Türkoloji Qurultayı yenidən Bakıda keçiriləcək: Süleyman Basa bunu yalnız keçmişə hörmət hesab etmir
Bakı Türkoloji Qurultayının 100-cü ildönümü münasibətilə keçiriləcək beynəlxalq tədbirin əsas təşkilatçıları sırasında Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türkiyat Araşdırmaları Mərkəzi və Xəzər Universiteti yer alır. Tədbirə müxtəlif ölkələrdən tanınmış alimlərin, tədqiqatçıların və ictimai xadimlərin qatılması gözlənilir. Əsas məqsəd təkcə tarixi hadisəni anmaq deyil, yüz il əvvəl əsası qoyulan elmi platformanı müasir dövrün tələblərinə uyğun olaraq yenidən canlandırmaqdır.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında elmi əməkdaşlığın təməlini qoymuş mühüm hadisə idi. Həmin vaxt ortaq əlifba, dil birliyi və mədəni irs məsələləri geniş müzakirə edilmiş, gələcək nəsillər üçün strateji istiqamətlər müəyyənləşdirilmişdi. İndi isə həmin xəttin bir əsr sonra yeni, daha təkmil mərhələyə daşınması əsas hədəf kimi qarşıya qoyulur.
Yenicag.az-a açıqlamasında Türk İnternet Media Birliyinin (TİMBİR) başqanı Süleyman Basa yubiley tədbirini yüksək qiymətləndirərək bildirib ki, Bakının bu missiyanı yenidən üzərinə götürməsi təsadüfi deyil. Onun sözlərinə görə, Bakı türk dünyasının həm elmi, həm də mədəni mərkəzlərindən biridir və yüz il əvvəl formalaşan ideoloji xətt bu gün də öz aktuallığını tam qoruyur.
Dr. Basa vurğulayıb ki, müasir dövrdə elmi əməkdaşlıq yalnız akademik çərçivə ilə məhdudlaşmamalıdır. O qeyd edib ki, ortaq elmi mirasın qorunması, rəqəmsal mühitdə yayılması və gənc nəslə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, belə mötəbər tədbirlər türk dünyasının informasiya və elm sahəsindəki inteqrasiyasını daha da gücləndirir.
Yüz il əvvəl Bakıda qəbul olunan qərarlar və aparılan müzakirələr türkoloji elmin gələcək istiqamətini müəyyənləşdirmişdi. Bu gün qarşıda duran əsas məsələ həmin mirasın sadəcə tarixi fakt kimi qalmasının qarşısını almaqdır. Elmi əməkdaşlığın davamlılığı, ortaq layihələrin həyata keçirilməsi və akademik mübadilənin genişləndirilməsi bu baxımdan həyati vacibdir.
Bakı Türkoloji Qurultayının 100 illiyi bir daha sübut edir ki, türk dünyasının ortaq elmi irsi yaşayır və inkişaf edir. Bu yubiley yalnız keçmişə olan hörmətin ifadəsi deyil, həm də gələcəyə verilən güclü mesajdır. Elmi körpülərin möhkəmləndirilməsi və yüz illik irsin davam etdirilməsi türk dünyasının inteqrasiyası üçün strateji əhəmiyyət kəsb edir.
Amir Aqiloğlu













