Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Xəstə insanlar üzərində qurulan biznes, turizm..." - Məşhur həkim Mehmet Haberalla sensasion MÜSAHİBƏ

“Həkimin özəl həyatı olmaz. Əgər həkimsizsə, sizin həyatınız da xəstələrinizdir”

Türkiyənin ən ünlü həkimlərindən biri, ölkənin ilk transpantoloqu, orqan nəqli əməliyyatlarında saysız-hesabsız ilklərə imza atan Mehmet Haberal!

Bu isim artıq Türkiyədə deyil, bütün dünyada məşhurdur. Ömrü boyu, gecə-gündüz demədən çalışan Mehmet Haberalın qurduğu Başkənd Universiteti haqda bir süjet hazırlamışdıq. Bu Başkənd Universitetinin özü bir “dövlətdir” sanki. Ancaq insanlıq, sağlamlıq, şəfa dövləti.
Bu “dövlət”ə “ölü” girən, diri çıxır. Çünki burdakı həkimlər xəstənin sağlamlığı üçün sözün həqiqi mənasında canlarını verməyə hazırdırlar.

Bir daha təkrar edirəm: məhz canlarını. Bu nəhəng universitetdə çalışan həkimlərin 90 faizi öz orqanlarını xəstələrinə bağışlayıb.
Azərbaycan həkimi və oxucusu üçün əsl sensasiyadır; yox, əsl şokdur. Necə yəni həkim öz xəstəsinə orqanını bağışlayır? Və bu həkim bir deyil, iki deyil – tam-tamına xəstəxana həkimlərinin 90 faizi!

Bu rəqəmi və fədakarlığı görəndə hansı hisslər keçirdiyimizi, necə donub qaldığımızı Başkənd Universitetinin tibb işçiləri bir ömür anlaya bilməzlər. Ancaq Azərbaycan oxucusu bilir biz nə deyirik, həm də çox gözəl bilir.

Mehmet Haberal kimdir?

1944-cü ildə Rizədə Subaşı kəndində doğulub, 1967-ci ildə Ankara Universitetinin tibb fakültəsini bitirib, 1971-ci ildə ümumi cərrahiyyə üzrə uzman adını alıb.
Türkiyədə orqan nəqli sahəsində etdikləri, ilkləri və qurtardığı canlar insanlığa və türk ölkələrinə arzuları qədər bitib tükənməzdir.

Adam canatımı, arzusu, xidməti və vətəndaşına, xəstəsinə qayğısı ilə mükəmməldir.
Ankara haqda “Möcüzə şəhər” qənaətimiz vardı.

Elədir ki var. Ancaq Ankaranı möcüzə-şəhər edən onun Haberal kimi mözücə adamlarıdır.
Ankaranı türk dünyasının döyünən qəlbi sayırıq.

Elədir ki var! Ancaq Ankara ona görə türk dünyasının qəlbidir ki, Haberal venalar, Haberal arteriyalar bu qəlbin o hisslə döyünməsi üçün qan dövranını təşkil edir.
Bu möcüzə-adamı siz öz dilindən bir daha tanıyın:

– Professor, dəvətiniz üçün təşəkkür edirik. Öncə Türkiyədə ilk transplantoloq həkim kimi açdığınız cığırın tarixinə baş vuraq. O vaxtkı şərtlər, indiki kimi üstün olmayan texniki imkanlarla necə oldu ki, orqan nəqlini bacardız? İnsanları buna necə inandırdız?

– Mən də sizə təşəkkür edirəm ki, Bakıdan ta buralara – Başkənt Universitetinə kimi gəldiniz.

Mən həmişə rəhmətlik Heydər Əliyevi hörmətlə anıram. O, “bir millət, iki dövlət” deyərək, bizim bir kökdən olduğumuzu ən yüksək tribunalardan səsləndirdi.

Rəhmətlik Süleyman Dəmirəl, Turqut Özalın zamanında həqiqətən, dövlətlərimiz arasında münasibətlərə çox önəm verildi. Rəhmətlik İhsan hoca Heydər Əliyevlə dost idi. O vaxtlar indiki dövlət başçısı İlham Əliyev də İhsan bəyin qonağı kimi Türkiyəyə gəlmişdi və bir ziyafət yeməyində məni onunla tanış etdi və ünsiyyətimiz oldu.

Gələk, mənim ilk transplantasiya əməliyyatımın o vaxtkı şərtlərlə necə başlamasına:

Mən Ankara Universiteti məzunuyam. 1967-ci ildə Hacettepede ümumi cərrah və uzmanlıq ixtisasına başladım.

