Jalə Əliyeva: "Prezidentin mesajları Azərbaycanın sarsılmaz iradəsinin növbəti təsdiqidir"
“Bu müsahibə həm həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini, həm də ölkə və dünya ictimaiyyətinə aydın, dolğun şəkildə çatdırılan mesajların məcmusu kimi böyük əhəmiyyət daşıyır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. O, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar barədə fikirlərini bölüşüb.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf, regional təhlükəsizlik və postmünaqişə dövründə həyata keçirilən işlər barədə geniş fikirlər səsləndirib:
“Dövlət başçısı müsahibəsində qeyd etdi ki, son illər ərzində həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sosial layihələrin icrası əsas prioritetlər kimi vurğulanıb. Prezident bildirib ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır.
Müsahibədə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev qeyd etdi ki, bu ərazilərdə müasir infrastrukturun qurulması, ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ layihələrinin icrası planlı şəkildə davam etdirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı əsas məqsədlərdən biri kimi təqdim olunub.
Xarici siyasət məsələlərinə toxunan dövlət başçısı Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasət apardığını vurğuladı. Regional əməkdaşlıq, beynəlxalq təşkilatlarla münasibətlər və sülhün möhkəmləndirilməsi məsələləri müsahibənin əsas mövzuları sırasında idi.
Prezident İlham Əliyev, eyni zamanda, media nümayəndələrinin suallarını cavablandıraraq cəmiyyət üçün aktual olan məsələlərə aydınlıq gətirib və gələcək dövrdə qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısının 2026-cı ildə verdiyi ilk müsahibə də, hər zaman olduğu kimi, Azərbaycanın qəti mövqeyinin, sarsılmaz iradəsinin, iqtisadi gücünün və uğurlu diplomatiyasının növbəti təsdiqi idi. Bu müsahibə həm də həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini həm ölkə, həm də dünya ictimaiyyətinə aydın və dolğun şəkildə çatdıran mesajların məcmusu kimi böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












