Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin son illərdə ölkəni tərk etmək tendensiyasının güclənməsi bu arzuolunmaz prosesi şərtləndirən amilləri yenidən diqqət mərkəzinə gətirir.
Yenicag.az xəbər verir ki, son günlərdə müxtəlif ölkələri təmsil edən bir neçə şirkətin Azərbaycanda fəaliyyətini dayandırması ölkədə iqtisadi fəaliyyət mühitinin yenilənməsi zərurətini aktuallaşdırıb.
Xarici iqtisadi quruluşların Azərbaycanı tərk etmələrinə dair xoşagəlməz statistika daha 3 şirkət hesabına bir qədər də “zənginləşib”. Vergilər Nazirliyinin rəsmi orqanı olan “Vergilər” qəzeti “Burintek” (Rusiya) və “Globalink Logistics Group Ltd.” (Birləşmiş Ərəb Əmirlikləri) şirkətlərinin artıq Azərbaycandakı fəaliyyətlərinə xitam verdiklərini “müjdələyib”. Məlumata görə, Türkiyənin “Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti isə sentyabrın 15-də Azərbaycanda fəaliyyətini dayandıracaq.
Göründüyü kimi, cəmi bir neçə il əvvəl böyük pullar qazanmaq ümidi ilə Azərbaycana axın edən xarici iş adamları indi eyni sürətlə geri qayıtmaqdadırlar. Məsələnin ölkə iqtisadiyyatına təsiri baxımından əhəmiyyətini nəzərə alaraq, əcnəbi şirkətləri Azərbaycandan getməyə məcbur edən səbəbləri müəyyənləşdirməyə çalışdıq.
Xarici şirkətlərin Azərbaycandan geriyə axınını Yenicag.az-a şərh edən iqtisadçı Rəşad Həsənov bu tendensiyanı obyektiv və subyektiv amillərlə əlaqələndirib:
“Azərbaycandakı bu və ya başqa bir xarici şirkətin fəaliyyətini dayandırmasını şişirtmək doğru olmazdı. Yəni Azərbycandakı xarici şirkətlərin bir qismi bağlansa da, bununla yanaşı yeniləri də yaranır.
Ancaq indi müşahidə olunan tendensiya xarici şirkətlərin Azırbaycanı tərk etmələridir və təəssüf ki, bu tendensiya artmaqdadır. Əlbəttə, bunun müəyyən obyektiv və subyektiv səbəbləri var.
Qeyd olunmalıdır ki, həmin xarici şirkətlərin bir çoxu həyata keçirilən bəzi layihələr çərçivəsində Azərbaycana gəlirlər və həmin layihələr başa çatdıqdan sonra təzə sifarişlər almırlarsa, yeni tenderlərdə iştirak edə bilmirlərsə, o halda ölkədəki fəaliyyətlərini dayandırıb geri dönürlər.
Lakin ölkədəki xarici şirkətlərin öz fəaliyyətlərini dayandırmalarının başlıca səbəbi ölkədəki iqtisadi mühitin ötən illərdəki kimi cəlbedici olmamasıdır. Yəni alıcılıq qabiliyyəti və tələbat kifayət qədər aşağı düşüb. Bu şirkətlərin belə şərtlər daxilində fəaliyyət göstərmək imkanları xeyli məhdudlaşır.
Məsələn, bir neçə il bundan əvvəl Azərbaycanda dövlət büdcəsindən infrastruktur layihələrinə, əsas vəsait qoyuluşlarına yetərincə ciddi məbləğdə pullar – 8-9 milyard manat – ayrılırdı.
Hazırda isə bu məbləğ təqribən 3 dəfə azalıb. Bu isə təbii ki, son nəticədə o şirkətlərin, xüsusilə, tikinti sektorunda çalışan şirkətlərin ölkədəki infrastrukturlarını və kadr heyətini saxlamasını mənasız edir. Onlar da zərərə düşməmək üçün ölkəni tərk etməyə qərar verirlər.
Xarici şirkətlərdən bəziləri isə zamanında müəyyən eyforiyanın təsiri ilə Azərbaycana gəlmişdilər və müəyyən dövr ərzində ölkədə fəaliyyət göstəriblər. Ancaq son nəticədə onlar da gördülər ki, yerli biznes mühiti heç də kifayət qədər liberal deyil, eyni zamanda, buranın öz “yazılmamış qanunları” var, həmçinin Azərbaycan bazarının özünəməxsus tələbləri və şərtləri mövcuddur.
Bu tələblərə uyğunlaşa bilməyən şirkətlər ölkəni tərk etmək məcburiyyərində qalırlar. Amma ölkədən gedən şirkətlər əsasən, lüks kateqoriyalı məhsulların Azərbaycana gətirilməsi və satışı ilə məşğul olan şirkətlərdir.
Son 3 ildə əhalinin gəlirlərində baş verən azalma, həmçinin paralel olaraq, dövlət büdcəsindən xərcləmələrdə qaydaların sərtləşdirilməsi əhalinin müəyyən kateqoriyasının, xüsusilə, müxtəlif yollarla, o cümlədən büdcə vəsaitlərinin mənimsənilməsi yolu ilə yüksək gəlirlərə malik olan hissəsinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərib.
Bu səbəbdən, lüks kateqoriyalı məhsulların ölkəyə gətirilməsi və satışı prosesini həyata keçirtmək üçün distribütor şəbəkəsinin saxlanmasına tələb olunan xərclər gəlirləri üstələyir. Ona görə də həmin şirkətlər tələbin azalması fonunda Azərbaycanda öz fəaliyyətlərini dayandırmalı olurlar. Bütün bunları təbii proses kimi qiymətləndirə bilərik.
Amma bütövlükdə götürəndə, xarici şirkətlərin Azərbaycandakı fəaliyyətlərini dayandırmalarında əsas element kimi biznes mühitinə nəzər salınmalı və bunun səbəbləri dərindən araşdırılmalıdır”.
R. Həsənov xarici şirkətlərin Azərbaycanda fəaliyyətlərini dayandırması ilə nəticələnən subyektiv səbəblər sırasında aşağıdakı halları önə çəkib:
“Bu məsələyə dair subyektiv səbəblərdən danışarkən, müxtəlif neqativ halları qeyd etmək mümkündür. Yəni biznes mühiti artıq cəlbedici deyil, məmur müdaxiləsi və inhisarçılıq mövcuddur.
Hətta deyərdim ki, bəzi hallarda subyektiv formada hansısa şirkətin fəaliyyətinə rəqib şirkət tərəfindən administrativ gücdən istifadə edərək, birbaşa müdaxilə və əngəllərin yaradılması faktları da var.
Hazırda bizim iqtisadiyyatda hər cür neqativliklər və çatışmazlıqlar mövcuddur. Bütün bunlar isə özlüyündə subyektiv amillər blokunu təşkil edir. Subyektiv səbəb dedikdə, məsələyə o aspektdən yanaşılır ki, hansısa şirkət öz fəaliyyətində strategiyasını dəyişməsi, yaxud da daha əlverişli bazarlar tapması səbəbindən də ölkəni tərk edə bilər.
Həmçinin, yuxarıda dediyimiz kimi, bu və ya başqa xarici şirkətin sadəcə, Azərbaycandakı müqavilə öhdəlikləri başa çatdığına görə ölkəni tərk etməsi də mümkündür”.
İqtisadçı hesab edir ki, xarici şirkətlərin Azərbaycandan axınını dayandırmaq, heç olmasa, ən azı azaltmaq üçün normal iqtisadi fəaliyyəti təmin edəcək münbit mühit yaradılmalıdır:
“Qeyd edək ki, hökumət yeni iqtisadi dövr üçün özünün strategiyasını formalaşdırıb və orada əsas subyekt məhz biznes, biznesmen və investordur. Əsas hədəf də də onların fəaliyyət sferasını liberallaşdırmağa və münbit şəraitin yaradılmasına yönəldilməlidir. Xarici şirkətlərin ölkəni tərk etmək tendensiyası bu yolla zəiflədilə bilər”.
A. Zeynalov
www.yenicag.az