TRAMPIN HÖRMÜZ PLANI: “İran üçün bu boğaz iqtisadi deyil, strateji təzyiq alətidir“
“Tramp Hörmüz boğazının yükünü təkbaşına daşımaq istəmir və məsuliyyəti müttəfiqlərlə bölüşməyə çalışır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloq İranın de-fakto nəzarəti altında olan Hörmüz boğazının taleyinin qeyri-müəyyən olaraq qalmasının səbəbləri və tərəflərin bu məsələdəki rəsmi addımlarını sadalayıb:
“Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik həqiqətən də son illərdə qlobal enerji təhlükəsizliyi və regional geosiyasət baxımından ən həssas məsələlərdən biri hesab olunur. Dünyada daşınan neftin böyük hissəsi məhz bu strateji keçiddən keçir və buna görə də bölgədə hər hansı gərginlik qlobal bazarlara birbaşa təsir göstərir. Mövcud müzakirələrdə iki əsas məqamın diqqət çəkdiyini deyə bilərik. Birincisi, İranın iqtisadi riskləri nəzərə alsa belə, boğaz ətrafında sərt mövqeyini davam etdirməsi, ikincisi isə Amerika Birləşmiş Ştatlarıın məsələ ilə bağlı daha ehtiyatlı və məsuliyyəti regional aktorların üzərinə yönəldən yanaşma nümayiş etdirməsi.”
R. Bayramov boğazın bağlı qalmasında ən böyük zərəri İran iqtisadiyyatının çəkəcəyini də diqqətə çatdırıb:
“Birinci məqam İranın davranış modelini izah etməyə çalışır. Tehran üçün Hörmüz boğazı yalnız iqtisadi deyil, həm də strateji təzyiq alətidir. İranın enerji ixracı və ticarət marşrutlarının böyük hissəsi bu bölgədən keçdiyi üçün boğazın bağlanması və ya təhlükə altında olması ilk növbədə həm də İran iqtisadiyyatına zərər vura bilər. Buna baxmayaraq, Tehran bu mövzunu hələ də siyasi və hərbi ritorikanın bir hissəsi kimi istifadə edir. Məlumdur ki, İran üçün əsas məqsəd boğazı real olaraq bağlamaqdan çox, onun üzərində nəzarət imkanını siyasi təsir vasitəsi kimi qorumaqdır. Bu yanaşma regional və qlobal güclərə mesaj vermək məqsədi daşıyır. Yəni Tehran demək istəyir ki, İran üzərinə hücumların davam etməsi haqlında, o da qlobal enerji sisteminə təsir göstərə biləcək addımlar ata bilər.
Digər tərəfdən, ABŞ-ın yanaşması bir tərəfdən mürəkkəb, digər tərəfdən də ehtiyatlı görünür. Vaşinqton uzun illər ərzində Hörmüz boğazının təhlükəsizliyini qlobal dəniz ticarətinin əsas prioritetlərindən biri kimi təqdim edib. Lakin son dövrdə ABŞ administrasiyasının ritorikasında müəyyən dəyişiklik müşahidə olunur. Bu yanaşma qismən regional müttəfiqlərin daha çox məsuliyyət daşımalı olduğu fikri ilə əlaqələndirilir. Başqa sözlə, ABŞ bölgədə təhlükəsizlik arxitekturasının yalnız öz hərbi gücü üzərində qurulmamasını istəyir və regional dövlətlərin də daha fəal rol oynamasını təşviq edir.”
“Politoloq Hörmüz boğazının bağlı qalmasından sonra Trampın İrana qarşı olan ritorikasının nisbətən yumşaldığını diqqətə çatdırıb:
“Donald Trumpın müharibənin ilk günlərində sərt və konkret bəyanatlar verməsi, lakin sonrakı mərhələdə tonun nisbətən yumşalmasısiyasi kommunikasiya baxımından maraqlı nümunə kimi qiymətləndirilə bilər. ABŞ siyasətində ilkin mərhələdə sərt ritorika tez-tez strateji təzyiq vasitəsi kimi istifadə olunur. Lakin proses uzandıqca və risklər artdıqca diplomatik və çoxşaxəli yanaşma daha ön plana çıxır. Trampın çıxışlarında müşahidə olunan ton dəyişiklikləri də bu kontekstdə izah oluna bilər. İlkin mərhələdəki güc nümayişi hələ ki nəticə vermir, ona görə də beynəlxalq dəstək və koalisiya formalaşdırmaq üçün cəhdlər edilir.
Bütün bunlar qlobal siyasətdəki daha geniş tendensiyanı əks etdirir. Bir tərəfdən İran regional təsir imkanlarını qorumağa çalışır və strateji mövqeyindən siyasi alət kimi istifadə edir. Digər tərəfdən ABŞ regiondakı yükü təkbaşına daşımaq istəmir və məsuliyyəti müttəfiqlərlə bölüşməyə çalışır. Bu isə Hörmüz boğazı ətrafındakı vəziyyətin niyə hələ də qeyri-müəyyən və həssas olaraq qaldığını izah edən əsas amillərdən biridir.”
Nurlan Cəfəri













