ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan xalq artisti Gülyanaq Məmmədova maraqlı açıqlamalar verib.
Yenicag.az xəbər verir ki, xalq artisti ilk olaraq uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyini söyləyib:
“Vaxt ayırıb övladlarımın dərsləri ilə məşğul olsam, mənim üçün yaxşı olar. Ona da az zaman ayırıram. Bəzən olur ki, axşam saat 10-dan sonra evə gedib çıxıram. Mən evə gedənə kimi də bizdə qaydadır ki, uşaqlar saat 10-a kimi yatırlar. Qapıdan girəndə uşaqlarım üstümə qaçır və öpürlər. Məni az-az görürlər deyə, evə iki dəfə girsəm də, yenə qaçıb öpürlər ki, anamız gəldi. Kiçik övladım boynuma sarılanda məni özünə elə sıxır, sevinir ki, anam gəldi”.
Təxminən iki ay öncə atasını itirən xalq artisti, bu ağırını-acını da insanlara hiss etdirmədi:
“Əhvalımızı elə də büruzə vermədik. Düzdür, efirlərə çıxmaq istəməsək də, bu da mənim işimdir axı. Təbii ki, atam mənə əziz olan qədər başqasına əziz ola bilməz. O ərəfələrdə haqqımda yazılan rəyləri girib oxuya bilmirdim, ancaq nə baş verdiyini eşidirdim. Tənqid edənlər də oldu. Onlar bunu yaşamayıblar deyə bəziləri anlamırlar. Əzizi itirməyin nə olduğunu yaşayan bilir. Mənim konsertmeysterim şahidimdir ki, atam vəfat edən zaman mən səfər üstəydim. Onlar bilir ki, mən nə əziyyət çəkdim. Ağlayıb sızlayıb, ardınca səhnəyə çıxıb işin öhtəsindən gəlməyə də bir hünər lazımıydı”.
Gülyanaq Məmmədova ilə olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.
Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
www.yenicag.az