“Baş verən son olayları hakimiyyətdaxili qarşdurma kimi qiymətləndirmirəm”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq, nəvəsinə toy etməsinə və ondan sonra baş verənlərə münasibət bildirən sabiq dövlət katibi Qabil Hüseyinli deyib.
Qabil Hüseyinli bildirib ki, bu hadisələri hakimiyyətdaxili savaşın təzahürü kimi dəyərləndirənlər olsa da, o, məsələyə fərqli yanaşır:
“Müəyyən dövrlərdə açıq nəzərə çarpan hakimiyyyətdaxili qarşıdurma bu gün demək olar, tam aradan qaldırılıb. Artıq bütün daşların yerinə oturduğun söyləyə bilərik.
Ramiz Mehdiyevin hərəkətlərinə gəldikdə, əlbəttə, kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq, karantin rejiminin tələblərinı hamı əməl etməlidir. Ortada həmin qaydaların pozulma faktı var və ölkənin siyasi rəhbərliyi də bununla bağlı zəruri tədbirlər görüb.
Bu tədbirlər hər şeyi yerbəyer etdi. İnsanlar bir daha əmin oldular ki, dövlət qüdrətli əllərdədir və istənilən anda öz qətiyyətini göstərməyə qadirdir. Kim olursa-olsun, səhv edənlər qanun çərçivəsində cəzalandırılacaq.
Hesab edirəm ki, görülən tədbirlər ədalətli və ibrətlidir olduğu üçün ölkənin bütün təbəqələrində razılıqla qarşılanıb”.
Səxavət Məmməd
www.yenicag.az