Xameneinin koordinatları ABŞ-yə ÖTÜRÜLDÜ: Rejim dini liderini nəyin qarşılığında satdı?

media-hightechnic-468x90

Dünən başlayan ABŞ-İran müharibəsi təkcə hərbi əməliyyat kimi yox, böyük geosiyasi dəyişimin başlanğıcı kimi qiymətləndirilir.

Baş verənlərin mahiyyəti ondan ibarətdir ki, bu müharibənin əsas və faktiki hədəfi İran dövləti bütövlükdə deyil, məhz ali dini lider Əli Xamenei idi. Çünki uzun illər ABŞ-İran münasibətlərində bütün prosesləri tormozlayan, Vaşinqton və Təl-Əvivin maraqları ilə uzlaşmayan xətti qoruyan əsas fiqur o idi.

İranın nüvə proqramı, uranın zənginləşdirilməsi siyasəti, regionda – Orta Şərqdən Orta Asiyaya qədər – təsir şəbəkəsinin qurulması, İnqilab Keşikçilərinin sərt xətti birbaşa ali dini rəhbərin siyasi iradəsi ilə formalaşırdı. Qərb dairələrində də belə bir fikir mövcud idi ki, Tehranla real razılaşma əldə etmək üçün sistemin zirvəsində dəyişiklik qaçılmazdır. Bu baxımdan, son hücumun tək hədəfinin Xamenei olması iddiası müəyyən məntiqə söykənir.

Burada diqqət çəkən əsas məqamlardan biri əməliyyatın dəqiqliyidir. Əgər ali liderin yeri nöqtə atışı ilə müəyyən edilərək hədəfə alınıbsa, bu, İranın təhlükəsizlik sistemində ciddi sızmaların olduğunu göstərir. Bu isə sadəcə xarici kəşfiyyat uğuru kimi yox, eyni zamanda, daxili faktor kimi də qiymətləndirilir. İddialara görə, hakimiyyət daxilində müəyyən elit qruplar Xameneinin sərt kursunun ölkəni ağır sanksiyalar və beynəlxalq təcrid vəziyyətində saxladığını düşünürdü.

Belə bir yanaşmaya görə, Xameneinin aradan qaldırılması yalnız xarici güclərin marağı deyildi. İran daxilində də müəyyən dairələr onun getməsində maraqlı idilər. Məqsəd sistemin dağılması yox, əksinə, sistemin qorunaraq transformasiya olunması idi. Yəni sərt ideoloji xətt zəiflədilir, lakin dövlət strukturu və hakimiyyət mexanizmi saxlanılır.

Bu kontekstdə Əli Laricaninin adı mümkün keçid fiqurlarından biri kimi hallanırdı. Onun ABŞ ilə daha praqmatik münasibətlər qurmağa, xüsusilə uranın zənginləşdirilməsi məsələsində müəyyən kompromislərə getməyə hazır olduğu barədə ehtimallar irəli sürülürdü. Əgər belə bir ssenari gerçəkləşərsə, İran sanksiyalardan mərhələli şəkildə çıxmaq və iqtisadi nəfəs almaq imkanı əldə edə bilər.

Burada əsas məntiq belə qurulur: problem İranın mövcudluğu deyildi, problem danışıqları dalana dirəyən və ABŞ-nin şərtlərinə uyğun olmayan xətti qoruyan lider idi. Onun aradan qaldırılması ilə Vaşinqtonun məqsədi sistem dəyişikliyi yox, kurs dəyişikliyi əldə etmək ola bilərdi.

Ancaq prosesin digər tərəfi də var. Xamenei yalnız siyasi rəhbər yox, həm də ideoloji simvol idi. Onun yoxluğu sistem daxilində güc balansını dəyişdirir. Bu dəyişiklik ya daha praqmatik xəttin önə çıxmasına, ya da əksinə, daha radikal qüvvələrin güclənməsinə səbəb ola bilər. Keçid dövrləri hər zaman risklidir və İran kimi ideoloji dövlətlərdə bu risk daha yüksək olur.

Nəticə olaraq, ortaya çıxan mənzərə belədir: görünən tərəfdə hərbi əməliyyat, arxa planda isə siyasi transformasiya ehtimalı dayanır. Əgər, doğrudan da, Xameneinin aradan götürülməsi daxili və xarici maraqların kəsişməsi nəticəsində baş veribsə, bu, İran üçün yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin mahiyyəti isə bir sual ətrafında formalaşacaq: İran sərt müqavimət xəttini davam etdirəcək, yoxsa sanksiyalardan qurtulmaq üçün daha uzlaşmaçı kursa keçəcək?

Qarşıdakı dövr yalnız İranın deyil, bütövlükdə regionun siyasi arxitekturasını müəyyən edəcək. Bu hadisə tək bir liderin ölümü deyil, Yaxın Şərqdə güc balansının yenidən qurulması prosesinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Aqil Ələsgər

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05