Trampın NATO "oyunu": "Ukrayna müharibəsindən sonra Alyansın dağılması GÜNDƏMƏ GƏLƏCƏK"
“Ukrayna müharibəsindən sonra NATO-nun dağılması gündəmə gələcək”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
O, ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı tənqidi mövqeyi və Avropanı Rusiya təhlükəsi ilə xəbərdar etməsinin əsas məqsədlərindən danışıb.
Politoloq bildirib ki, NATO ölkələri təhlükəsizliklə bağlı narahatlıqlarını ABŞ ilə bölüşdükləri kimi, maliyyə yükünü də eyni dərəcədə paylaşmalıdırlar:
“Müttəfiqlər həmçinin ABŞ-nin qlobal ambisiyalarına ortaq olmalıdırlar. Bu yanaşma Pentaqondan daha çox Ağ Evin strategiyasına uyğun görünür. Lakin reallıq fərqli oldu. Hətta İran məsələsində də gördük ki, NATO-nun digər üzvləri ABŞ-ni müdafiə etmək məsələsində onunla tam birgə hərəkət etmədilər. Bu baxımdan, Alyans öz daxilində ciddi böhran yaşayır. Çox güman ki, Ukrayna müharibəsindən sonra Alyansın “yenidən brendinqi” yox, əksinə, onun dağılması məsələsi gündəmə gələcək. Çünki AUKUS çərçivəsində anglosakson üstünlüyünə əsaslanan yeni bir qurumun yaradılması hazırda daha real görünür”, — deyə o bildirib.
Nəsimi Ələsgərli













