Ukraynada bir günlük matəm elan olundu – Zelenskidən sərəncam

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar ölkədə birgünlük matəm elan edib.

Yenicag.az xəbər verir ki, qərara əsasən yanvarın 9-da dövlət bayraqları endirilib. Prezident ukraynalılara İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar hərtərəfli və müstəqil araşdırma aparılacağına söz verib.

Zelenski yanvarın 9-da İrana göndərilən ukraynalı mütəxəssislərin qəzanın səbəblərinin araşdırılması ilə bağlı yaradılmış komissiyaya qoşulmasına ümid etdiyini, o cümlədən, ehtiyac olacağı halda komissiyanın tərkibinə digər əlaqədar qurumların mütəxəssislərinin cəlb edilə biləcəyini vurğulayıb.

“Araşdırma komissiyasının heç olmasa ilkin hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən xahiş edirəm ki, manipulyasiyalardan, fərziyyələrdən, sui-qəsd nəzəriyyələrindən, tələsik qiymətləndirmələrdən və yoxlanılmamış məlumatlardan uzaq dursun”, – prezident bildirib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, qəzanın səbəbi təyyarənin mühərrikinin yanması olub.

 

 

 

 

COP29