Yuxuda kişilərlə münasibətə girib iblis doğan LİLİT: Adəmövladına qənim kəsilən "qaranlıqlar kraliçası" - ARAŞDIRMA
Əvvəlki yazıda Lilitlə bağlı əfsanə haqqında bəhs edərkən süjeti vahidlik pozulmasın deyə yarıda kəsməyi uyğun görmüşdük. Bu süjet Allahın mələkləri Lilitin arxası ilə göndərdiyi sırada Lilitin cinlərlə cinsi münasibətə girib onlardan uşaq sahibi olmasıdır.
Yenicag.az xəbər verir ki, Allah mələklər vasitəsilə Lilitə cənnətə dönmədiyi hər gün üçün övladlarının öldürüləcəyini bildirir. Lilit isə qarşılığında öldürülən hər övladı üçün insanoğlu uşaqlarına qənim kəsiləcəyini və kişiləri başdan çıxaracağını deyir. Buradan isə Lilitin türk mifologiyasında əfsanələşmiş obraz olan Hal anası ilə eyniləşdirilməsi baş verir. Yəhudilər arasında yayılmış inanca görə, Lilitin bu iki əməli, yəni uşaqlara qənim kəsilib kişiləri başdan çıxarmağa and içməsi təhlükəli vəziyyət almışdır. Belə ki, saf yəhudi inancı daşıyanlar heç vaxt körpələrini otaqda tək buraxmaz, kişilər evdə yalnız qalmaqdan çəkinərlər. Yəhudi qadınlar Lilitin kişilərilə cinsi münasibətdə olub onlardan uşaq doğacağı düşüncəsindədirlər. Bununla bağlı yəhudi mistik təlimi olan Kabbalada bir çox motiv yer alır.
Əfsanəyə görə, Qabil Habili öldürdükdən sonra Adəm Həvva ilə 130 il cinsi münasibətə girmir və bunu duyan Lilit və başqa bir iblis qadın Adəmlə yuxuda ikən birlikdə olaraq ondan uşaq dünyaya gətirirlər. Adəmlə başlanan bu proses Lilitin başqa kişilərlə də yuxuda ikən seks yaşayıb sperma oğurlayaraq iblis dünyaya gətirməsi şəklində davam etmişdir.
İslam təfsirlərində zina ilə bağlı keçən mətnlərdə kişilərin gecə yatarkən cünub olma halları Allahın onların zinadan yayındırması üçün lütfü olduğu qeyd edilir. Prosesə gerçək cinsi münasibət təcrübəsi yaşatmaqla bərabər, bu hal yəhudi mifologiyasına Lilitin “mərifətləri” olaraq keçmişdir. Türk mifoloji düşüncəsində isə bu, hal anası ilə əlaqələndirilir.
Dünyanın müxətif mədəniyyətlərində rast gəlinən sözügedən motiv hətta ibtidai qəbilələrdə belə qalmaqdadır. Tədqiqatçı Maykl Harner “Şamanın yolu” kitabında Ekvadorda bir qəbilədə şamanlığı təcrübədən keçirdiyi haqqında məlumat verərək xüsusi hazırlanmış “ayahuska” adlı içkinin təsiri ilə dərin yuxuya getdiyini və yuxuda əcaib varlıqların onu izlədiyi haqqında məlumat verərək sövqtəbii bir mağaraya doğru yol aldığını və həmin mağarada əcaib qadınla cinsi əlaqəyə girdiyini anlatmaqdadır. M.Harner bu əlaqənin gerçəkdən heç nə ilə fərqlənmədiyini bildirərək şaman tərəfindən onun “ulu ana” adlandırıldığı bilgisini paylaşır. Göründüyü kimi, Lilitlə bağlaşdırılan “yuxuda seks” və “ələkeçirmə” motivinə hətta uzaq ibtidai Ekvador qəbilələrində də rast gəlinir.
İstər mifoloji mətnlərə, istərsə də əfsanələrə baxdıqda burada yer alan qadın obrazlarının xor görülməsi, aşağılanması, şeytaniləşdirilməsi süjetinə rastlayırıq. Bu da, əlbəttə, toplumun patriarxal mövqeyindən qaynaqlanmaqdadır. Bu səbəbdən inanışlarda Lilit Adəm ilə eyni statustda olduğunu isbatlamaq üçün cənnəti tərk edir, müasir dillə desək, haqqı olanı ala bilmədiyi üçün ora geri dönmür. Lilitin bu tərsliyi səbəbindən tarix boyu həmin obrazın üzərinə mənfiliklər yüklənmişdir. Hətta təkcə yəhudi deyil, örnək verdiyimiz başqa mədəniyyətlərdə də onun prototipləri yaradılmış, “pis qadın”, “əxlaqsız qadın”, “dişi şeytan” kimi damğaların üzərinə yapışmasına səbəb olmuşdur. Elə yunan mifologiyasında dünyaya bütün pislikləri, xəstəlikləri yayan da qadın olan Pandora idi. Yaradılış motivlərində olduğu kimi, Pandora da açmamalı olduğu (“yeməməli olduğu meyvə”) qutunu açır və mifoloji tarixə “pisliklərin anası” kimi keçir. Dinlərə baxdığımız zaman da qadına qarşı eyni münasibəti görməkdəyik. Dinlər də patriarxal düşüncənin məhsulu olma özəlliyini daşıyır.