İhsan Doğramaçı və Hacettepe bütün türk dünyasının səhiyyəsi üçün bir dönüş, inqilab nöqtəsidir.

Mən həmişə deyirəm, nə mutlu ki, İhsan bəy Hacettepeni qurdu və oradakı hocalarımız məni və Türkiyənin məşhur uzman həkimlərini yetişdirdi. O zaman Türkiyədə insanlar daha çox Avropa və Amerikaya gedirdilər müayinə-müalicə üçün. Mən də qərar verdim ki, gedim bir oralarla tanış olum, nələr etdiklərini öyrənim.

Ümumi cərrahiyyədə mənim ən çox can atdığım, maraq göstərdiyim iki sahə idi: orqan nəqli və yanıq müalicəsi.

Uzmanlıq təhsili vaxtında assisent olduğum zaman itlər üzərində qaraciyər transplantasiyası etmişdim və İhsan bəyə, hocalarıma göstərmişdim.

O dönəmlərdə Türkiyədə ümumiyyətlə, transplantasiya yox idi. 3-4 yerdə dializ mərkəzi var idi, xəstələr 6 ay öncədən növbəyə yazılırdı. Hacettepede də dializ mərkəzi var idi. Şərtlər çox ağır idi, xəstə çox, müalicə yox.

Amerikaya getdim, Kolorado Universitetində Orqan Nəqli Mərkəzində yüksək uzmanlıq təhsili aldım və orda orqan nəqli əməliyyatlarına qatıldım.

3 noyabr 1975-ci ildə İhsan bəyin xeyir-duası və bu yolda önümü açması sayəsində Türkiyədə ilk böyrək transplantasiyasını gerçəkləşdirdik. İlk xəstəmiz 12 yaşlı Bəxtiyar oldu. Ona anasının böyrəyini köçürdük.

Bu, birinci dərəcəli qohum canlı donordan ilk orqan nəqli idi.

Amma biz bunu o şərtlər altında etdik ki, Türkiyədə heç orqan nəqli barədə qanun, icazə belə yox idi. Bu əməliyyatın uğurlu olmasının bir səbəbi də o dövrdə Hacettepe Universiteti xəstəxanasının cərrahi şəraiti imkanların yüksək səviyyədə olması idi. Amerikada o dönəm nə var idisə, eynisi Hacettepede yaradılmışdı.

– O zaman belə demək olarmı ki, Türkiyədəki tibbi inkişaf Amerikadan qaynaqlandı və orda türkiyəli həkimlər öyrənib, eyni modeli ölkədə tətbiq etdilər.

– Transplantologiya ilə bağlı Türkiyədə heç bir şey yox idi. Amma bizdə cərrahiyyənin əsasları üst səviyyədə idi, Avropada, Amerikada nə edirdilərsə, eynisini edirdik. Çox güclü uzmanlarımız var idi. Dünyada da orqan nəqli çox az sayda mərkəzlərdə edilirdi.

O dönəmdə ən böyük mərkəz Koloradoda idi. Amma Hacettepede doktor Bürhanettin Savan ilk dəfə donuzlar üzərində qaraciyər nəqlini təcrübə edirdi. Bu layihə oradan başladı. Mənə də hocalarım bu layihədə iştirak imkanı yaratmışdı.

O zaman donuzlar üzərində nəql uğurlu alınmırdı. Mən köpəklər üzərində uğurla gerçəkləşdirdim. Mən bugünkü transplantasiyanı Amerikada öyrəndim və Türkiyəyə gətirdim. Burada texniki işçisindən tutmuş hocasına qədər orqan nəqli əməliyyatı necə olur, köpəklər üzərində göstərdim. Ondan sonra canlı insan üzərində icazə verdilər.

Mənə bu şansı İhsan hocam verdi. İndi də transplantasiyası olmayan ölkələrə deyirəm ki, sizə bir İhsan bəy kimisi lazımdır.

– 12 yaşlı Bəxtiyarın anasını əməliyyata razı salmaq çətin olmadı ki? Xəstənin sonrakı taleyi necə oldu?

