Tramp–Putin danışıqları: Kreml vaxt udur, Qərb isə seçim qarşısında

media-hightechnic-468x90

 

ABŞ və Rusiya prezidentlərinin Alyaskada 3 saat davam edən görüşü başa çatıb.
Putin və Tramp irəliləyişlərdən danışsalar da, Ukrayna mətbuatı görüşü nəticəsiz adlandırıb. Məsələyə Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli münasibət bildirib və qeyd edib ki, Alyaskada keçirilən Tramp–Putin danışıqları gözlənildiyi kimi nəticəsiz qaldı:

“Tərəflər ortaq mövqe formalaşdıra bilmədilər. Trampın mətbuat konfransında üzündəki narazı ifadələr bu uğursuzluğun vizual təsdiqi idi. Putin isə daha rahat, hətta qələbə qazanmış kimi sevincli görünürdü.

Dünyanın əsas gözləntisi bu görüşdən Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstək verəcək konkret razılaşmalar idi. Lakin əksinə, Lavrovun simvolik məna daşıyan köynəklə Alyaskada görünməsi Kremlin mesajı idi: Moskva öz işğalçılıq siyasətini legitimləşdirmək, Ukraynanın suveren ərazilərini danışıqlar masasında faktiki şəkildə “leqallaşdırmaq” istəyir. ABŞ-ın bu plana qarşı durması isə Trampın məyusluğunu, Putinin isə sevincini izah edir. Trampın siyasi ambisiyalarının bir hissəsi Nobel Sülh Mükafatına hesablanmışdı. O, danışıqların sülh gətirən lideri kimi tarixə düşmək istəyirdi, lakin bu dəfə onun planları alt-üst oldu.”

VHP rəsmisi əlavə edib ki, bu kimi görüşlərdən Kremlin məqsədi aydındır:

“Vaxt udmaq, sülh görüntüsü yaratmaqla Qərbin yeni sanksiyalarını zəiflətmək və döyüş meydanında əldə etdiklərini möhkəmləndirmək. Belə danışıqlar Moskva üçün hər zaman taktiki vasitə olub. Amma masada Ukraynanın iştirakı olmadan heç bir dayanıqlı və etibarlı razılaşma mümkün deyil. Kiyev rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazilərinin güzəştə getməsi yolverilməzdir. NATO rəsmiləri də açıq bildirirlər ki, Rusiya Ukraynanın suverenliyini və öz müqəddəratını təyinetmə hüququnu tanımadan bölgədə sabitlik mümkün deyil.”

Samir Əsədli deyib ki, nəticəsiz qalan Alyaska görüşü bir daha sübut etdi ki, Ukraynanın ərazi bütövlüyü heç vaxt bazarlıq mövzusu ola bilməz:

“Bu, yalnız Ukraynanın deyil, bütövlükdə beynəlxalq hüququn qorunması məsələsidir. Rusiyanın imperialist siyasətinə qarşı qlobal məsuliyyət bu prinsipin qorunmasından keçir. Ekspertlərin ortaq mövqeyi də bunu təsdiqləyir: Ukraynanın maraqlarına zidd bir “pis razılaşma”nın olmaması özü bir müsbət hal sayıla bilər, amma eyni zamanda hər hansı real irəliləyişin əldə olunmaması regionda təhlükəli boşluq yaradır. Bu boşluq isə Kremlin yeni avantüralarına meydan verə bilər.”

VHP rəsmisi qeyd edib ki, bu gün üçün çıxış yolu aydındır:

“Ukraynanı daha genişmiqyaslı hərbi təchizatla təmin etmək və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirmək. Başqa alternativ qalmayıb. Yalnız güclənən təzyiq Kremlin məkirli planlarını dayandıra və Avropa təhlükəsizliyini təmin edə bilər.”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa