Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, Nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən danışıb, bu sahədə aparılan .əsaslı islahatları diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini çıxışında bu il mayın 23-dən 25-dək Azərbaycan nümayəndə heyətinin də qatıldığı Parisdə Avropa Ali Təhsil Məkanı Ölkələri Təhsil Nazirlərinin Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğulayıb.
F.Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, “Erasmus+” proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin “2018-2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzəsi dinlənilib. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son beş tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin yüksələn nüfuzu ilə bağlı geniş məlumat verib.
Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasındakı əməkdaşlığın vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxunub.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.
Təhsil naziri C.Bayramov təhsilin inkişafı ilə bağlı fikirlərini bildirib.
Kollegiya iclasında, həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019-2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında məruzələr dinlənilib.
www.yenicag.az