– Hacettepede ən böyük üstünlük dializ mərkəzinin olması idi. Bu xəstə də dializə gəlirdi. Əməliyyatı etmədən öncə doktor Ayfer Güllə bərabər Bəxtiyarın evinə getdik. Ailə uşağın müalicəsində zatən orqan nəqlindən başqa yolun olmadığını bilirdi. Ayfer xanım məni təqdim etdi ki, Amerikadan gəlib, orqan nəqlini öyrənib, indi də burda insanları xilas etmək istəyir. Ana mənə bircə sual verdi: Böyrəyimi verərəm, doktor, övladım tam sağalacaqmı? Mən izah etdim ki, biz böyrəyi nəql edirik, sonra bədənin reaksiyasına baxılır. Hər şey ola bilər, amma bundan başqa yol yoxdur. Ana dedi ki, tamam, sizə güvənirəm, edin! Həkimlik birinci inam işidir. Ananın söylədiyi bu söz çox önəmli idi. O zaman xəstəni yatırmaq üçün xüsusi yerim belə yox idi.
Bir depo tapdıq, orda 2 çarpayı qoyduq. Birində xəstə yatdı, digərində mən. Xəstəni bir an gözümdən uzaq qoya bilməzdim.

Bəxtiyar 6 il yaşadı. Hər nə qədər birinci dərəcəli qohumdan, yəni anadan uyğun orqan nəql olunsa da, vücudun orqanı geri atması, imtinası problemləri olur. 4-5 il normal yaşadı. Ondan sonra ikinci böyrəyi taxdıq. Amma sonra beyin qanamasından vəfat etdi.

– Siz bu işin ilk yolçusu kimi indiki, çağdaş transplantoloqları izləyərkən, onlarda nəyi bəyənirsiz, nəyi qəbul etmirsiz? Bugünkü transplantalogiyanın durumunda problemlər nədir, sizi nə narahat edir?

– Transplantasiya bir zaman xəyal edilən, sonra gerçəkləşən hadisədir. Mənim sloqanım budur: yenidən yaşamaq yolçuluğu.

O zaman bizə xroniki böyrək, qaraciyər xəstəsi gələndə, çarəsiz idik. Nə etməli, müalicəniz yoxdur. Onlar da taleləri ilə barışıb, ölümlərini gözləyirdilər. İndi orqan nəqli ilə bu xəstələr yenidən yaşamağa başladılar.

Önəmli olan şey bu işin qanuni qüvvəyə keçməsi idi.

Transplantasiyaya başlayan zaman ancaq birinci və ikinci dərəcə qohumlardan orqan ala bilirdik.

Halbuki dünyanın, Denvel daxil, mərkəzlərində 150-dən çox ölüdən böyrək, 25 qaraciyər nəqli etmişdik.

Amma bizdə qanun olmadığı üçün ölən insanların orqanlarından yararlana bilmirdik.

O zaman qərara gəldim ki, ölən insanın orqanının necə həyat xilas etdiyini əyani şəkildə Türkiyədə göstərim.

Bunun üçün Londondakı dostlarıma dedim ki, mənə ölü böyrəyi tapıb göndərsinlər. 10 oktyabr 1978-ci ildə mənə bir ölü böyrəyi göndərdilər.

O zaman nə mobil telefon, nə internet var idi. Ölən insanın böyrəyi soyuq buzluqda yalnız 12 saat qorunub saxlanılırdı.

Sadəcə teleqramla yazışırdıq. Mənə axşamtərəfi teleqram gəldi ki, bir böyrək var, gecə 12-də İstanbulda olacaq. Mən razılaşdım. Ankaradan İstanbula da ancaq 9-da, geri də saat 11-də təyyarə var. Burdan İstanbula getdim, o böyrəyi aldım, mənə görə təyyarəni 1 saat saxladılar, böyrək gələndən sonra uçdu.

O böyrəyi bir xəstəmizə nəql etdim, böyrək çalışdı. O zaman baxdım ki, 12 saat dedikləri böyrək 24 saatdan da çox saxlanıla bilər. Bununla yeni bir kəşf də etdik. Bu informasiyanı digər mərkəzlərə göndərdim və dedim ki, 12 saatı keçmiş nə qədər böyrəyiniz olarsa, atmayın, mənə göndərin. Bundan sonra sübut etdim ki, bu böyrəkləri 100 saatın üzərində saxlamaq olur, keyfiyyətini itirmir, nəqlə yararlıdır.

Beləliklə, orqan nəqlində yeni bir dönəm başlatdıq.

Bunu etdikdən sonra Dini İşlər Qurumu ilə görüşdük, onları razılığa gətirdik. Toplantılar etdik, müzakirələr apardıq. Orqan nəqli etdiyim xəstələri göstərdim. Baxın, ölmüş xarici insanın orqanı ilə türk xəstələrini xilas etdik.

İnsanlarımızı xilas etmək üçün bizdə də ölüdən orqan almaq lazımdır ki, vətəndaşlarımız ölməsin. Bu arada mətbuatı işə cəlb etdim. Cəmiyyətdə bir debat başladı.

Sonra Böyük Millət Məclisinə müraciət etdim, orda xüsusi komissiya yaradıldı.

O komissiyaya Dəyanət İşlər Bakanlığının izn məktubunu verdim. Orda yazılmışdı ki, ölü insanların orqanının əməliyyatlarda xəstələrə istifadəsində qadağa yoxdur.

Quranın “Maidə” surəsinin 32-ci ayəsində Allah deyir: “Bir kişini qəsdən öldürən bütün insanları öldürmüş kimi günah işləmiş sayılır.

Tərsinə, bir kişiyə yardım edən bütün insanlara yadım etmiş kimi savab işləmişdir”. Mən bu ayəni orqan nəqli baxımından dəyərləndirdim.
Türkiyədə Orqan nəqli Qanunu ilk dəfə Böyük Millət Məclisində 1979-cu ildə qəbul edildi. Hələ dünyada belə geniş transplantasiya qanunu yox idi.

Bu qanunla bir dəyər, pul qarşılığında orqan alqı-satqısı, nəqli qadağandır. Orqan üzərindən reklam qadağandır. Orqan necə alınır, kimdən alınır, beyin ölümü necə qoyulur, bu qanunu pozanlar necə cəzalanacaq – hər şey nəzərə alınmışdı.

Bir çox ölkələr bu qanunu örnək alıb öz qanunlarını yazdı. Bu qanun orqan nəqlində təməl idi.

Tibbdə bəzi xəstəliklər var ki, sadəcə xəstəxana daxilində bir həkimi, bir də xəstəni maraqlandırır. Amma xroniki orqan çatışmazlığı və yanıqlarda belə deyil.

Bir xroniki orqan xəstəsi topluma və ailəsinə yararlı vətəndaş ola bilmir. Özü xəstədir, hələ ailədən də biri daim onunla dializə, həkimlərə gedib gəlməlidir.

Orqan nəqlindən sonra onun cəmiyyətə qarışması və öz həyatını özü idarə etməsi asanlaşır.

Orqan nəqli iqtisadi, sosial, cəmiyyət xəstəliyidir. Orqan nəqli olmuş xəstə 2 dərmanını ömür boyu qəbul edir, amma işinə-gücünə gedir, cəmiyyətə, ailəsinə yararlı vətəndaş olur.

Beləliklə, 1979-cu ildən o çətin şərtlərdə Türkiyədə meyitdən orqan alınıb nəql olunmasına başlanıldı. Bu qanunun 14-cü maddəsinə əsasən, beyin ölümü təsdiqlənmiş xəstənin orqanını almaq üçün yanında olan ailə üzvü və yaxınından icazə alınması şərti mütləq idi. Bu da problem yaradırdı, doğmaları buna razı salmaq çətin idi.

Ona görə 1982-ci ildə məcbur qalıb qanuna bir maddə əlavə edildi. Beyin ölümü keçirmiş xəstənin yanında yaxınları yoxdursa, o xəstənin uyğun orqanları alınır, sənəd verilir ki, bu xəstənin ölümü alınan orqanlara bağlı olmayıb.
Bu qanundan sonra 1988-ci ildə təkcə Türkiyədə deyil, Orta Asiyada ilk dəfə meyitdən qaraciyər transplantasiyası baş tutdu.

Amma yenə də yetəri qədər orqan yox, xəstə çox idi. Ona görə mənim hədəflədiyim yeni çalışma ondan ibarət oldu ki, əcəba, canlı donordan qaraciyərin bir qismini alıb xəstəyə köçürə bilərikmi?

İtlər üzərində çalışmamda təcrübi olaraq göstərmişdim ki, bu mümkündür.

Nəhayət, 15 mart 1990-cı ildə Türkiyədə, Avropada, Orta Şərqdə ilk dəfə uşaqlarda qismən qaraciyər nəqlini etdik.
Həmin il də dünyada ilk dəfə qohumlar arasında canlıdan ilk hissəvi qaraciyər tranplantasiyası etdik.

1992-ci ildə ilk dəfə eyni anadan həm böyrək, həm qaraciyər hissəsi alaraq övladına nəql edib, dünyada bir ilki daha gerçəkləşdirmiş olduq.

Biz qapıları açdıq, millət o qapılardan girir. Bu sahəyə gələn, orqan nəql edən çoxdur, amma gələk sizin suala: İndi nə baş verir, nədən narazıyam?

İndi elə bir nöqtəyə gəlmişik ki, transplantalogiyada kimdən orqan üçün tapırlarsa, razıdırsa, orqanını alırlar, hətta küçədən keçən biri olsa belə. Son illər əqrəba, qohumluq bağı olmayan insanlardan orqan alıb köçürmək halları çoxalıb.

Bu, uyğun metod deyil. Mənim başdan bəri qoyduğum və indiyə kimi əməl etdiyim bir qanun var: orqan həyat yoldaşı, birinci, ikinci dərəcəli qohumlardan alınmalı, daha sonra isə çarpaz transplantasion olmalıdır.

Çarpaz nə deməkdir: iki qardaş gəlir, onların qan qrupu və orqan uyğunluğu yoxdur. Amma digər tərəfdə iki qardaş var, onların da qan qrupu orqan nəqli üçün uymur. Bu qardaşlardan biri orqan nəqlinə ehtiyac duyur. Qardaşlardan biri digər tərəfə, o tərəfdən də bir qardaş bu biri qardaşlardan birinə orqanını verir. Beləcə çarpaz orqan nəqli həyata keçirilmiş olur. Çarpaz transplantasiya ər-arvadlar, cütlüklər arasında da ola bilər.
Ona görə də bu kimi şeylər az baş versin deyə, ölü orqanlardan nəql etmək gündəmdə duran əsas məsələdir. Ölülərin torpaq altına gedən uyğun orqanları varkən, israf olarkən, biz canlıdan orqan nəql etməməliyik.

İndi Şirazda Malik Hüseyn adlı cərrah İbn Sina Xəstəxanasında orqan nəqli əməliyyatlarının 90%-ini ölən insanların orqanları ilə aparır. Halbuki onlarda orqan nəqli qanunu və meyitdən icazə 1990-cı illərdə qüvvəyə minib.

Türkiyədə isə meyitdən orqan alınma 30%-ə çatır. Deməli, biz hardasa geri qalırıq.

Son zamanlar “transplantasion turizmi” deyə təşkilatlar meydana çıxıb. İnsan sağlamlığının turizmi olmaz. İnsan xəstədir, müalicə edilir. Onun üzərindən biznes, turizm olmaz. Mən buna qarşıyam.

Orqan nəqli mövzusunda əsas problem, mübarizə aparmalı olduğumuz məqam qohum olmayan insanlar arasında transplantasiyasıdır.
Biz əqrəba olmayandan orqan götürmərik. Çünki birincisi orqan vermək çox böyük bir riskdir. Sağlam insandan orqanını alırıq. Sağlam insanı əməliyyat masasına yatırtmaq onsuz da çətindir. Biz o insanların haqqını necə ödəyə bilərik?!

İkincisi, orqanını aldığımız kişinin bir neçə il sonra öz birinci dərəcəli qohumuna, ailəsinə, ya övladına orqan lazım olub-olmayacağını kim bilir? Sabah övladı üçün kimdən orqan tapacaq? Niyə öz orqanını qohum olmayan birinə verməlidir? Transplantasiyada öncə donorun özünü düşünməliyik. Xəstə zatən bəllidir ki, xroniki xəstədir, müalicə alır, bununla barışır.

Orqan satışı, orqan turizmi isə qanunlara, təməllərə ziddir. Bunun üzərindən şirkətlər qurulur. Təəssüf ki, bəzi nazirliklər, qurumlar belə bu işlərin təşkilatlanmasına yardım edir.
Mən öz prinsipimə sadiqəm. Bizim Orta Doğu Orqan Nəqli Cəmiyyətinin elmi dərgisi var. Orda dünyanın bir çox yerlərindən alimlər, cərrahlar elmi yazılarını dərc edir. Mən qadağa qoymuşam, qohum olmayan şəxsdən alınan orqan nəqli əməliyyatı üzərindən yazılan elmi işlər, məqalələr burda çap oluna bilməz.
Transplantasiya həyat qurtarır, amma təəssüf ki, bunun üzərindən qəbul edilməyən, doğru olmayan çalışmalar həyata keçirilir. Buna gəlir gətirən sahə kimi baxırlar.

– Doktor, indi də çox insan donor olmaq və orqan nəqli etməkdən qorxur. Siz güvən dediniz, amma çox insan güvənmir. Bildiyimiz qədəri ilə Başkənt Universitetində 90% doktor orqanlarını bağışlayıb. Amma bizdə hələ həkimlər belə bu addımı atmayıb.

