Qəzənfər (“Yeddi oğul istərəm), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), İbrahim (“Atları yəhərləyin”), Məzahir “Mən ki gözəl deyildim”…
Azərbaycan kinosunda xüsusi yer tutan bu filmləri və obrazları təsadüfən xatırlamadım. Milli kinomuzun bənzərsiz aktyoru, mərhum xalq artisti Şahmar Ələkbərovun xatirə günüdür.
Tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov sənət dostu ilə bağlı xatirələrini Yenicag.az-a la bölüşüb:
“Şahmarı gənc ikən tanıyırdım. O vaxt “Azdrama”da işləyirdik, onu, məni və Hamlet Xanızadəni müəllim kimi İncəsənət İnstitutuna dəvət etdilər. Getdik. Elə həmin illərdə “Yeddi oğul” istərəm filminə dəvət aldıq. Müəllimlik fəaliyyətindən ayrılıb kino aləminə qədəm qoydu. Evlənəndə evi yox idi, mənə dedi ki, İçərişəhərdə evinizə yaxın kirayə ev tap, yeni ailəmlə orada yaşayım. Bir otaqlı ev tapdım. Elə gəlini ora gətirdi. İki əkiz qızları da həmin kirayə evdə yaşadıqları vaxt dünyaya gəldi. Şahmarın dilindən bir dəfə də olsun səhhəti ilə bağlı şikayət eşitmədik. Bu dəhşətli xəstəlik onu necə tapdı, bilmirəm.
Yadımdadır ki, ağır xəstə olan vaxtlarında ailəsi onu Almaniyaya müalicəyə apardılar, amma artıq gec idi. Xəstəliyi çox irəliləmişdi. Son görüşümüzü indi də ürək ağrısı ilə xatırlayıram. Onu görəndə dəhşətə gəldim, Şahmardan əsər-əlamət belə qalmamışdı, tanınmaz hala düşmüşdü. Amma kinoya olan sevgisi onu hələ də ayaqda tuturdu. Ağır vaxtlarında “Qəzəlxan” filmini çəkdi. “Yük” filminin də ssenarisini yazdı, amma çəkə bilmədi. Amansız xəstəliklə mübarizə aparmağa gücü yox idi, buna görə də son arzusu ürəyində qaldı.
Bir dəfə Fəxri Xiyabanda məzarını ziyarət edirdim. Yağış yağırdı. Qəribə idi ki, yağış büstünü yuyub, gözlərindən üzüaşağı axırdı, Şahmarın büstü sanki ağlayırdı. Özümü saxlaya bilmədim. Dedim, Şahmar, sənin ağlamağa ixtiyarın yoxdur, çünki milli kinomuza adını əbədi yazmısan. Çox filmlərdə çəkilə bilərdi, amma amansız xəstəlik ona imkan vermədi”.
Cəvahir