Türkiyənin Ermənistandan tələbi NƏDİR? – “Tək çıxış yolu var”
“İndi isə dalana dirənən və blokadada qalan Ermənistanın qonşu ölkələr, xüsusilə Türkiyə ilə münasibətlərin normallaşmasının tək çıxış yolu var. O da sülh müqaviləsini imzalamaq”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O, Türkiyə və Ermənistan arasında səfirliyin açılmasının hansı şərtlər çərçivəsində gerçəkləşcəyindən danışıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin səfəri fonunda dünyanın gözü Türkiyədədir.
“Kahramanmaraşda zəlzələdən əziyyət çəkənlər üçün inşa edilən “Azərbaycan məhəlləsi”nin açılışı və türk ictimaiyyəti tərəfindən İlham Əliyevin Qarabağ fatehi adlandırılması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində yeni səhifələrin açıldığını göstərir”.
O, xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın da Türkiyəyə səfəri bir sıra fikirlər formalaşdırıb:
“Düşünülür ki, havadarlarının çətiri altında xarici siyasət yürüdən Ermənistan dalana dirənib. Lakin alternativlər yoxdur. İrəvanın tək seçimi Bakının tələblərini – ATƏT-in Minsk qrupunun ləğvi, Azərbaycana qarşı ərazi iddiaları mövcud olan konstitusiyada müəyyən dəyişiklər, kommunikasiyaların fəaliyyəti üçün münbit şəraitin yaradılması – yerinə yetirməlidir”.
“Əgər yenə də prosesləri uzadacaqsa bu eynilə Vətən müharibəsindəki kimi məğlubiyyətlə nəticələnəcək. Bütün dünya 30 il ərzində sülh prosesinə maneə yaradan, daşlar qoyan tərəfin Ermənistan olduğunu gördü. İlham Əliyevin də dediyi kimi, bizim 30 il daha gözləməyə səbrimiz yoxdur. Əzəli və əbədi tarixi torpaqlarımızı qan bahasına azad etdik. İndi isə dalana dirənən və blokadada qalan Ermənistanın qonşu ölkələr, xüsusilə Türkiyə ilə münasibətlərin normallaşmasının tək çıxış yolu var. O da sülh müqaviləsini imzalamaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli