Hərbidən qaçış.
Bu ifadə fərarilik kimi bilinir. Ancaq bəzi qaçışlar var ki, onun əhəmiyyəti, mahiyyəti tamam fərqli olur. Sovet ordusundan qaçıb, Qarabağda döyüşməyə gəlmək hər halda fərarilik deyildi, bir ürək tələb edirdi.
Bu cür qaçışla bağlı ötən yazımızda geniş söz açmışdıq.
Yenicag.az-ın bu dəfəki müsahibi qaçışın təşkilatçılarından biri olan Mirzəyev Ceyhundur.
Mirzəyev Ceyhun Aslanşah oğlu 1972-ci il iyunun 2-də Siyəzən rayonunda anadan olub. O, Bakı Kommersiya Texnikumunda təhsil alıb.
Ceyhun Mirzəyevin hərbi ximəti və qaçışların təşkili məsələsinə keçməzdən əvvəl bildirək ki, o, 20 yanvar hadisələrinin şahidi olub.
20 yanvar hadisəsi ilə bağlı xatirələr
– Tələbə yoldaşımla evdə oturmuşduq. Səs-küy başlayanda bayıra çıxdıq. Keçmiş Lenin, indiki Azadlıq prospekti, Nəsimi rayon polis şöbəsinin qabağına çıxdıq. Orada atışma başladı. Bizim də başımızın üstündən güllə atdılar. Gözümün şahidi oldum, köhnə təcili tibbi yardım maşınının qapısının arasından qan süzülə-süzülə gedirdi. O vaxt kinolarda görürdük, kiminsə əlin divara dirəyib, üstünü axtarsınlar. Bizim də əlimizi divara söykəyib üstümüzü yaxladılar. İnsanları elə görəndə kinolarda olanları xatırlayırdıq. Hadisənin səhərisi günü Bakıda hərəkət edərkən xoşlarına gələməyən nə isə olanda adamın üzərinə hücum çəkirdilər. Bir nəfər iki maşının arasından keçəndə əlin iki maşının da üzərinə qoyub tullanmaq istədi, elə bildilər, əsgərlərə hücum edir, onun başının üstündən güllə atdılar. Bu hadisə Nəsimi rayon polis idarəsindən təxminən 100 metr aşağıda oldu. Hadisələrin səhərisi gün Siyəzənə gedirdim, indiki Saray postunu keçəndən sonra içərisində 4 nəfər olan maşının üzərindən tank keçdiyini də gördüm. Orada xatirə lövhəsi qoyublar. Təsəvvür edin, bu hadisələri görən 18 yaşlı uşaq sovetlərə necə nifrət etməyə bilərdi?
Hərbi xidmət və orada baş verənlər
– 20 yanvar hadisələrindən sonra mart ayında hərbi xidmətə çağırış oldu. İyun ayının 30-da hərbi xidmətə yola düşdüm. Moskva ətrafındakı Kolomna şəhərində yerləşən hərbi hissəyə düşdük. Həmin hərbi hissə tədris mərkəzi kimi fəaliyyət göstərirdi və gənc əsgərlərin andiçməyə qədər hazırlıq prosesini keçirirdi. Orada rus zabitlərinin bizə qarşı nifrətini dərhal hiss etdik. İyul ayının 9-u idi. Sıra ilə yeməyə gedən zaman zabitlərdən biri arxadan ayağıma təpik vurdu. Dözmədim, mən də onu vurdum. Orada qarışıqlıq düşdü, məsələnin böyüməsinə icazə vermədilər. Hiss edirdim ki, onlar məndən heyif çıxacaqlar. Bizim bölükdə 30 nəfər azərbaycanlı var idi. Uşaqlara xəbərdarlıq etdim ki, gecə ayıq olsunlar, dava düşərsə, mənə kömək etsinlər. Gecə həmin zabit məni yuxudan oyatdı. Məni vuranda qışqırdım ki, millət, kömək edin. Bütün azərbaycanlılar ayağa durdu. Böyük bir dava düşdü. Vuruşa-vuruşa hərbi hissənin həyətinə çıxdıq. Hərbi hissədə nə qədər zabit üstümüzə töküldü. Yanğın söndürən maşınlar çağırdılar, bizi qarşı təzyiqli sudan istifadə etdilər. Hadisə ayın 9-u gecə vaxtı oldu. Ayın 11-i səhər tezdən tələm-tələsik bizə andiçmə keçirdilər. Əslində 1 ay orada karantində qalmalı idik. Bizi aparmaq üçün bir zabit, bir də çavuş gəlmişdi. Bizi yük maşınına mindirdilər. Hərbi hissənin içərisində maşını ora-bura sürdülər, maşında bizi incitdilər. Maşını saxlatdıq, düşüb sürücü və çavuşla dava etdik, onları döydük. Sonra bizi gətirdilər Naginsk şəhərində yerləşən 31 508 saylı hərbi hissəyə. Hərbi hissədə maşından düşən kimi məni və güzdəkdən olan bir əsgər yoldaşımı davanın fəal iştirakçıları kimi ayırdılar. Bizi qərargaha apardılar. Orada xüsusi şöbənin işçisi, hərbi hissə komandiri və bir neçə zabit bizi gözləyirdi. Bizi orada incitdilər.
