“Süni intellekt bir vasitə kimi insanın dəstəkçisi olanda əvəzolunmaz bir funksiyadır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında süni intellektin sürətli inkişafı və orta və ali məktəblərdə ayrıca bir fənn kimi tədris olunmasının vacibliyindən danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
Onun sözlərinə görə, 21-ci əsrin, müasir dövrün simasını müəyyən edən meyar süni intellektdir.
“Bu gün bütün cəmiyyətlərdən, zamanlardan, bir sözlə, zaman və məkan amilindən asılı olmayaraq, süni intellekt bütün meyarları sanki özünə tabe etməklə məşğuldur. Bu, istər təhsil, istər səhiyyə, istərsə də iş dünyasında həyatın bütün sahələrində öz əksini tapır. Çox təəssüf ki, biz dövrün süni intellekt dövrü olması mexanizminə hələ də tam miqyası ilə yanaşmırıq. Müşahidələrim mənə bu cür danışmağa imkan verir. Lakin hazırda bütün istiqamətlər məhz süni intellektin vasitəsilə idarə olunmağa az qala hazırdır”, – deyə o əlavə edib.
E.Nuri bildirib ki, bu gün xüsusi süni intellekt alətləri, proqramları, müxtəlif məzmunlu məqalələr, şerlər yazmağa, musiqilər bəstələməyə, rəsm çəkməyə ümumiyyətlə hər bir detala hazırdır.
“Təkcə bir neçə proqram deyil, ümumiyyətlə, çox güclü süni intellekt botları var ki, həyatın bütün mərhələsini özündə çox yüksək səviyyədə hərəkət etdirə bilir. Süni intellekt bir vasitə kimi insanın dəstəkçisi olanda əvəzolunmaz bir funksiyadır”, – deyə o vurğulayıb.
E.Nuri qeyd edib ki, bu gün bizim orta məktəblərdə süni intellekt dərsləri çox yüksək səviyyədə inkişaf etməlidir.
“Ayrıca bir fənn kimi tədris olunmalıdır. STEAM mərkəzləri var ki, onların əsas məqsədi süni intellekt üzərində işlərdir. Lakin sırf süni intellekt dərsləri məktəblərimizdə keçilmir. İnformatika fənni özü belə 2 il olar ki, normal bir predmet kimi məktəblərimizdə qəbul olunub. STEAM tədris mərkəzlərində süni intellekt meyarları həyatı tətbiq bacarıqları üzərində şagirdlərə daha yaxşı çatdırılmalıdır. Ali təhsil müəssisələrində isə bu gün birinci ixtisas qrupu üzrə Rİ alt qrupundan imtahan verənlər İT əsaslı ixtisasları seçə bilirlər. Burada informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması kimi istiqamətlər daxildir. Bir neçə universitetdə robotexnika ixtisası var. Robotexnika bakalavr səviyyəsində artmalıdır. İT əsaslı ixtisasların tədris olunduğu bütün universitetlərdə artıq robotexnika olmalıdır. Süni intellekt isə sadəcə magistr və MBA pilləri üzrə var. Fikrimcə, bu da artmalıdır. Biz həm orta, həm də ali məktəb səviyyəsi üzrə bu istiqamətlərdə uğurla hərəkət etməyi bacarmalıyıq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi