“Özümü urvatdan salmaq istəmirəm”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor və aktyor Elxan Qasımov seriallarda və yeni çəkilən filmlərdə görünməməsinin səbəblərindən danışarkən deyib.
Aktyor bir çox həmkarlarının da elə filmlərə çəkilməsini arzulamadığını bildirib:
“Seriallara dəvət alıram, amma qəbul etmirəm. Yüngül şeylər mənlik deyil. Çox istəyərdim ki, sənətkarlarımız ciddi rollarda tamaşaçı qarşısına çıxsınlar. Çünki onlar istedadlı aktyorlardır, yaxşı obrazlara layiqdirlər. Yüngül obrazlarda qoy başqaları çəkilsinlər. Məsələ burasındadır ki, indi elə sanballı ekran işləri də yoxdur ki, həmin aktyorlar orada rol alsın. Televiziyalar nələrsə çəkir. Amma bir iş də var ki, onlar kinonu ölməyə qoymurlar. Lap seriallar olsa da… Azər Axşama, Rafael və Coşğuna heyfim gəlir, onlar üçün yaxşı ssenarilər yazılmalıdır. Çörəkpulunu bir tərəfə qoyaq, axı onlar həm də işləməlidir. Bütün aktyorlara aiddir. Nə qədər jek müdirini oynamaq olar?Bir var Otello, Hamlet və dünya klassikasından hansısa obrazları oynayasan, bir də var belə roller”.
Xalq artisti indiyədək kinoda qazandığı hörməti itirmək istəmədiyini deyib:
“Rövşən İsax çəkəndə, bilirsən ki, bu serialı rejissor çəkir. Azərbaycanda ən pisi budur ki, ən asan sənət rejissor sənəti olub. İndi yeni bir tendensiya yaranıb, hamı adının qabağında bütün titulları-rejissor, prodüser, ssenarist yazır. Çalışıram, nə qazanmışamsa, onu qoruyum saxlayım. Nəyim varsa, onu saxlayıram. Yanımda deyirlər ki, filankəs , o boyda aktyor niyə belə bir rola çəkilib, yaraşmır axı ona. Eşidirəm axı bu sözləri. Ona görə də, özüm haqqında eyni sözləri eşitmək istəmirəm və elə seriallara çəkilmirəm. İnan mənə televizorda hansısa verilişə dəvət alanda belə, gecə səhərə qədər yata bilmirəm. Düşünərm ki, nə geyinim, necə danışım, necə özümü aparım ki, tamaşaçının uzun illərdən bəri haqqımda formalaşan fikri dəyişməsin, onların gözündən düşməyim. Qısası, özümü urvatdan salmaq istəmirəm”.
Cəvahir
www.yenicag.az