“Düzünü deyim, tamaşaçını cəlb etmək üçün istifadə olunan bu kimi “çağırışlara” müsbət yanaşmıram”.
Bu fikirləri tamaşaçı və oxucuları cəlb etmək üçün istifadə olunan müəyyən “priyom”lara münasibət bildirən yazıçı-dramaturq Firuz Mustafa Yenicag.az-açıqlamasında deyib.
O, “Son vaxtlar tamaşaçını teatra cəlb etmək üçün istifadə olunan “18+” anonslarını necə dəyərləndirirsiniz” sualına cavabında buna qarşı oıduğunu bildirib:
“Bu “plyus” və ya “minus” məsələsi – yaxud da kim nə cür istəyirsə, elə o cür də anlasın – çox yerdə, daha çox da bizdə, dəbdə olan bir nəsnədir. Məsələnin mahiyyəti də aydındır. Yəni məqsəd tamaşaçını, dinləyicini və ya oxucunun diqqətini cəlb etməkdən ibarətdir.
Düzünü deyim ki, mən bu kimi “çağırışlara” o qədər də müsbət yanaşmıram. Bu nəyə lazımdır axı… Mən həmişə belə hesab etmişəm ki, nəşr edilən hər bir kitabın, çəkilən hər bir filmin, tamaşaya qoyulan hər bir pyesin estetik-əxlaqi çəkisi olmalıdır.
Bu nə deməkdir? Qısa və konkret olaraq, indiki halda bunu deyə bilərəm: meydana elə əsər çıxarılmalıdır ki, onu ailə üzvləri ilə birlikdə çəkinmədən, tərəddüd etmədən, qeyd-şərtsiz izləyə biləsən”.
Cəvahir
www.yenicag.az