“Türkiyə-Azərbaycan qardaşlığı fonunda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq genişləndirilməlidir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin nüfuzlu alimlərindən biri olan İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “EduTime” Təhsil və İnkişaf Mərkəzi, ADPU, İslahatçı Gənclər İctimai Birliyi və Azxeber.com-un təşkiatçılığı ilə keçirilən “Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı” mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, cəmiyyətdə seçilmək və uğurlu işlərə imza atmaq üçün ilk növbədə mütləq insan yetişdirmək lazımdır:
“Necə deyərlər, “ot kökü üstə bitər”. Hər bir şəxs də öz kökü üstə bitir. Onun kökü qədim mədəniyyəti, tarixi, adət-ənənələri, mentaliteti sayılır. Yəni sözün həqiqi mənasında cəmiyyətə faydalı fərd yetişdirmək lazımdır. Qərb isə bunu qəti olaraq istəmir və gənc nəslə “moda” adı ilə təsir etməyə çalışır.
Dəb isə yalnız geyimdən ibarət deyil. Yediyimiz qidalar, dinlədiyimiz mahnılar, gəzdiyimiz yerlərin hər biri özlüyündə dəb sayılır. Yemək isə bunların ən sonuncusudur. Qərb gənclərə təsir edərək onları tarixindən uzaqlaşdırmağa və utandırmağa, adət-ənənələrini unutdurmağa cəhd göstərir.
Buna isə bir çoxumuz övladlarımızı xaricə təhsil almağa göndərməklə səbəb oluruq. Özümüzə sual verək, kimin övladı xaricə getdikdən sonra ölkəyə qayıtmaq istəyib? Demək olar ki, çox az qisim buna müsbət cavab verə bilər. Belə halların yaşanmaması üçün övladlarımızı öz kökü üstündə sağlam inkişaf etdirməliyik. Qərbin bu kökləri qurutmasına imkan yaratmamalıyıq.
İlk və əsas problemimiz “öyrədilmiş çarəsizlik” sindromunun bizə təlqin edilməsidir. Yəni Qərb “siz bacarmazsınız, biz hazırlayarıq, sizə satarıq”, – deyir. Buna qarşı çıxmaq və özümüzə “mən nə edə bilərəm?” sualını vermək lazımdır. Qərbdə olub, bizdə olmayan nə var? Onlar da silah düzəldə bilir, biz də. Onlar da texnologiyanı inkişaf etdirə bilir, biz də. Onlar da kosmosa çıxa bilir, biz də.
Bütün bu amilləri göz önünə alaraq, Qərbin digər cəmiyyətləri hələ də kölə olaraq görmək istədiyinin fərqinə vararıq. Bizə demokratiyanı, insan haqlarını təbliğ edən Yaponiyaya, Böyük Britaniyaya, Norveçə, İsveçə, Hollandiyaya baxın, hələ də monarxiya üsulu ilə idarə olunurlar. Yəni insanları kölə kimi görürlər. Lakin digər cəmiyyətlərə köləliyin insanlığa zidd amil olmasından, demokratiyanın dünyanın hər yerində bərqərar olmasının vacibliyindən danışırlar. Burada da yaxşı məsəl çəkmək olar: kimdə nə yoxdur, ondan söz salır.
Türkiyə 1974-cü ildə Kipr Sülh Hərəkatı, Azərbaycan isə Qarabağ savaşı ilə özünə gəldi. Ətrafını, dost-qardaşını, düşmənini tanıdı, kimin kim olduğunu ayırd edə bildi. Türkiyə-Azərbaycan qardaşlığı fonunda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq genişləndirilməlidir. Çünki bir olmasaq, öz köklərimizi xatırlamasaq, tariximizi unutsaq, gücümüzü nümayiş etdirməsək və inkişafa yönəlik addımlar atmasaq, köklərimiz quruyacaq. Buna isə heç bir halda imkan verməməliyik”.
Nəsimi Ələsgərli
www.yenicag.az