Ötən ilin oktyabr ayında Azərbaycanda tələbələr üçün “Vahid Tələbə Kartı”nın istifadəyə verilməsi ilə yeni bir mərhələ başlanmışdı. İlkin mərhələdə 170 min tələbəyə təqdim edilən bu kartlar, əsasən, Elm və Təhsil Nazirliyinə tabe olan müəssisələrdə təhsil alan tələbələrə verilmişdi. Sonradan isə bir neçə universitetin tələbələri də bu kartlardan faydalanmağa başladılar.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, “Tələbə Plus” kartları gənclərin gündəlik həyatını asanlaşdırmaq məqsədi daşısa da, bu kartların tələbələrin real ehtiyaclarını ödəmədiyini vurğulayıb.
Sosioloqun fikrincə, kartlardakı güzəştlər daha çox kommersiya və biznes sahələrinə yönəlmişdir, tələbələrin sosial vəziyyətinə, təhsilinə və sağlamlığına heç bir əlaqəsi yoxdur. E. Bayramlı qeyd edib ki, kartlardakı endirimlər əsasən əyləncə mərkəzləri, brend mağazalar və lazımsız istehlak məhsullarına yönəlir.
“Bu kartların məqsədi, tələbələri faydalı mədəniyyət və təhsil tədbirlərinə yönəltmək deyil, əksinə, onları əyləncə və istehlak alış-verişinə təşviq etməkdir. Kapitalizmin bir hissəsi olaraq, tələbələrə lazım olmayan xidmətlərə pul xərclətmək məqsəd güdülür”, – deyə ekspert vurğulayıb.
Sosioloq tələbələrin real ehtiyaclarına, xüsusilə təhsil və sağlamlıq sahələrində daha çox güzəştlərin olmasının vacib olduğunu da söyləyib. Onun qənaətinə görə, nəqliyyat, idman mərkəzləri və mədəniyyət tədbirlərinə də güzəştlərin daxil edilməsi tələbələrin inkişafı üçün əhəmiyyətlidir.
Müsahibimiz sözügedən kartların məqsədinin açıq şəkildə tələbələrə fayda vermək deyil, onların mənəvi və sosial cəhətdən məhv edilməsi və zərər vurulması olduğunu qeyd edib. O əlavə edib, tələbələrə yönələn belə kartlar daha məqsədyönlü şəkildə, onların gündəlik ehtiyaclarına cavab verəcək şəkildə tənzimlənməlidir.
Nəzrin Bünyatova
www.yenicag.az