Varlıların evini bəzəyən tirannozavr fosilləri: Elm adamları narahatdır
Dünyanın ən məşhur yırtıcılarından sayılan tirannozavrların fosillərinin milyonlarla dollara hərracda satılması alimlərin onlara çıxışını xeyli çətinləşdirir.
Yenicag.az xəbər verir ki, “Paleontologia Electronica” jurnalında dərc olunan araşdırmaya görə, tirannozavr fosilləri hərraclarda 1,5-38,6 milyon dollar arasında özünə alıcı tapır.
Alimlər xəbərdarlıq edirlər ki, bu vəziyyət onların tədqiqat imkanlarını məhdudlaşdırır, xüsusən də gənc tirannozavr nümunələri artıq kommersiya məqsədilə əlçatmaz hala gəlib.
Məlumata əsasən, hazırda 61 tirannozavr fosili dövlət kolleksiyalarında saxlanılsa da, 71 nümunə şəxsi kolleksiyalarda qorunur. Alimlər bildirir ki, kommersiya məqsədli satışlar olmasaydı, elmi araşdırmalar üçün 150-yə yaxın tam tirannozavr fosili mövcud ola bilərdi.
Tədqiqatçılar xüsusilə fosillərin “lüks dekorativ əşyaya” çevrildiyini və bunun tirannozavrın inkişaf mərhələləri və yaşadığı coğrafiya ilə bağlı dəyərli elmi məlumatların itirilməsinə səbəb olduğunu vurğulayırlar.