Stalinizm 2.0 – Rusiya hakimiyyətinin yeni ROMANTİZMİ
Rusiyada tarix artıq təkcə təhrif olunmur, əksinə, o, bilərəkdən və sistematik şəkildə yenidən qurulur və bu yenidənqurma prosesində seçilən əsas sima olan İosif Stalin heç də təsadüfi deyil. Repressiyanın, qorxunun və totalitar nəzarətin rəmzinə çevrilmiş bu fiqur bu gün rəsmi Moskva tərəfindən yalnız simvolik olaraq deyil, həm də real ideoloji dayaqlar üzərində reabilitasiya edilir.
2025-ci ilin may ayına nəzər salsaq, bu, prosesin miqyasını göstərmək üçün yetərlidir. Moskva metrosunun “Taqansk” stansiyasında Stalin abidəsinin açılması sadəcə mədəni bir hadisə kimi təqdim olunsa da, əslində bu, bir siqnaldır: Kreml siyasi yaddaşda “yenidən formatlaşdırma” prosesinə start verib. Bu, hadisə təkcə paytaxtla məhdudlaşmır. Volqoqradda hava limanının “Stalinqrad” adını alması da Rusiya tarixinin ən qanlı dövrlərindən birinin simvolik olaraq yenidən ictimai məkanlara qaytarılması deməkdir.
Eləcə də Nijeqorodsk vilayətində Stalin adına mərkəzin tikintisinin son mərhələyə çatması, Tula muzeyinə onun şəxsi samovarının geri qaytarılması, Stavropolda nəhəng portretinin asılması və türk mənşəli bölgələr olan Ulan-Ude və Çuvaşıstanda ard-arda abidələrin açılması bütövlükdə bir ideologiyanın fiziki bərpasıdır. Yəni bu, heykəllərin və portretlərin sadə mövcudluğu deyil, əksinə, bu, siyasi şüurun, tarixə münasibətin və gələcəyə baxışın hansı istiqamətdə yönləndirildiyinin göstəricisidir.
Maraqlısı budur ki, bütün bu addımlar nəinki dövlət tərəfindən təşviq olunur, hətta bir çox hallarda cəmiyyətin dəstəyini qazanır. Axı necə olur ki, milyonlarla insanın ailə tarixində iz buraxmış bir zalım rejimin rəhbəri bu gün “qəhrəman” obrazında yenidən ayaq üstə ucaldılır? Cavab isə Rusiya xalqının on illərlə davam edən tarixi və psixoloji deqradasiyasında gizlidir.
Stalinə pərəstiş reallıqla bağları qoparılmış kollektiv şüurun məhsuludur. O şüur ki, repressiyanı “intizam”, qorxu və zorakılığı isə “sabitlik” kimi qəbul etməyə öyrədilib. Kreml bu zəiflikləri çox gözəl bilir və onlardan məharətlə istifadə edir. “Nə qədər ki, sosial-iqtisadi durum ağırdır, nə qədər ki, xalq gələcəklə bağlı ümidini itirib, deməli, keçmişin dəhşətləri “qəhrəmanlıq” kimi təqdim oluna bilər” – bu yanaşma Rusiya hakimiyyətinin indiki informasiya siyasətinin təməlidir.
Burada vacib bir təzad da ortaya çıxır: rejim Stalinə qayıdaraq öz mahiyyətini etiraf edir, yəni avtoritarizmi, gücə pərəstişi, fərdiyyətin əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Odur ki, Rusiya bu gün təkcə öz tarixini dəyişmir, əksinə, o, gələcəyin ideoloji xəritəsini də tərtib edir. Stalin bu xəritədə keçmişin izi kimi deyil, sabahın modelinə çevrilməkdədir. İndiki kurs davam edərsə, Stalin repressiyalarının simvolları XXI əsrdə real idarəetmə vasitəsinə, gündəlik həyatın qaydasına çevriləcək. Bu isə təkcə Rusiya üçün deyil, bütövlükdə region və dünya üçün ciddi bir xəbərdarlıqdır. Çünki tarix təkrarlanarsa, bu, insanlığa baha başa gələcək.
Rafi Müslümov