Bu gün dünya siyasi xəritəsində mövcud olan məlum altı müstəqil türkdilli ölkə mövcuddur.
Bununla yanaşı digər ölkələrin içində də onlarla bizimlə qohum olan eyni soyköklü muxtar respublikalar var. Ümumilikdə türkdilli ölkələrdə yazı üçün tədbiq olunan əlifbalara nəzər saldıqda onların əsasən – latın, kiril və ərəb əlifbalarından istifadə etdiklərini görməkdəyik. Dünya yaranandan alimlər mübahisə etməkdədir ki, görəsən odun, təkərin yoxsa yazının rolu insanlığın inkişafı üçün ən vacib amillər olub?!
Cavablar açıqdır, amma keçmiş haqqında elmləri öyrənməkdə, bu və ya digər hadisələrin günümüzə kimi gəlib çatmasında əsas rolun məhz yazının üzərinə düşdüyünü inkar etmək olmaz. Bir anlıq qədimdən günümüzə yazı dedikdə gözümüzün önünə ilk olaraq – qədim Misir heroqralifləri, Babil mixi yazıları, finikiyalıların əlifbası və ondan təsirlənən antik yunan, sanskrit, Çin heroqralifləri, etrusk, latın, arami və bunlardan bəhrələnən müasir dünya xalqlarının çağdaş əlifbalarının gəldiyini hər birimiz əzbərdən deyə bilərik. Yazı böyük mədəniyyətlərin, sivilizasiyaların yaranmasında ən başlıca iştirakçı element olub. Dünyanın ən böyük muzeylərində müxtəlif xalqların qədim əlyazmaları, dastanları, poemaları, yazılı abidələri bu gün də qorunub saxlanılır. Bunların vasitəsi ilə də müasir millətlərin keçmişinin mədəni zənginliyi müəyyən edilməkdədir.
Yaxşı, bəs bu gün yer üzərində yaşayan təqribən 300 milyonluq türkdilli xalqların nə zamansa öz milli əlifbası olubmu, yoxsa biz elə birbaşa digər xalqların yaratdığı əlifbalardanmı yararlanmışıq hər zaman? – Səmimi olaq, bü gün neçə nəfərimiz bu suala əminliklə, qürurla, fəxrlə, hətta əzbərdən – “bəli olub” cavabını verə bilər?! Çox cuzi bir sayıda insanımız 1893-cü ildə danimarkalı tədqiqatçı, türkoloq alim, professor Vilhelm Tomsenin (1842-1927) dünya tarixi və ən başlıcası biz türkdilli xalqları daim qürurlandıran qədim Orxun Yenisey əlifbasını türkcə çözdüyünü bilməkdədir.
Danimarkalı alim heç kimin təsəvvür etməkdə belə qısqanclıqla yanaşdığı – yazılı abidələrin qədim türklərə məxsus olduğunu dünya elminə, türk tarixinə bəxş etmiş insandır… Kaş ki, millətimizin vəfalı dostu olan danimarkalı professor Vilhelm Tomsenin adına Bakıda, Ankarada, Astanada, Daşkənddə, Bişkekdə küçə adları olardı. Onun ailəsi ilə əlaqə qurulardı – onlara səxavətli millətimizə xas vəfa borcu şükranlarımızı təqdim edərdik… Bunun bir gün baş verəcəyinə də inamım böyükdür. Çünkü, biz yaxşılığı itirməyən ərən insanların davamçılarıyıq.
Orxun Yenisey, yoxsa Göytürk əlifbası?
Müxtəlif araşdırma yazılarında qədim türk əlifbası ya Orxun Yenisey ya da Göytürk hərfləri kimi qeydə alınmaqdadır. Əslində mövzu eyni əlifbadan gedir, sadəcə olaraq bu yazılı abidələr Orxun vadisi (Monqolustan ərazisi) və Yenisey çayı ətrafında (Rusiya Federasiyası, Sibir bölgəsi) tərəfində tapılmışdır. Yazılar Göytürk Xaqanlığı dövründəki xaqanlar tərəfindən hazırlandığı üçün – Göytürk əlifbası kimi də adlanmaqdadır. Hal hazırda Rusiya Federasiyası (Tuva, Xakasiya, Altay), Monqolustan, Qazaxıstan, Qırğızıstan və Çin ərazilərində ümumilikdə 200 yazılı abidə mövcuddur. Əlifba özlüyündə 38 hərfdən ibarət olmaqla yanaşı 100 dən çox tamğa işarələrdən ibarətdir. Tarixi mənbələrə görə VI-X əsrlərdə türklər tərəfindən rəsmi əlifba kimi istifadə olunub. Bu haqqda Bizans diplomatı, tarixçi Menandrus Protektorun hələ VI əsrdə Bizansda -Xaqanın elçisi qismində gələn heyət haqqında qeydlərdə bildirmişdir. Həmin əsrə aid Çin qaynaqlarında da türklərin öz əlifbalarının olduğunu görməkdəyik. Bu əlifba X əsrdə türklərin kütləvi islama keçid dönəmində ərəb əlifbası tərəfindən sıradan çıxarılmasına baxmayaraq, XVI əsrə kimi Avropada bir sıra gizli yazışmalarda şifrəli kodlar kimi istifadə olunmuşdur. Ən son Macarıstan ərazisində tarixin qaranlıq səhifələrində itmişdir.
Sirrli yazıların geri dönüşü və Danimarkalı Vilhelm Tomsonun çalışmaları
Yuxarıda da bildirildiyi kimi, qədim türklərin yazıları demək olar ki, təqribən doqquz yüz il əvvəl tarix səhnəsindən silinmiş və hətta varlığı belə unudulmuşdur.
1700-1721-ci illərdə Çar Rusiyası ilə İsveç arasında uzun və ikinci tərəf üçün çox ağır nəticələrə səbəb olan məşhur Şimal müharibəsi baş verir. Çoxlu sayıda isveçli hərbi əsirlərin içində kapitan Johan von Strahlenberg adlı xəritəşunas zabit olub. Ömrünün 13 ilini Rusiyada əsir həyatı yaşamasına baxmayaraq, ruslar onun tədqiqatçı və xəritəşunas olduğunu bilməkdəydi. Dövrünün Rus Çarı I Pyotr botanika elmi alimi Gottlieb Messerchmitdi Sibirə göndərir. Məqsəd bölgənin müalicəvi bitkilərini öyrənməklə yanaşı flora xəritəsini də hazırlamaq idi. Bu ekspedisiyaya isveçli hərbi əsir J.Strahlenbergi de mütəxəssis köməkçi kimi aparılır. İllər sonra İsveçə qayıdan J.Strahlenbergi 1730-cu ildə “Avropa və Asiyanın şimal və şərq tərəfləri haqqında tarixi-coğrafi qeydlər” adlı kitab dərc edir və burada Yenisey çayı sahilində gördüyü yazılı abidələr haqqında məlumat vermiş olur. Həmin illərdə bu yazılar Avropa tədqiqatçıları tərəfindən böyük marağa səbəb olur. İlk olaraq fin araşdırmacılar 1887-88-ci illərdə bölgəyə elmi səfər təşkil edirlər, çünkü həmin alimlər fin/uqorların kökəninin uzaq Asiya olduğunu iddia edirdilər. Gördükləri Yenisey abidələrinin nüsxəsini çıxararaq Avropaya aparırlar. Gözlədikləri nəticəyə nail olmurlar. Daha sonrakı illərdə (1891) Rusiyalı ekspedisiya qrupu məşhur tarixçi Vasili Radlovun rəhbərliyi ilə Monqolustanın Orxun vadisinə səfər təşkil edir. Burada da Orxun yazılarının nüsxəsi çəkilərək daha sonra V.Radlov tərəfindən çap olunur. Bu yazılara runik əlifba adı verilir. Runik sözü qədim skandinav dialektində “tapmaca” mənasına gəlir. Həqiqətən də dövrünün dilçi alimləri bu yazıları bir tapmaca kimi çözmək üçün yarış rəqabətindəydilər. Maraqlısı budur ki, heç kim bu yazıların türk xalqlarına aid ola biləcəyini belə ağlından keçirmək istəmirdi. Düzdür V.Radlov müəyyən hərfləri tapmağa çalışsa da – məsələyə tələskən yanaşmış və sadəcə olaraq runik yazıları dərc etməklə kifayətlənmişdir.
Buna baxmayaraq, Danimarkanın Kopenhagen Universitetində dərs deyən tədqiqatçı alim, antik dillər mütəxəssisi Vilhelm Tomsen artıq iki ildən çox üzərində çalışdığı Orxon Yenisey runik yazılarının mütləq dil açacağına hamıdan çox inanırdı. Bu təqvimi bütün türk xalqları unutmamalıdır – 15 dekabr 1893-cü il…Daş kitabə ilk olaraq “Tenqri” (Tanrı) deyir, daha sonra “Türk” deyə dünyaya səs salır…Bəli, Göytürk Xaqanı belə dedi: “Ey Türk Milləti! Mən ki, Tanrının izniylə taxta oturmuş Türk Bilgə Xaqan. Sözümü sonuna qədər dinlə.Üstdə Göy çökməsə, Altda yer dəlinməsə sənin elini və törəni kim poza bilər?”…
Həqiqətən də Türk tarixi üzərində oynanılan bütün qondarma oyunları Bilgə Xaqan bir daha əsrlər sonra pozmuş və çağdaş dünya türk sivilizasiyasının necə də zəngin köklərə getdiyini göstərmiş oldu.
Qazaxıstanlı Saka şahzadəsi “Altın adam” və 2500 illik türk yazıları
Professor V.Tomsenin bizə hədiyyə etdiyi milli mirasımızın yaşı VI əsrdən hesablanmağa başlandı. Zamanla 1904-cü ildə Çində 104 səhifəlik kağız üzərində Orxun yazıları ilə çap edilmiş uyğur kitabı, Qırğızıstanda Talas yazıları da silsilə olaraq tapılmış və danimarkalı alimin çözdüyü hərflərin sayəsində mətnlərin mənaları qədim türk, uyğur,qırğız dialektlərində bizə çatmış oldu.
1969-cu ildə Qazaxıstanın keçmiş paytaxtı Almatadan 50 km məsafədə yerləşən İssık ərazisində yol çəkimləri zamanı tapılmış yaşı e.ə V əsrə aid edilən Saka kurqanı – arxeoloqların marağına səbəb olur. Araşdırma zamanı qazax tədqiqatçılar Beken Nurmuxanbetov və Kamal Akişev bütün paltarları və silahı belə qızıldan olan Saka şahzadəsi və yüzlərlə antik eksponat tapırlar. Bizim yazımıza görə bu tapıntının ən böyük önəmi budur ki, Saka şahzadəsinin yanında müxtəlif əşyalarla yanaşı üzərində Orxun yazıları kimi bildiyimiz 26 hərfin olmasıdır. Bu yazılar gümüş qədəh qabın üzərində yazılıb. Yazı belədir: “Tigin 23 yaşında öldü, Eşik xalqının başı sağ olsun”. Beləliklə bu tapıntı sübut etmiş oldu ki, türk runik əlifbasının yaşı eramızın VI əsrindən götürülməsi yalnışdır və əsil istifadə kökləri 2500 illikdir.
Araşdırma yazımın sonunda bir daha dünya yazı elminə türk sivilizasiyasının da öz əlifbası olduğunu sübut edən Danimarka Kraliyət Elmi Cəmiyyətinin rəhbəri olmuş professor Vilhelm Tomsenin əziz xatirəsi önündə dərin vəfa-minnətdarlığı ilə baş əyərək, təklifimi səsləndirmək istərdim – 15 dekabr Türkdilli Respublikalarda ortaq “Türk dili”-Günü kimi qeyd olunsun. Hətta Qazaxıstanın paytaxtı Astanada 2010-cu ildən fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının nəzdində danimarkalı professor Vilhelm Tomsenin adına elmi orden də təsis edilərək – milliyətindən, dinindən, irqindən asılı olmayaraq Türk tarixinin düzgün araşdırılmasına töhvə vermiş insanlara təqdim edilsin.
Əbülfəz ŞEYDABƏYOV
www.yenicag.az