Tanınmış prodüser: “Badalaq da vurublar, torba da tikiblər”
“O qədər dalımca danışıb, üzümə gülüblər ki…”
Bunu tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib. O, şou-biznesdə üzləşdiyi xəyanətlərdən və “torbatikmə” əməliyyatlarından danışaraq, bu aləmdə yeganə dostunun Ədalət Şükürov olduğunu bildirib.
Prodüser şou-biznesdə əsl dostluğun olub-olmaması ilə bağlı sualı cavablandırarkən kəskin fikirlər səsləndirib:
“Nəinki şou-biznesdə, indiki vaxtda ümumiyyətlə, dost tapmaq çətindir. Barmaqla sayılacaq qədər az dost ola bilər. Özümə gəlincə, şou aləmində dostluğa qətiyyən inanmıram. Müğənni ilə müğənninin dostluğu qeyri-mümkündür, olsa da, çox nadir hallarda baş verə bilər. Mənə badalaq da vurublar, torba da tikiblər. Min hoqqadan çıxıb, üzümə gülüb, dalımca danışıblar. Mənim bu aləmdə bir dostum var, o da Ədalət Şükürovdur”.
Namiq Qafarov eyni zamanda əfsanəvi “N brother” qrupunun yenidən fəaliyyətə başlayacağı müjdəsini də verib:
“”N brother” qrupunu 25 il saxlayacağımı demişdim və sözümə əməl etdim. Sonradan Orxan və Seymur müstəqil solo fəaliyyətə başladılar. Lakin mənə çoxsaylı müraciətlər gəldi ki, bu qrupu yenidən görmək istəyirlər. Düşündüm ki, niyə də yox? Üç nəfərdən ibarət heyətlə yenidən qayıdırıq. Yeni qrup yaxın günlərdə şou-biznesin sükutunu pozacaq”.
Cəvahir













