Hələ indiyədək heç bir müsahibimin evinə bu qədər kədərli, hüznlü getmirdim. Dərdini bilirdim çünki… Bilirdim ki, nə qədər poeziyadan, yaradıcılıqdan söhbət etsək də onun dünyasını tarimar etmiş oğlundan danışacağıq. Çünki bu, heç vaxt köz tutmayacaq yara idi.
Əvvəldən şərt kəsmişdi: suallar ciddi, müsahibə qalmaqaldan uzaq olacaqdı. Axı 3 il idi ki, heç bir jurnalistə nə evinin, nə də ürəyinin qapısını açmırdı. Beynimdə illər öncə ona ithaf olunmuş bir şeirin iki misrası dolaşa-dolaşa zəngi basıram. Qapını açan kimi deyirəm:
“Nə yaxşı ki bəxş etdin, sən mənə bu ürəyi
Xanımların xanımı, Mələklərin mələyi”…
Yenicag.az tanınmış şairə-bəstəkar Xanım İsmayılqızının müsahibəsini təqdim edir:
– Xanımlıq, ağıryanalıq, qürur… sənin obrazın təkcə mənim deyil, bütün tanıyanlarının beynində məhz bu cür tamamlanır…
– Məni bu cür qiymətləndirən hər kəcə minnətdaram. Dediyiniz nə mənim imicimdir, nə də obrazım – bu, mənim özüməm. Yəqin ki, bu da böyüdüyüm ailədən, ziyalı nəslimdən gəlir. Atam İsmayıl Qarayev yazıçı, anam Pərizad Tağıyeva həkim olub. Xalam Sona Tağıyeva ömrünün sonuna qədər Azərbaycanın bir çox ziyalılarının, alimlərinin oxuduğu 190 saylı orta məktəbin direktoru olub. Sən özün də o məktəbin yetirməsi olmusan və Sona müəllimənin necə sərt, necə ciddi bir insan olduğunu bilirsən. Onun səsi gələndə bütün məktəb farağat dururdu. Bax, mənim anam evdə ikinci Sona müəllimə idi. Olduqca ağırtəbiətli idi. Mən uşaqlıqdan o “olar-olmaz”larla böyüdüm. Bizə nəyisə istəmək qadağan olundu. Verəcəklərsə alacaqsan, amma kiməsə ağız açıb, nəsə istəməyəcəksən. O qadağalar mənim beynimə həkk olundu və ömür boyu da içimdəki o qayda-qanunlarla yaşadım. Yəni mən istəsəm də başqa cür hərəkət edə bilmərəm, artıq o tərbiyə genimdə, qanımdadır.
Hərdən bacılarımla, qızımla oturub söhbət edəndə deyirəm ki, biz içimizdəki qadağalarla bu zamanın adamı deyilik.
– Sona Tağıyevadan söz düşmüşkən, o əvəzsiz insanı Azərbaycan təhsilində misilsiz xidmətləri olmuş, böyük bir ziyalı, aydınlar ordusu yetişdirmiş o qocaman pedaqoqu xatırlamamaq günah olardı. Çox təəssüf ki, onun qurduğu təhsil ocağı da kimlərinsə “kreativ ideyası”na qurban verildi. Və məni ən yandıran məqam binanın yenidənqurulması zamanı Sona xanımın büstünün lazımsız bir əşya kimi toz-torpaqlar içində bir küncə atılması oldu.
– (ah çəkir) Mən bu məsələyə bir az əvvəldən başlamaq istəyirəm. İki ayrı – yəni rus və azərbaycan dillərində olan məktəblərin birləşdirilməsi kimin ideyası idi, bunu anlamadım. Amma bir onu bilirəm ki, mənim uşaqlığımı sökdülər, gəncliyimi dağıtdılar və Azərbaycanda müəllimlik yolunu yaradan bir pedaqoqun qurub-yaratdığı, sözün həqiqi mənasında bir həyat məktəbi olan ocağı viran qoydular.
– Büstü də orda deyil.
– Sözün açığı, xəbərim yoxdur. Amma deyim ki, məktəblərin birləşdirilməsini tək mən yox, bütün “190-çılar” etirazla qarşıladı. Hətta bilirəm ki, bu hadisəyə ağlayanlar da olub.
– Çünki ora bizim üçün bir vətən idi…
– Necə də düz dedin… 190 ayrı bir dünya idi. O məktəbi bitirənlər Azərbaycanın elmində, mədəniyyətində tanınan simalara çevrildilər. 190 bir brend idi, təhsilimizin brendi idi. Çox təəssüf… İnan, o tərəflərə gedə bilmirəm. Axırıncı dəfə Afət Bakıxanova o məktəbdə direktor olanda məni şagirdlərlə görüşə dəvət etmişdi. O divarlar mənə o qədər doğma idi ki…. Sona müəllimə mənim üçün xala yox, pedaqoq idi. Hər qadının hünəri deyildi ki, Şöhrət ordeni alsın. İnan, sonralar həmişə düşünürdüm ki, nə yaxşı mən o məktəbi bitirdim.
– Sona xanım həm də gözəl ana, qaynana idi. Bunu onun gəlini bəstəkar Aygün Səmədzadə də deyirdi.
– Aygün Səmədzadənin özü də yaxşı gəlin, misilsiz insandır. Bizim qohumluğumuz sonradan dostluğa, işbirliyinə çevrildi. Və bu münasibət indiyə qədər də davam edir. O insanın böyük ürəyi var. Ürəyi qədər sənəti də gözəldir.
– Sənətdən söz düşmüşkən, etiraf edək ki, elə Xanım İsmayılqızı da bəxtigətirənlərdəndir.
– Mənim yaradıcılıq yolum (istər bəstəkar, istər şairə kimi)
uğurlu olub, bunu danmaq olmaz . Bu yola 90-cı illərdə qədəm qoydum. Onda ədəbiyyata bir çox imzalar gəldilər və… getdilər. Məni dinləyicilərin, oxucuların sevgisi saxladı. Axı şairlər bir qədər dəymədüşər olurlar. Əgər o sevgini görməsəydim, bir kənara çəkiləcəkdim, heç nə yaratmayacaqdım.
– Bəs sən bir kənara çəkilsəydin musiqi sənətində bu qədər mahnının həm söz, həm də melodiya müəllifi “canım Xanım” kim olardı?
– (gülür) Rəhmətlik İlhamə Quliyeva məni belə çağırırdı. Bilirsən, adım mənə çox çətinlik yaradıb. Xüsusən də müraciət formasında… Ən çox eşitdiyim sual bu olub: “sizə necə müraciət edək?”. Hələ məktəbdə oxuyandan deyirdim ki, adımı dəyişmək istəyirəm. Düz iki dəfə cəhd etdim. Məktəbi bitirən kimi anama dedim ki, pasport alanda adımı dəyişəcəm. Üzümə elə məsum nəzərlərlə baxdı ki… Astadan bir kəlmə dedi: “anamın adıdır axı”. Vəssalam. Mən ondan sonra adım barədə bir də danışmadım. Sadəcə, barışdım və o adla da yaşadım. Çox istəyirdim ki, adım Fidan olsun. Sonradan bu adı qızıma qoydum.
Bir ölüm, bir küçə və ADAMSIZLIQ
– Axı ad da alın yazısı kimidir. Bəlkə dəyişsəydin taleyinin məlum faciəsi də baş verməyəcəkdi. Yəni Xanımın taleyini yaşamayacaqdın…
– (gözləri yol çəkir) Fəridin ölümündən sonra bir onu düşünürdüm ki, kaş mən ona başqa ad qoyaydım. “Fərid” adının mənası seçilmiş, qeyri-adi, standartlardan uzaq, fərqli deməkdir. Oğlum elə bənzərsiz ömür yaşadı. O doğulandan fərqli uşaq idi: qıvrım sarışın saçları, uzun kirpikləri, qara gözləri vardı. … Küçədə mənə deyirdilər ki, belə uşağı bayıra çıxartmazlar, gözə gələr. Hətta qaynatam gedib Zərdabda demişdi ki Əlisafanın bir oğlu var ki, nəslimizdə elə uşaq olmayıb. Qohum-əqraba ancaq onun gözəlliyindən danışırdı. Uşağım körpəlikdən gözə gəldi. Xəstəlikləri də qəribə olurdu: əvvəlcə saçları töküldü, sonra gözlərində problem yarandı. Mən onu ovcumun içində əsə-əsə böyütdüm. Onu aparmadığım həkim qalmadı. Heç kim onun saçlarının tökülməsinin səbəbini tapmırdı. Qəribəsi bilirsən nə idi? O sağalırdı, mən xəstələnirdim, o xəstələnirdi, mən sağalırdım. Yaşadığı 34 il ancaq belə keçdi.
– Eşitdiyimə görə, səninlə sonuncu dəfə sağollaşması da fərqli olub…
– (kövrəlir) Bir gün əvvəl gedib özünə əyin-baş almışdı. Həmin gün səhər duş qəbul etdi. Başdan-ayağa, hətta kəmərinə kimi təzə geyindi. Zarafata saldım mən də… Dedim, xeyir ola, görüşə-filana gedərsən birdən, xəbərim olmaz. Güldü. Qapıdan çıxanda da oynadı mənimçün. Mən də kandarda durub, gözlərimlə liftə qədər onu yola saldım. Liftin ağzında da əllərini sinəsinə qaldırıb, ləzginka oynayırmış kimi bir hərəkət etdi və liftə girdi…
Uşağım oynaya-oynaya getdi və… daha gəlmədi. Gülə-gülə yola saldığım balam evinə son dəfə çiyinlərdə qayıtdı.
(Gözyaşları danışmağa imkan vermir. Hər ikimiz Fəridin pianinonun üstünə qoyulmuş şəklinə baxıb ağlayırdıq. Araya dərin bir sükut çökdü… Durub çay süzdü. “Soyutma, dedi, – onsuz da Fərid mövzusu qurtaran deyil”.).
– Fəridin ölümündən əvvəl yuxunu qarışdırmamışdın?
– Mən yox, amma özü ölümünü yuxuda görmüşdü. Mən də dedim ki, yuxunu tərsinə yozarlar. Sən bilirsən axı, onun birinci ailəsi dağılmışdı. Övladları da yox idi. Səbəbkar Fərid deyildi. Hətta özü həmişə zarafatla deyirdi ki, Allah bilir hardasa neçə uşağım böyüyür. İllər keçirdi, gəlib 34 yaşına çatmışdı. Deyirdim, ailə qur, sən də ev-eşik sahibi ol. Bir qohum qız vardı, xoşuna gəlirdi. Bir gün dedim ki, ay Allah, bu iş xeyirli olacaqsa, mənə bir işarə göndər. Həmin gün Fərid elə o qızı yuxuda görmüşdü. Görüb ki, hardasa bir tikinti gedir. Həmin qız da yaxınlaşıb ona deyib ki, Fərid, bizim oğlumuz olub. O da təəccüblənib ki, axı biz evlənməmişik, oğlumuz necə ola bilər ki? Deyir, o anda uzaqdan bir fəhlə əl arabasını sürə-sürə gəldi, dayandı ikimizin arasında. Baxdım ki, içində quma basdırılmış bir uşaq var. Uşağı qaldırıb baxanda gördüm ki, bu, mənim körpəliyimdir (səsi titrəyir)…
– Bir küçə, bir adam, bir də yalqızlıq…
Bir ölüm, bir küçə və ADAMSIZLIQ…
Səhv etmirəmsə, sən bu şeirini 2013-də yazmısan. Və 1 il sonra eyni hadisə sənin övladının başına gəlir. Bu, nə idi belə? Tanrının xəbərdarlığı?
– (əllərini dizinə vurur) Bilmirəm ki… Amma o şeiri yazmışdım… Uşağımın da elə ürəyi tutub, küçədəcə keçinib. Sənə bir şeyi deyəcəm: əslində, mən Fəridin ömrünün qısa olacağını bilirdim. Bunu mənə demişdilər. Sən inan ki, düz 10 il mən bu qorxu ilə yaşadım və sonda da qorxduğum başıma gəldi. Mən falçılara, baxıcılara-filan inanmıram. Fəridin də başından qeylüqal əskik olmurdu. Bir gün mənə dedilər ki, Moskvadan bir rus ekstasens gəlib, gedək onun yanına. Getmirdim, nəsə güc-bəla razı saldılar. Qadın Fəridin şəklinə baxan kimi heyrətləndi. Dedi ki, bu oğlanın içində elə bil bütün orqanlar yerini dəyişib, nəzər-nəfs onun bütün aurasını parçalayıb. Dedi ki, hətta evinizdəki bütün nəzərləri bu uşaq öz üzərinə götürür. Axırda da dedi ki, bu uşağın ömrü çox qısadı… hardasa 30-33… Mən ona sözünü qurtarmağa imkan vermədim. O qədər peşman oldum ki, getməyimə, çox narazı şəkildə o qadının yanından çıxdım, məni aparan adamı da acıladım. Və sən inan ki, o gündən mənim beynimdə o “30-33” rəqəmi dolanmağa başladı. Fəridin onda 24 yaşı vardı. Düz, 10 il səksəkədə yaşadım. Bir az evə gec gələn kimi deyirdim ki, birdən başına bir iş gələr; birdən yolu keçəndə onu maşın vurar. İnsana bir saatın içində nə qədər zəng etmək olardı, bir günün içində nə qədər hal-əhval tutmaq olardı? Ta ki gəlib yerinə girməyənə qədər rahat ola bilmirdim. Az qalırdım, ürəyimi yarım, onu qoyum ora, sonra da tikim. Mən başdan-ayağa sanki onunla yoğrulmuşdum. Fərid mənim ruhum, canım, Allahım idi.
– Yəqin elə bu da Allaha acıq gedib.
– Yəqin ki… O mənə göstərdi ki, sən Xanım məndən çox heç kimi sevə bilməzsən. Balam mələk kimi gəlib, mələk kimi getdi. Çox fərqli adam idi. Kiminlə ünsiyyət qururdu, hamı ona heyran qalırdı. Ölümündən əvvəl dişlərini də düzəltdimişdi. Elə bil balamı Əzrayıl üçün bəzədim. Ona həsr etdiyim şeirdə dediyim kimi: “Canım oğlum, seçilmişdin, seçilirdin, seçildin…”.
– Fəriddən sonra sən yaşayırsansa igidsən…
– (qəhərlənir) Neçə dəfə intihar etmək istədim: gah fikirləşdim ki, özümü eyvandan atım, gah düşündüm ki, “termometri” sındırım içindəki civəni içim… Hər dəfə də ya kimsə gəldi, ya da kimsə zəng etdi. Sonda isə Fidan mənə elə bir söz dedi ki… Qayıtdı ki, onsuz da bilirdim ki, sən məni heç vaxt istəməmisən. Sənin sevgin Fərid idi. Dedi, bundan sonra mənimçün yaşa nolar, çünki sən mənə lazımsan. O sözdən sonra özümü ələ almağa başladım. Bir də sağ olsun, dostları… Bu dünyadan üzüm dönəndə, həyatdan küsdüyüm o faciənin içində mənə üz tutan, əl uzadan, təkidlə məni işə dəvət edən, dostum Afaq Məsud oldu. Bu təklif və təkid məni zülmətimdən qopartmaq, yaşatmaq cəhdi idi. Bunu hər adam etməzdi, Afaq Məsud etdi. Ona minnətdaram. Azərbaycan Tərcümə Mərkəzinə başı havalı, ağlı sərgərdan, ürəyi yaralı, ruhu xəstə kimi getdim. Afaq Məsud, Ramiz Rövşən, Zakir Fəxri kimi köhnə dostlarım məni gözləyirdi. Ordakı yaradıcı insanların aurası, işığı, sevgiləri və həssas münasibətləri ayağa qalxmaqda, bu yolu keçə bilməkdə mənə təmkin, güc verdi.
Sözsüz ki, şeirlərimin motivi dəyişdi, 3 ildir ki, bəlkə bir şeiri yazıram, çünki bütün ürəyimdəm süzülənlər Fəriddir.
İnan, gecələri elə səbirsizliklə gözləyirəm ki… Yuxu görmək istəyirəm. Çünki ancaq yuxuda balamla baş-başa qalıram, onu qucaqlayıram, qoxusunu duyuram, söhbət edirik. Axırda da mən ağlayıram, o gülür. İndi Allaha ən çox buna görə şükür edirəm ki, nə yaxşı bu yuxular var.
– Bu gün Allahdan ən böyük arzun nədir?
– Qapı döyülə… Açam ki, bir uşaq dayanıb. Deyə ki, mən Fəridin övladıyam. Onu bağrıma basıb, elə ordaca ölüm. Bilim ki, heç olmasa balamdan sonra bir yadigar qaldı…
Zakirə Zakirqızı
www.yenicag.az