Lilitlə Hal anasının eyniləşdirilməsi məsələsinə gəlməmişdən qabaq müxtəlif mifologiyalarda Lilit obrazının fərqli versiyalarına nəzər salmaqda fayda var.
Yunan əfsanələrində uşaqlarla bağlı süjetlərdə Lamia obrazının adı keçməkdədir. Lamia Poseydon ilə Libyenin qızıdır. Zevslə birlikdə olan Lamia onun arvadı Hera tərəfindən lənətlənir və “gözəllər gözəli” olaraq təşbehləndirilən Lamia şeytani varlığa dönür. Lamianın Lilit kimi uşaqlarla bağlılığı isə övladlaırnın Hera tərəfindən öldürülməsindən sonra başlanır. Necə ki tanrı Lilitə geri dönmədiyi hər gün üçün uşaqlarının öldürüləcəyini bildirdikdən sonra Lilit adəmövladlarına qənim kəsiləcəyinə and içir, eləcə də Lamia Hera tərəfindən uşaqları öldürüldükdən sonra dəli olub mağaraya sığınır və orada gecə qaçırdığı uşaqları yeyir. Yuxu problemi yaşayan Lamia qaçırdığı uşaqların qanını içərək vampir statusu da əldə edir. Hətta yunan anaların uşaqlarını nadinclik etməmələri üçün Lamianın gələcəyi ilə qorxutduqları da qaynaqlarda keçir.
Əfsanənin başqa versiyasında isə Zevsə aşiq olan Lamia Hera tərəfindən dəli edilir və o, birinci, öz uşaqlarını yeyir, daha sonra başqa körpələri də yeyən varlıq kimi mifik düşüncədə yer edir. Lamia çox vaxt normal insan görünüşündə təsvir olunsa da, bəzən qadın başlı, eşşək ayaqlı varlıq kimi portreti çəkilir. Eynilə Lilit də bəzi Talmud mətnlərində quş qanadları olan insan sifətli biri kimi təsvir edilməkdədir. Bu süjetlərdə Hera Tanrıdan, yəni Zevsdən qisas alma gücünü özündə tapmadığı üçün bu hissi qadın, həmcinsi olan Lamianın üzərinə yönəltmişdir. Həmçinin Lamia da intiqam almaq üçün digər uşaqları yeyərkən yenə onların anaları olan qadınları cəzalandırmış olur. Əfsanə mətnindən də Lamianın məhz Heradan intiqam almaq üçün başqa uşaqları yediyi anlaşılır. Lilit də insanoğlundan intiqam almaq üçün uşaqları və kişiləri hədəf seçir, yenə dolaylı yolla qadınlara zərər vermiş olur. Əvvəldə bildirdiyimiz Lilit-ilan eyniləşdirməsində Adəmi Həvvadan qısqanan Lilitin ilan qılığına girərək rəqibini yoldan çıxardığını vurğulamışdıq. Burada da qadının qadından intiqam motivi vardır.
Uşaq qatili olaraq əfsanələşmiş başqa obraz da Medeadır. Yunan əfsanələrinə görə, İason (və ya Ceyson) İolkos kralının oğludur. Əmisi atasını öldürüb taxta keçir, anası isə onu öldürülməməsi üçün başqa məmləkətə aparır. Böyüdükdən sorna əmisi ilə üzləşən İason taxta iddia irəli sürür. Əmisi isə taxtı ona vermək üçün Kolçisdən qızıl post istəyir və o, bunun üçün yola çıxır. Medea da məhz Kolçisdə ortaya çıxır. O, kral Aietesin qızıdır. Medea İasonu gördükdə aşiq olur. Medea həm təbib, həm də cadugərdir. Medea ilə birlikdə əmisinin istəyini yerinə yetirən İason Yunanıstan ageri qayıtdıqda Pelias veridyi sözü yerinə yetirmir. Yenə İason Medeanın köməyi ilə əmisini öldürüb taxta keçir. Lakin bir müddət sonra kralı öldürdükləri üçün sürgün edilirlər. Korinfə sürgün edildiklərində İason burada başqa bir qadına aşiq olur və bunu Medeaya öyləyir. Medea isə yeni gəlinə zəhərli gəlinlik hədiyyə edərək onu və atasını öldürür. Medea bu səbəbdən yenə sürgün edilir. O, övladlarnı qorumaq üçün Heraya əmanət etsə də, karalarını öldürdüyü üçün təbəə ondan intiqam alma hisis ilə uşaqlarını öldürür. Əfsanələrdə Medeanın qəddarlaşması, uşaq qatilinə çevrilməsi, bir növ lilitləşməsi, Lilit kimi uşaq qatili qad;n obrazının yaradılması bu hadisə ilə əlaqələndirilir. Lakin əfsanənən başqa-başqa versiyalarında Medea müsbət obraz olaraq ələ alınmışdır. Onun yaddaşlarda uşaq qatili kimi qalmasında isə Evripidin eyniadlı əfsanə əsasında yazdığı mətnin rolu böyük qiymətləndirilir.
Lilitin qadın olaraq fərqli təsvir edildiyi digər bir motiv də kəldanilərdə mövcuddur. Onlar Liliti şeytan adlandırırlar və onun misal gətirdiyimiz digər nümunələrdə də olduğu kimi, gecə hərəkət edən və heyvan, insan formasına bürünən pəri kimi təsvir edirlər.












