Xalqı ilə real geosiyasət arasında qalan Pakistan: Marşal Asim Münirin səssiz yüksəlişinin PƏRDƏARXASI

media-hightechnic-468x90

Şahmat oyunu uzun müddətdir, beynəlxalq siyasətin mahiyyətini izah etmək üçün istifadə olunan güclü bir metafora çevrilib. Şahmat taxtasındakı hər gediş ya irəliləmə, ya da oyundan çıxma deməkdir.  

Nüvə silahına sahib olan yeganə İslam dövləti Pakistan da bu gün həm regional, həm də beynəlxalq rolunu yenidən formalaşdıra biləcək, hətta ölkə daxilində əvvəllər görünməmiş sarsıntılara yol aça biləcək kritik strateji seçimlərlə üz-üzədir.  

Pis qonşulara sahib ölkə

Pakistan onilliklərdən bəri daxili siyasi çalxalantılar və çoxşaxəli xarici təzyiqlərlə mübarizə aparır. Buna baxmayaraq, son dərəcə etnik və coğrafi müxtəlifliyə malik bu ölkə birləşdirici qüvvə kimi çıxış edən ordunun rolu sayəsində indiyədək milli birliyini qoruya bilib. Onun geosiyasi mövqeyi Pakistanı tez-tez qonşuları ilə üz-üzə gətirib.

Şərqində hərbi potensialı və əhalisi daha böyük olan Hindistanla ortaq sərhəd, iki tərəfin də nüvə silahına sahib olması daimi gərginlik xətti yaradır. Hindistanın təxminən 172, Pakistanın isə 170 nüvə başlığına sahib olması bu balansı son dərəcə həssas hala gətirir.

Qərbində isə “Taliban”ın qayıdışından sonra belə regional və beynəlxalq münaqişələrin davam etdiyi Əfqanıstan yerləşir. Digər tərəfdən, sərhədin hər iki tərəfində fəaliyyət göstərən silahlı qruplar və iki ordu arasında zaman-zaman baş verən toqquşmalar nəzərə alındıqda, İran da daimi təhlükə mənbəyi kimi öz mövcudiyyətini qoruyur.

Müşərrəfdən İmran Xana siyasi və hərbi qarşıdurmalar mirası…

General Pərviz Müşərrəfin 1999-cu ildə həyata keçirdiyi hərbi çevrilişdən bəri Pakistan siyasətdə çəkisi böyük olan ordu ilə siyasi elitalar arasında mürəkkəb və sərt qarşıdurma dövrünü yaşayır. Bu dinamika daxilində Böyük Britaniya 2000-ci illərin əvvəlində sabiq baş nazirlər Bənazir Butto və Nəvvaz Şərifin ölkəyə qayıdışını təşkil etdi. Bu isə Buttonun 2007-ci ildə sui‑qəsd nəticəsində öldürülməsi və Şərifin yenidən yüksəlişi ilə nəticələnən qanlı siyasi rəqabətə yol açdı.

Sonrakı mərhələdə ordu Nəvvaz Şərifi zəiflətmək üçün İmran Xan və Tahirül Qadiri ilə ittifaq qurdu. Bu strateji addım hərbi qurumun siyasətdəki həlledici mövqeyini yenidən bərpa etməyi hədəfləyirdi. Kritik dönüş nöqtəsi isə Daxili İşlər Nazirliyini real səlahiyyətlərlə əlində saxlayan ilk Pakistan Baş naziri olan İmran Xanın ordunun heç bir halda qəbul etməyəcəyi “qırmızı xətt”ə – xarici siyasətin formalaşdırılmasına birbaşa müdaxilə etməyə çalışması oldu.

Xan xüsusilə 9 may 2023‑cü ildə tərəfdarlarının paytaxt İslamabada yaxın Ravalpindidə yerləşən ordu qərargahına hücumundan sonra korrupsiya və vətənə xəyanət ittihamları ilə həbs edildi.

Bu, Pakistan tarixində bir ilk idi. Çünki onilliklər boyu nə hərbçilərlə mübarizə aparan Pakistan Xalq Partiyası, nə də Pakistan Müsəlman Liqası–Nəvvaz kimi heç bir müxalifət partiyası belə bir addım atmağa cəsarət etməmişdi.

Bu hadisə bir daha göstərdi ki, Pakistan ordusu özünü dövlətin sonuncu qoruyucusu kimi görür və istər siyasi, istərsə də institusional səviyyədə olsun, avtoritetinə yönələn təhdidlərə qarşı sərt cavab verməkdən əsla çəkinmir.

Asim Münirin yüksəlişi: Konstitusiya savaşçısı  

Mövcud mənzərədə 2025-ci il etibarilə marşal Asim Münir Pakistan siyasətinin mərkəzinə yerləşmiş vəziyyətdədir. Müniri ölkənin güc arxitekturasında misilsiz bir aktora çevirən bir sıra üstünlükləri mövcuddur.

