“Söyüdlü kənd sakinlərinin müayinələri onu göstərdi ki, orada yaşayanların sağlamlıq vəziyyəti qənaətbəxşdir”.
Yenicag.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Ərazidə olan insanların onkoloji xəstəliklər üzrə göstəricilərə gəlincə, o söyləyib ki, Söyüdlü kəndində bu tip xəstəlikdən əziyyət çəkən sakinlər var:
“Lakin xəstəlik üzrə nisbi rəqəm nəinki Gədəbəydən, eləcə də ölkə üzrə xəstəliklərin göstəricilərindən aşağıdır. Söyüdlü kəndində ağır metalların sağlam insanlara təsiri barədə heç nə tapılmadı. Bunu da onunla əlaqələndirmək olar ki, əhali istifadə etdiyi bulaqların sularında o dərəcədə artıq göstəricilər yoxdur”.
Dağ-mədən sənayesinin insan sağlamlığına təsiri məsələsinə gəlincə, nazir müavini bildirib ki, bu, iki qrupa bölünür:
“Zavodda işləyən əməkdaşların sağlamlığına təsiri ola bilər. Çünki onlar daha çox həmin metalların kimyəvi təsirlərinə məruz qalırlar. Həmin şəxslərin vaxtaşırı tibbi müayinəsi təşkil olunur. Onların son dəfə müayinəsi 2019-cu ildə aparılıb. Hesabatda həmin əməkdaşların növbəti müayinəsinin lazım olduğunu qeyd etmişik. Yəni azı ildə bir dəfə həmin müayinələr təşkil olunmalıdır. Kimyəvi maddələrin ətraf mühitə vurduğu ziyan ikinci qrupa aiddir. Bu da normalardan çox olmayıb”./report
www.yenicag.az