– Necə?
– Döydülər.
– Gələn kimi?
– Bəli. Elə orada bizi döydülər.
– Nə deyib döyürdülər?
– Bizə deyirdilər ki, dövlətə qarşı çevriliş etmisiniz. Sizə vətən xaini adı veriləcək. Döyməkdən əlavə, təhqiramiz ifadələr səsləndirdilər. Digər 4 nəfəri isə bölükdə incitmişdilər. Bir neçə saat döyüb, təhqir edəndən sonra buraxdılar. Qərargahdan çıxanda Umudvar Məmmədov bizə yaxınlaşdı. O bilirdi ki, bizi incidiblər.
9 gün orada çox əziyyət çəkdik. Hər gün xüsusi şöbənin işçisi bizi dindirirdi. Bizi döyür və təhqir edirdilər. Bölüyümüzdə siyasi məsələlər üzrə müavin milliyətcə belarus idi. Bizdən, xüsusilə də məndən əl çəkmirdi. 9 gün hərbi hissədə qalandan sonra məni karantində qaldığımız və dava saldığımız hərbi hissəyə çavuşluq məktəbi oxumağa göndərdilər. 9 gün hərbi hissədə olduğum vaxt atam gəlib Kolomna şəhərindəki hərbi hissəyə, oradan deyiblər ki, bölünmüşük, Naginskə düşmüşəm. Atam gəldi yanıma. Atamı çağırdılar, KQB-nin işçiləri ondan izahat aldılar. Atam gəlib məni danladı. Dedi, nə etmisən, az qala məni həbs edirdilər. Atam gedəndən sonra məni göndərdilər dava saldığım hərbi hissəyə çavuşluq məktəbi oxumağa. Təsəvvür edin, dava saldığım hərbi hissədə 3 aylıq tədris görməliyəm. 3 ay həmin hərbi hissədə zülm çəkdim. 3 ay hərbi xidmət 3 il kimi keçdi. Azərbaycanlılar da yox idi. Tək olanda gücüm çatırdı, ancaq axşam olan kimi yığışıb döyürdülər. Elə olurdu ki, gecə yatdığım yerdə başıma ədyal keçirirdilər, vururdular. Mən də əlimə keçənlə müqavimət göstərirdim, birin yıxırdım yerə, gücüm çatmayanda dişləyirdim. Hər gün dava olurdu. Çalışırdılar ki, sındırsınlar. Belə zülmlə kiçik çavuş rütbəsi alıb, döndüm 31 508 saylı hərbi hissəyə.
Qaçışlar
İyul ayında hərbi hissədən gedəndə orada təxminən 70 nəfər azərbaycanlı var idi. Oktyabr ayında gələndə gördüm, onların yarısı qaçıb. Hərbi hissəmiz olmuşdu KQB-nin filialı. Məni də çağırdılar izahat almağa. Mənə dedilər, atanın da izahatı var. Əgər bu hərbi hissədə nəsə problem olsa, səninlə Umudvar Məmmədovdan bilinəcək. Onların istəyi o idi ki, kimsə izahat yazıb bildirsin ki, qaçışları Umudvar Məmmədov təşkil edir. Mənim də “alibim” o idi ki, başqa hərbi hissədə olmuşam, xəbərsizəm. Ancaq gələndən sonra xəbərim oldu ki, Umudvar uşaqları bir-bir, iki-iki hərbi hissədən qaçırır.
Qaçışlara dəstək
Umudvara kömək etmək üçün mülki geyimlər alırdıq. Tikintidə işləyirdik. Tikinti materiallarından satırdıq, pul olurdu. Həmin pulla da qaçan uşaqlar üçün mülki geyimlər alırdıq. Hər kəsdən ehtiyat etdiyimiz üçün etdiklərimizi heç kimə demirdik. Öz millətimizdən də olsa, qorxurduq, iradəsi zəif olar, dözməyib olanları deyər. Əslində elə biri də olmadı. Hamımızı incidirdilər, heç kim də heç kəsi satmırdı. 1 ilə yaxın Umudvar Məmmədov hərbi hissədən əsgər qaçırdı, heç kim ona sübut edə bilmədi ki, bu hadisələri o törədib. Məni çağırıb deyirdilər ki, “biz bilirik, Umudvar Məmmədov əsgərləri qaçırdır, onun şəxsi işində də yazılıb ki, əvvəlki hərbi hissəsindən 60-dan çox adamı qaçırıb. Bunu təstiq edin, sizinlə işimiz yoxdur”. Umudvarı satmamaq üçün nə işgəncələr görmüşük, Allah bilir.
– Nə qədər əsgər qaçırılmışdı?
– Bizim hərbi hissədə 70-ə yaxın azərbaycanlıdan sona 7 nəfər qalmışdı. Onların 7-ni üçünü bir dəfə, dördünü də bir dəfəyə qaçırdım. 1991-ci ildə məzuniyyətə gəlirdim, bildim ki, 3 nəfər qaçmaq istəyir, onlar üçün mülki geyim təşkil edib, özümlə Azərbaycana gətirdim.