Birincisi, Hindistana qarşı hərbi uğurla nəticələnən özünəməxsus mübarizə keçmişinə malikdir.

İkincisi, 27-ci Konstitusiya dəyişikliyinə əsasən, ordu komandanına, demək olar ki, tam toxunulmazlıq verən hüquqi təminat Müniri daxili siyasi çəkişmələrdən böyük ölçüdə qoruyur.

Üçüncüsü, hərbi əməliyyatlar komandanı kimi ordunun bütün pillələri üzərində birbaşa və güclü təsirə sahibdir.

Dördüncüsü, ona məxsus xüsusi dini keçmişidir. Quran hafizi olması Pakistan tarixində bir ordu komandanı üçün ilk nümunədir. Bu xüsusiyyət ona xalq nəzərində güclü İslami legitimlik qazandırır.

Bütün bu amillər Müniri xarici siyasəti formalaşdıracaq bir mövqeyə gətirir, lakin o, bunu misilsiz dərəcədə mürəkkəb regional və qlobal şərtlər fonunda edir.

Pakistanın Təhlükəsizlik Şurasındakı yeni rolu və kritik öhdəliklər  

2025-ci il Pakistanın beynəlxalq arenada çəkisinin hiss olunduğu bir il oldu. Ölkə 2025–2026 dövrü üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) qeyri-daimi üzv seçildi. Bu çərçivədə Pakistan “Taliban” və radikal hərəkatlarla bağlı 1988 saylı qətnamə əsasında fəaliyyət göstərən Sanksiyalar Komitəsinə sədrlik vəzifəsini üzərinə götürdü.

Eyni zamanda, 1373 saylı qətnamə əsasında Rusiya və Fransa ilə birlikdə Terrorla Mübarizə Komitəsinin sədr müavini vəzifəsini də aldı. Bu vəzifələr beynəlxalq ictimaiyyətin xüsusən də Əfqanıstan, sərhəd təhlükəsizliyi və terrorla mübarizə kimi sahələrdə Pakistanın təhlükəsizlik və strateji vizyonuna duyduğu etimadı göstərsə də, ölkəyə ağır diplomatik öhdəliklər yükləyir. Pakistan bir tərəfdən dini və kimlik əsaslı öhdəlikləri, digər tərəfdən isə beynəlxalq təzyiqlər arasında həssas bir balans qurmaq məcburiyyətində qalır.

Hindistan ilə gərginliyin artması: Həqiqi nüvə təhlükəsi  

Hindistan və Pakistan arasındakı gərginliklər bu il yalnız ritorika səviyyəsində qalmadı, real hərbi eskalasiya da yaşandı. 7 may 2025-ci ildə Hindistanın “Sindor Hərəkatı” adı ilə başladığı genişmiqyaslı əməliyyatla böyük bir hərbi toqquşma baş verdi.

Əməliyyat çərçivəsində doqquz fərqli bölgədə ümumilikdə 24 hava hücumu həyata keçirildi. Bu hücumlar böyük mülki itkilərə səbəb olmaqla yanaşı, hər iki tərəfdən də çox sayda hərbi təyyarə vuruldu. Sözügedən böhran Pakistanın bir neçə raket sınağı keçirməsi və Hindistanın öz hərbi addımlarını daha da artırması ilə həftələr boyu davam etdi.

Əhəmiyyətli bir inkişaf olaraq BMT TŞ hər iki tərəfi tammiqyaslı hərbi toqquşmadan çəkinməyə çağırdıqdan sonra may ayında atəşkəs uzadıldı. Lakin tərəflər arasındakı gərginlik davam etdi. Pakistan–Hindistan sərhədi, xüsusən də 1947-ci ildən bəri həllini tapmayan Kəşmir məsələsinə görə, regiondakı ən həssas və istənilən an alovlana biləcək münaqişə nöqtəsi olaraq qalır.

Trampın “İbrahim razılaşmaları” təzyiqi ilə xalqı arasında qalan hökumət 

Pakistan regional balansların yenidən formalaşdığı bir dövrdə “İbrahim razılaşmaları” təzyiqi ilə üz-üzədir. İlk dəfə 2020-ci ilin sentyabrında BƏƏ, Bəhreyn və İsrail arasında imzalanan və daha sonra Mərakeş və Sudanın qoşulması ilə genişlənən bu proses, 2025-ci ildə Tramp administrasiyası tərəfindən yenidən canlandırıldı.  

