Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə-NATO gərginliyində yeni mərhələ: Ankara Vaşinqtona “əkdiyini biçdirir”

“Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində Türkiyə üzləşdiyi təzyiqləri qətiyyətlə dəf etməkdədir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə-NATO münasibətlərində ziddiyyətlərin dərinləşməsi və Ankaranın bu çərçivədə ata biləcəyi növbəti addımları şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

NATO-nun 3-4 dekabr tarixlərində Londonda keçiriləcək sammiti ərəfəsində alyans daxilində növbəti ziddiyyətlər baş qaldırıb. Türkiyənin sözügedən sammitdə NATO-nun Baltikyanı ölkələr və Polşanın Rusiya tərəfdən gözlənilən mümkün təhlükəyə qarşı müdafiə planını dəstəkləmək üçün öz şərtini irəli sürməsi hərbi-siyasi ittifaqda çox ciddi qeyri-müəyyənlik yaradıb.

Ankaranın vurğulanan müdafiə planına qarşı çıxmamaq üçün NATO-dan YPG-ni terror təşkilatı kimi tanımaq və Suriyada həyata keçirdiyi hərbi kampaniyaya dəstək vermək tələbi alyans üzvlərini çətin vəziyyətə salıb. Onların bu dilemmanı necə həll edəcəkləri, o cümlədən Türkiyə-NATO münasibətlərinin gələcəyi baxımından, London sammitinin əhəmiyyəti xeyli artır.

Şair Ramaldanovun sözlərinə görə, Türkiyənin üzvü olduğu NATO ilə münasibətlərinin gərginləşməsində əsas “katalizator” ABŞ-dır:

“ABŞ Türkiyənin maraqlarını nəzərə almamaqla, Ankaranı siyasi-iqtisadi təzyiq altında saxlamağa çalışır. Ancaq nəzərə alınmalıdır ki, Türkiyə özünə güvənən bir dövlətdir. Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində Türkiyə üzləşdiyi təzyiqləri qətiyyətlə dəf etməkdədir.

Türkiyəyə qarşı bu təzyiqlər həm də ABŞ prezidenti Donald Trampın hegemonluq iddialarından qaynaqlanır. Lakin Türkiyə onunla bu şəkildə davranılmasını qəbul etmir və öz maraqlarından geri çəkilmir.

Yaranmış gərginliyin səbəblərini vurğulasaq qeyd etməliyik ki, ABŞ NATO ölkələrində, o cümlədən, Türkiyədə özünün istehsal etdiyi hava hücumlarından müdafiə sistemlərini yerləşdirmək istəyirdi. Amma bu çərçivədə Türkiyəyə “Patriot” sistemlərinin satışından imtina olunması gərginliyin artmasına zəmin yaratdı.

Türkiyə isə öz maraqlarına uyğun hərəkət edərək, Rusiya ilə yaxınlaşdı. Ankara bəyan etdi ki, ABŞ-ın Türkiyəyə satmaq istəmədiyi “Patriot” sistemlərinin alternativini Rusiyadan almasında problem yoxdur. Bəlkə də ABŞ gözləmirdi ki, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq bu səviyyəyə qədər inkişaf edəcək.

Reallıq bundan ibarətdir ki, Türkiyə ilə Rusiya S-400 raket komplekslərinin satışı məsələsində anlaşdılar və “Patriot”lardan xeyli ucuz başa gələn o sistemlər artıq Türkiyəyə təhvil verilib. Türkiyə bununla bir daha göstərdi ki, müstəqil siyasət yürüdərək, təzyiqlərə boyun əyməyəcək”.

Ramaldanov qeyd edib ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyanın Suriya proseslərində mövqelərinin güclənməsi ilə nəticələndi:

“ABŞ-ın Suriyada Türkiyəni dəstəkləməməsi, əksinə, terrorçu PKK-nın qollarına hərtərəfli yardım göstərməsi Rusiyanın oradakı mövqelərini gücləndirdi. Bununla belə, Suriya proseslərində Türkiyə ilə Rusiya öz mövqelərini uzlaşdırmağı bacardılar. Türkiyə ilə Rusiya hazırda Suriyada birgə fəaliyyət göstərir”.

Ekspert hesab edir ki, mövcud gərginliyə baxmayaraq, NATO dövlətləri Türkiyə kimi bir müttəfiqi itirmək istəməz:

“Bilirik ki, NATO-nun daxilində öz döyüş qabiliyyətinə görə ABŞ-dan sonra ikinci yeri Türkiyə tutur. Biz bunu Türkiyənin həyata keçirdiyi son hərbi əməliyyatlarda da gördük.

Türkiyə Silahlı Qüvvələri praktik döyüşlərə qatılır və təcrübəsini artırır. Fikrimcə, Türkiyə özü bu alyansdan çıxmağa qərar verməsə, NATO Türkiyədən imtina etməyəcək”.

Türkiyə-NATO və Türkiyə-Rusiya münasibətləri fonunda Azərbaycanın qazanclarına gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Türkiyə ilə Azərbaycan qardaş dövlətdir. Eyni zamanda, qlobal oyunçu iddiası olan böyük bir ölkədir. Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri zamanı yüksək səviyyədə qarşılanması, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etməsi bu münasibətlərin səviyyəsini göstərir.

Əlbəttə ki, Türkiyə Rusiya ilə yaxınlaşmaqla Azərbaycanın maraqlarını unutmur. Biz bilirik ki, Türkiyə Azərbaycanın əsas problemi olan Qarabağ münaqişəsinin həllini hər zaman diqqətdə saxlayır.

Digər tərəfdən, Dağlıq Qarabağın işğalında Rusiyanın təsirinin olduğunu da unutmuruq. Bu, bir faktdır. Bu gün də əksəriyyət belə hesab edir ki, “Qarabağ probleminin həlli açarı Rusiyadadır”.

Belə olduğu halda Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafı Qarabağ münaqişəsinin ədalətli həllinə də yardım edə bilər. O baxımdan, bu iki dövlətin yaxınlığı Azərbaycanın mövqeyinə müsbət təsir göstərir”.

Polkovnikin fikrincə, Rusiya-Türkiyə yaxınlaşmasında Azərbaycan ciddi rol oynayır:

“Rusiya ilə Türkiyə arasındakı məlum gərginlikdən sonra iki dövlət arasındakı vasitəçiliyi Azərbaycan öz üzərinə götürdü, bu istiqamətdə çox iş gördü.

Nə qədər ki, Türkiyə-Rusiya yüksək səviyyədə olacaq, Azərbaycanın mövqeyi həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində, həm də geosiyasi arenada xeyli möhkəmlənəcək”.

Səxavət Məmməd

www.yenicag.az

1214
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100