SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrində LPG (maye qaz) fərqli qiymətə təqdim olunur.
Yenicag.az-ın məlumatına görə, şirkətin Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsində propan qazının qiyməti 40 qəpikdirsə, SOCAR-ın hava limanı yolu üzərində yerləşən YDM-də maye qaz müştərilərə 45 qəpiyə təklif olunur. Bu, lentə aldığımız fotolarda da öz əksini tapır.
Məsələ ilə bağlı sorğu ilə müraciət etdiyimiz SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib ki, bu, texniki problemdir. Ümumiyyətlə, Nobel prospektində yerləşən YDM-də LPG satışı həyata keçirilmir:
“LPG qiyməti bütün YDM-lərdə eynidir. Nobel prospektində yerləşən YDM-də isə LPG satışı ümumiyyətlə həyata keçirilmir. Həmin YDM-də görünən LPG qiymət göstəricisi texniki problem ucbatından hələ silinməyib və yaxın zamanda silinəcək”.
Qeyd edək ki, LPG qazının qiyməti cari ilin sentyabrında 40 qəpikdə 45 qəpiyə yüksəlib. Görünür, iki ay keçməsinə baxmayaraq, SOCAR kiçik problemi aradan qaldırmaqda çətinlik çəkir.
Emin Səfərov