqsədlə “Ernst&Young” məsləhət şirkətinin əməkdaşlarının iştirakı ilə yeni prosesin əməliyyat modeli və reqlamenti hazırlanıb. Vəzifəsindən asılı olmayaraq SOCAR-ın bütün əməkdaşları bu prosesdə iştirak edə bilərlər.
SOCAR-ın prezidentinin əmrinə əsasən, aprelin 3-dən fasiləsiz təkmilləşdirmə sistemi “Azneft”, “Azəriqaz”, “Azərikimya” İstehsalat birlikləri, Geofizika və Geologiya İdarəsi, Neft Kəmərləri İdarəsi, Qaz İxrac İdarəsi, Kompleks Qazma İşləri Tresti, “Neftqaztikinti” Tresti, Heydər Əliyev adına neft emalı zavodu və qaz emalı zavodunda tətbiq olunur. İrəli sürülən ideyaların təhlili məqsədilə 11 müəssisədə işçi və ekspert qrupları yaradılıb. Texniki Şura tərəfindən qəbul olunacaq ideyaların müəllifləri əldə ediləcək faktiki iqtisadi səmərəyə müvafiq olaraq mükafatlandırılacaqlar.
2016-cı ilin dekabrında şirkətin Nəqliyyat Departamentində fasiləsiz təkmilləşdirmə sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb, müəssisənin əməkdaşları prosesə yüksək maraq göstəriblər. İki həftə ərzində 12 təklif verilib. Bu təkliflərdən 3-ü ekspert qrupunun müzakirəsinə çıxarılıb, bir təklif isə Texniki Şuranın qərarı ilə həyata keçirilib.
Nəqliyyat Departamentinin ən çox xərc tələb edən sahələrindən olan avtomobil şinləri üzrə məsrəflərin azaldılmasına yönəlmiş bu təklifin müəllifləri – texniki şöbənin əməkdaşları Vüqar Səfərov və Toğrul Allahverdiyev mükafatlandırılıb.
Yeniçağ.Az
www.yenicag.az