Tramp administrasiyasının rəhbərlik etdiyi sülh danışıqlarında iştirak Pakistan üçün qaçılmaz hala gəldi və bu addım müsəlman və ərəb ölkələrinin əksəriyyəti tərəfindən qəbul olundu. Bu məqamda Pakistan iki çox sərt seçimlə üz-üzə qaldı: ya regional (BƏƏ, Səudiyyə Ərəbistanı və İordaniya) və beynəlxalq konsensusa uyğunlaşacaq, ya da iqtisadi və siyasi təcridi gözə alacaqdı.  

Lakin pakistanlılar Fələstin məsələsinə görə, bəlkə də, dünyada İsrailə ən çox qarşı çıxan xalqlardan biridir. Bu səbəbdən İslamabadın atacağı ən kiçik normallaşma addımı belə ölkə daxilində böyük etiraz dalğası potensialı daşıyır.

2023-cü ilin oktyabrından bəri davam edən Qəzza müharibəsi Pakistanda İsrail əleyhinə güclü etiraz dalğası yaradıb. Buna baxmayaraq, ordunun himayəsindəki Pakistan hökuməti real regional reaksiyadan nisbətən uzaq durdu. Digər ölkələrdə olduğu kimi, hərbi qüvvə göndərmədi və ictimai rəyə qarşı qətiyyətli bir mövqe sərgiləmədi. Bu ehtiyatlı duruş 2023-cü ilin noyabrında Cəbəliyə qaçqın düşərgəsinin bombalanması ilə sarsıldı.

Pakistan Xarici İşlər Nazirliyi İsrailin hücumlarını sərt şəkildə qınadı və ölkə daxilində ilk dəfə Qəzzaya hərbi qüvvə göndərilməsi ehtimalı yüksək səslə müzakirə olunmağa başladı. Məhz burada böyük bir ziddiyyət ortaya çıxır: uzun müddətdir, özünü islami hərbi gücü ilə tanıdan nüvə silahlı İslam dövləti olan Pakistan İsraili dəstəkləyən müttəfiqləri ilə əməkdaşlıq edərək (dolayı yolla) normallaşma prosesinə daxil ola-ola, fələstinliləri qorumaq məqsədilə Qəzzaya hərbi qüvvə göndərə bilərmi?

Yeni ittifaqlar: Səudiyyə Ərəbistanı və Çin  

Pakistan bu çıxmazdan xilas olmaq üçün ittifaq şəbəkəsini gücləndirməyə yönəldi. 2025-ci ilin sentyabrında Pakistan Səudiyyə Ərəbistanı ilə bir razılaşma imzaladı:
Səudiyyə Pakistana pul və resursla kömək edəcək, əvəzində Pakistan da ona nüvə qoruması verəcək və lazım olsa, müdafiə edəcək. Digər tərəfdən, Çinlə strateji əməkdaşlıq da inkişaf etməyə davam edir, çünki Pakistan onilliklərdir, sabit şəkildə davam edən bu etibarlı ittifaqı qoruyub saxlamaq niyyətindədir.

Təhlil və gələcək ssenarilər  

Pakistanın strateji qərarvericiləri ölkənin gələcəyini formalaşdıracaq son dərəcə real və ağrılı bu üç seçimlə üz-üzədir:

Birinci seçim: Qərb sərhədindən (Əfqanıstan və Taliban) gələ biləcək potensial təhdidlə eyni vaxtda Hindistanla yeni hərbi qarşıdurma yaşanması. Bu hal Pakistanı beynəlxalq arenada təcrid edər və böhranın nüvə münaqişəsinə çevrilmə riskini artırar.

İkinci seçim: Fələstin məsələsində orta yol tapmağa çalışaraq beynəlxalq və regional ittifaq xarakteri daşıyan “İbrahim razılaşmaları” çərçivəsində qalmaq. Bu, iqtisadi və təhlükəsizlik əlaqələrini davam etdirməyə imkan verə bilər, lakin ölkə daxilində geniş ictimai qəzəbə, hətta bir kimlik böhranına gətirib çıxara bilər. 

Üçüncü seçim: Yaxın Şərqə yönəlik siyasi oyunu davam etdirərək, bu iki seçim arasında riskli bir tarazlıq qorumağa çalışmaq. Bu, Pakistanın Əfqanıstanda fəlakətli vəziyyətə düşmədən oynamağa çalışdığı bir oyuna bənzəyir.

Yalnız bir şey dəqiqdir: Pakistan bu dəfə real seçim etməkdən qaça bilməyəcək. İslamabadın verəcəyi qərar ölkənin daxili sabitliyini, regional mövqeyini və beynəlxalq münasibətlərini illərlə dərin şəkildə təsirləndirəcək. Burada veriləcək əsas sual budur: Asim Münirin biliyi, dini və konstitusion legitimliyi, habelə mövcud rəhbərliyin bacarığı bu böhranı labirintdə itib-batmadan idarə etməyə kifayət edəcəkmi?

“Yeni Çağ” Təhlil Qrupu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa