Dünən günorta saatlarında dünyasını dəyişən xalq artisti Xumar Zülfüqarova hələ dəfn olunmayıb. Ailə üzvləri onun harada dəfn olunacağı ilə bağlı qərarı gözləyir.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun Yenicag.az-a bildirdiyinə görə, xalq artisti Xumar Zülfüqarova ilə vida mərasimi evində baş tutacaq. Yas mərasimində nazirliyin əməkdaşları və strukturda olan rəqs kollektivlərinin üzvləri iştirak edəcəklər.
Nazirliyin mövqeyindən xəbər tutan mərhumun nəvəsi Anar Zülfüqarov Yenicag.az-a bunları deyib:
“Dünən günortadan rəhmətə gedən adam hələ də torpağa tapşırılmayıb. Biz nə qədər gözləməliyik axı? Cənazə ortalıqda qalıb, şəhəri gəzib, qəbir yeri axtarırıq. Bu adam 60 il dövlət üçün çalışıb, canını sənət yolunda fəda edib. İndi onu dəfn eləmək üçün yer tapılmayacaq? Niyə bu boyda sənətkarın yas mərasimi üçün bir yer təyin olunmadı, onunla vida mərasimi niyə evində keçirilməlidir? Ulu öndər ona ev bağışlayıb, fəxri adlar verib; Şöhrət ordeninə layiq görülüb, SSRİ xalq artistidir. O boyda sənətkarın meyidi ortalıqda qalıb. Oturub gözləməli deyilik. Fəxri Xiyabanda yer vermirlərsə, barı kömək etsinlər, qəbir yeri alaq”.
Cəvahir
Yenicag.az
www.yenicag.az