Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində faciəli şəkildə ölən Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, həlak olan 1978-ci il təvəllüdlü gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu Nefçalanın Banka qəsəbəsindən, 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat Kamil oğlu isə Bakı qeydiyyatında olub. Gəminin batması nəticəsində İbrahimov Məmmədəlinin cənazəsi tapılsa da, İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir.
İbrahimov Məmmədəlinin yaxınlarının Unikal.org-a verdikləri məlumata görə, o, 1999-cu ildən 2015-ci ilə kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (AXDDG) bərə (paron) gəmisində çalışıb. Bundan sonra o, Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisində işləməyə başlayıb. İbrahimov Məmmədəli bu gün Türkiyənin Samsun şəhərindən Azərbaycana gəlməyi planlaşdırırmış. Üç qız övladı olan İbrahimov Məmmədəli Nefçalanın Banka qəsəbəsindəndir.
İsmayılov Turbat Kamil oğlu isə 1993-cü ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. O, da uzun illər Xəzər Dəniz Gəmiçiliyinə məxsus bərə (paron) gəmilərdə çalışıb və heç vaxt ailəli olmayıb. Dostlarının verdiyi xəbərə görə, o yaxınlarda evlənəcəyi ilə bağlı vətənə dönəcəyini demişdi.
Qeyd edək ki, hadisə nəticəsində gəmidə 13 nəfər olub. Onlardan 7 nəfəri xilas edilsə də, 6 nəfərin həyatını qurtarmaq mümkün olmayıb.
www.yenicag.az