Bütün dünyada peyvəndlərin yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldıran vasitə olduğu fikri hakimdir.
İmmunoprofilaktika – yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı və sanitariya-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə immunoprofilaktika tədbirlərinin görülməsi, peyvəndlər vurulmasının tarixi bir neçə əsr əvvələ gedib çıxır. Dünyada ilk peyvənd 18-ci əsrin sonlarında – 1796-cı il mayın 14-də tətbiq olunub. İngilis həkim Edvard Cenner (Edward Anthony Jenner) tərəfindən çiçək əleyhinə vaksin hazırlanıb. O, ilk dəfə 8 yaşlı Ceyms Fipps (James Phipps) üzərində sınaq aparıb. Çiçəyə yoluxan inəyin süd vəzisinin qovuqcuğundan maye götürən həkim onu oğlanın əlinə, dəri altına yeridib. Peyvənddən bir neçə gün sonra oğlanda yüngül qızdırma və baş ağrısı müşahidə olunub. Uşaqda sonradan xarakterik çiçək yarası, heç bir xəstəlik əlaməti müşahidə edilməyib.
Bununla da ingilis həkim vaksin yaradıcısı kimi tarixə düşüb. Bundan sonra Londonda çiçək peyvəndi məntəqələri açılıb. E. Cennerə Londonun fəxri vətəndaşı adı verilib, bu üsuldan digər ölkələr də yararlanmağa başlayıb.
Sonralar dəhşətli epidemiyaların qarşısı peyvəndləmə ilə alınmağa başlayıb. İki əsr sonra, 20-ci əsrin sonlarına yaxın çiçək xəstəliyinin peyvənd nəticəsində tamamilə aradan qalxıb, 1978-ci ildən xəstəliyə qarşı immunlaşdırma prosesi dayandırılıb.
Hazırda dünyanın 180 ölkəsində immunlaşdırma proqramı həyata keçirilir.
Vaksinasiya proqramı Ümumdünya Səhiyyə Təşkilatının rəyi, nəzarəti altında icra olunur.
Azərbaycanda peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir, Milli peyvənd təqviminə əsasən aparılır. Milli peyvənd təqvimi profilaktiki peyvəndlərin aparılması müddətini və ardıcıllığını təyin edir.
Ölkəyə 9 adda vaksin gətirilir. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur.
Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunobioloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkədə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və təhlükəsiz hesab olunur.
Peyvəndləmə aparılması nəticəsində respublikada poliomielit xəstəliyi ləğv edilib, difteriya, tetanus, göy öskürək, məxmərək xəstəlikləri azalıb, demək olar yox dərəcəsinə enib.
Hazırda Azərbaycanda Hepatit B, vərəm, difteriya, göy öskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvəndlər aparılır.
Profilaktiki peyvəndlər peyvənd kabineti olan uşaq poliklinikalarında, eləcə də özəl klinikalarda həyata keçirilir.
Peyvəndləmənin təqvimə uyğun vaxtında aparılması vacib sayılır.
Hepatit B əleyhinə vaksin yeni doğulmuşlara, doğuşdan sonra 12 saat ərzində vurulmalıdır. Yeni doğulmuşlara 4-7 günlüyündə vərəm əleyhinə peyvənd edilməli və poliomielitə qarşı OPV vaksini verilməlidir. Daha sonra uşaqlar difteriya, göy öskürək, tetanus, Hib infeksiyası və hepatit B-yə qarşı beşkomponentli vaksini 1 yaşına qədər 3 dəfə (təqvimə uyğun – 2 aylıqda, 3 aylıqda, 4 aylıqda) və eyni günlərdə poliomielit əleyhinə OPV vaksini ilə peyvənd olunmalıdırlar. 12 aylıqda uşaqlar – qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə vaksinasiya edilməlidir. 2 yaşına qədər müddətdə (təqvimə uyğun 18 aylıqda) uşaqlar difteriya, göy öskürək, tetanus əleyhinə GDT vaksini ilə və eyni gündə poliomielit əleyhinə OPV vaksini ilə 1 dəfə revaksinasiya olunmalıdırlar. 6 yaşda uşaqların qızılca, parotit, məxmərəyə qarşı kombinə olunmuş QPM vaksini ilə və difteriya, tetanus xəstəliklərinə qarşı DT vaksini ilə revaksinasiya olunması nəzərdə tutulur.
Bir sıra halda müəyyən qrup xəstə uşaqlara yalnız sağaldıqdan sonra peyvənd vurulur. Bu uşaqların yalnız pediatr müayinəsindən keçəndən sonra peyvənd olunmasına icazə verilir./Milli.az/
www.yenicag.az