Məzuniyyətdən qayıdan günü məni apardılar qərargaha ki, “onları sən qaçırmısan?” Dedim, “yox”. 2 gün qərargaha çağırıb, döyürdülər. Özləri axırda əsəbdən gülürdülər ki, “siz necə insansınız, bilirik, siz eləmisiniz, döyülürsünüz, boynunuza almırsınız”.
Əslində biabırçılıq olmasın deyə baş verənləri gizlədirdilər. Sovetin dağılmaq təhlükəsi vardı, istəmirdilər bilinsin, ona görə, ört-basdır edirdilər.
Əmim Bakı-Moskva qatarında bələdçi idi. Düzdür, əmimin əli ilə etmirdim, ancaq əmimin iş yoldaşları da məni tanıyırdı. Onların əli ilə qaçırtdım. Qaçan uşaqları onlara tapşırırdıq, onlar da yoxlama zamanı qaçanları gizlədirdi.
– Umudvar Məmmədova işgəncə verilməsini necə xatırlayırsız?
– Əgər qaçanlar 1-2 nəfər olsa idi, cinayət işi açardılar. Ancaq say çox olduğu üçün onlara bir hərbi hissədən digərinə köçürmə adı verdilər. O əsgərlərin köçürülməsi sənədlərini Umudvar Məmmədov bir zabitlə gətirdi təhvil verməyə. Umudvardan o vaxt hərbi hissə komandiri soruşmuşdu ki, qayıdacaqsan? O da demişdi qayıdacam. Umudvarın gedib-gəlməyi 1 aya yaxın vaxt apardı. Umudvarın bu hərəkətinə görə guya mükafatlandırıb, tez tərxis edəcəkdilər. Ancaq Umudvarın əmri verilən gün Krasnov soyadlı hərbi hissə komandiri onu qauptvaxta saldırdı. Ona verilən işgəncələri eşidirdik, tüklərimiz biz-biz olurdu. Əlimizdən də heç nə gəlmirdi. Başqa vaxt millətimizdən bir nəfər qauptvaxta düşəndə tapşırırdıq, pul yığırdıq ki, nəzarətçilərə (qırmızı paqonlular) verək, incitməsinlər. Bu dəfə də uşaqlardan pul yığdıq ki, nəzarətçilərə verək, Umudvarı incitməsinlər, pulu götürmürdlər. Elə bil ki, xüsusi tapşırıq var idi. Umudvarla orada KQB məşğul idi. Deyirdik ki, gəlin hərbi hissəni girov götürək, Umudvarı buraxsınlar, sonra normal ağılla düşünəndə görürdük ki, onun da, özümüzün də taleyimizlə oynamış olarıq.
Umudvar 1 həftə zülm görəndən sonra onu buraxdılar və o, Azərbaycana gəldi. Ondan sonra yenə də bizdən əl çəkmirdilər.
– Qaçış necə təşkil edilirdi?
– 2 nəfər azərbaycanlını bir yerdə görən kimi onlardan birini çağırırdılar qərargaha. Bilirdik ki, kimsə əziyyət çəkir. Onu çəkirdik kənara, söhbət edirdik. Bilirdik ki, qaçmaq istəyir. Qaçmaq da adı kimi qaçmaq deyildi. Buna hazırlıq gedirdi. Mülki forma təşkil olunurdu. Paltarlar gizlədilirdi. Əsgərlər paltarları meşənin içində dəyişirdi. Yaxında bir taksi sürücüsü var idi. O, pula görə nəinki SSRİ-ni, atasını da satardı. Ona artıq pul verirdik, aparıb qatara mindirirdi, qatar yola düşənə qədər gözləyirdi, sonra geri gəlirdi. Qatar bələdçiləri kömək edirdi. Millət 20 yanvar hadisəsini yaşamışdı, buna görə nifrəti var idi, hamı kömək edirdi. Bizə xidmət etdiyimiz hərbi hissədə qulluq edib, sonradan orada qalıb yaşayan azərbaycanlılar da çox kömək edirdi. Yəni, bu qaçış adi bir şey deyildi. Planlı, hazırlıqlı idi. Bu qaçış hərbidən qorxub qaçmaq deyildi. Bəlkə 3-5% qorxardı, yerdə qalanı Qarabağda müharibədə döyüşmək üçün can atırdı.
– Başqa millətlər qaçırdı?
– Başqa millətlərin qaçışını görmədik. Yalnız 1 ilə qədər xidmət etmiş qırğızlar dövlət səviyyəsində köçürülürdülər öz ölkələrinə.
– Qarabağ müharibəsində iştirak etdiniz?
– Əsgərlikdən təzə gəlmişdim, bir sinif yoldaşımla getdik Tərtərə. Bir neçə gün bizi heç bir hərbi hissəyə qəbul etmədilər. Qayıdıb gəldik evə. Ailənin tək oğlu olduğum üçün məni ordu sıralarına çağırmadılar.
Səxavət Məmməd