ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başladılmasına yönələn çağırışların miqyası böyüyür.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, mühüm dövlət sirlərinin Rusiyaya ötürülməsində ittiham olunan ABŞ prezidenti Donald Trampın vəzifəsini itirmək təhlükəsi artmaqdadır.
Qeyd edək ki, əvvəlcə “Washington Post” qəzeti Trampın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə mühüm kəşfiyyat materiallarının açıqladığını yazıb. Maraqlıdır ki, Tramp bu iddianı inkar etmədi və həmin məlumatları paylaşmaq ixtiyarının olduğunu deyərək, özünə haqq qazandırdı.
Daha sonra “New York Times” qəzeti də Trampın bir müddət əvvəl işdən çıxartdığı Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komidən milli təhlükəsizlik üzrə sabiq müşavir Maykl Flinnin Rusiya ilə əlaqələrinə dair aparılan istintaqın dayandırılmasını tələb etdiyini tirajlayıb.
Qeyd olunur ki, hadisələrin belə sürətli inkişafı Trampa qarşı impiçment prosedurunun başladılmasının mümkünlüyü haqda fikirlərə geniş meydan açıb. Hətta Konqresin Nümayəndələr Palatasının bəzi üzvləri Trampa qarşı impiçment təşəbbüsünü rəsmən irəli sürəcəklərini bildiriblər. Bu günlərdə respublikaçı konqresmen Castin Amaşın də onlara qoşulması məsələnin nə dərəcədə ciddiləşdiyini göstərir.
ABŞ Konstitusiyasına əsasən, Konqres prezidentin aşağıdakı 3 kateqoriyadan biri üzrə cinayət etməkdə şübhəli bilindiyi halda onu vəzifədən götürmək səlahiyyətinə malikdir.
Həmin kateqoriyalar başqa bir ölkəyə yardım etmək hesab olunan “Xəyanət”, siyasi fayda qarşılığında pul və ya qiymətli hədiyyənin qəbulunu ehtiva edən “Rüşvət”, eyni zamanda, “ağır və dəhşətli cinayət” işləmək, o cümlədən, “başqa mənfi davranış”dan ibarətdir.
ABŞ-ın Konstitusiya hüququ üzrə mütəxəssisləri sonuncu kateqoriyada söhbətin konkret hansı cinayətdən getdiyini müəyyənləşdirməyə çətinlik çəkirlər. Lakin ortadakı ittihamların prezidentin nüfuzuna ciddi zərbə vurduğu şübhə doğurmur.
ABŞ tarixində indiyə kimi cəmi üç prezidentə (Endryu Conson – 1868, Riçard Nikson – 1972 və Bill Klinton – 1999) qarşı impiçment proseduru başladılıb. Ancaq nəticədə onlar öz vəzifələrini qoruyub saxlamağa nail olublar.
Bununla belə, hazırda Konqresin Nümayəndələr Palatasında (238 – 193) və Senatda (52 – 48) say üstünlüyünü respublikaçılarda olması Trampı impiçment təhlükəsindən xilas edəcək əsas faktor hesab olunur.
Yeniçağ.Az
www.yenicag.az