– Dünyada hər gün minlərlə insan sağlam orqanları ilə ölür. Əgər biz bu ölən insanların orqanlarını yetəri qədər ala bilsək, heç canlıdan orqan axtarmağa ehtiyac da qalmayacaq.
Sizə nümunə verdim. Biz illər öncə başlamışıq. Bu günə xəstələrimizin 30%-i ölən insanların orqanları ilə sağalır. Biz də Şiraz kimi olmaq istəyirik, 90%-ə çata bilərik.

Şiraz müsəlman bir şəhərdir. İranın özündə artıq 60% meyitdən orqan nəqli olunur. Deməli, cəmiyyət istəsə, ola bilər, edə bilərik.

Bu gün orqanları sağlam bir insanın ölümündən sonra orqanlarının alınması 5-6 xəstənin yaşaması deməkdir.

Biz bu pandemiya dönəmində konfrans edə bildik. Toplantıda “Ölüdən orqan nəqli və din” mövzusuna toxunduq.

Dünyanın bir çox yerindən islam, yəhudi, xristian dini rəhbərləri, nümayəndələri ilə birgə sənəd imzalandı. Hər üç din bəyan etdi ki, meyitdən orqan alınması günah deyil, din buna qarşı çıxmır, etiraz etmir. Tam əksinə, insan həyatı xilas etdiyi üçün dəstəklənir.

Cəmiyyətin bunu bilməsi, qəbul etməsi lazımdır.

Malik Hüseyn deyir ki, indi elə bir vəziyyətdir ki, bir şirazlının qohumu, ailə üzvü ölən kimi gəlib mənə deyirlər ki, nolar baxın, bunun orqanları yararlıdırsa, götürə bilərsiz? İnsanlar özləri gəlir, təklif edir.

Bu işlərdə mətbuat, televiziya maarifləndirmə işlərində aktiv olmalıdır, insanları inandırmalıyıq.

“Həkimin telefonu qapalı olmamalıdır. Harda olursa olsun, gecə belə telefona cavab verməlidir”

– Azərbaycandan Başkəntə xəstələr gəlirmi? Azərbaycanda transplantalagiya uzmanları ilə əlaqələriniz necədir? Bizdə vəziyyəti izləyirsizmi?

– Azərbaycandan 1990-cı illərdən xəstələr gəlirdi, böyrək nəqli edirdik. 90-cı illərdə Hikmət İsmayılov bura gəldi, dializ üzrə yetişdi, sertifikat verdik. Sonra mən Bakıya getdim, orda böyük, ilk dializ mərkəzini açdıq, Hikmət də bu işin başına keçdi, hələ də o işi davam etdirir.

2014-cü ildə bizi Qazaxıstana, Astanaya dəvət etdilər. Orda ilk dəfə uşaqlarda qaraciyər nəqlini başlatdıq. Məndən dövlət rəhbərliyi səviyyəsində xahiş etdilər ki, Mehmet bəy, bura tez-tez gəlin, yardım edin, transplantasiya inkişaf etsin. Mən də dedim, tamam. Mənim bir dəstəyim bu ola bilər ki, bütün Orta Asiya dövlətlərini bir dam altında birləşdirəcək Türk Dünyası Orqan Nəqli Dərnəyini qurum.

Qurduq, 2015-də ilk konqresini də etdik. 2016-cı ildə də Bakıda konqres etdim. Bütün dünyanı Bakıya gətirdik. Ən sonuncu da 2019-cu ildə Daşkənddə baş tutdu. Çox möhtəşəm tədbirlər idi.

Dolayısı ilə biz artıq bu bölgəni bir dam altda topladıq.

İnşallah, 2023-cü ildə Dünya Orqan Bağışlama dərnəyinin konqresini Türkiyədə edəcəyik. O zaman sizlər də gələrsiz.

Azərbaycanla mənim münasibətlərim çox əvvələ bağlıdır. Zaman-zaman xəstələr gəlir. Amma bu məsələdə hədəfim çox xəstə gəlişi deyil. Bütün bu fəaliyyətimizin təməli-sütunu budur: nə bizim, nə orta Asiya, nə də Azərbaycanda yaşayan eyni kökdən insanları başqa ölkələrin səhiyyəsinə möhtac qoymarıq.
Türkiyə artıq təhsil, tibb sahəsində mümkün olan hər şeyi ən üst dünya səviyyəsində edir. Universitet olaraq biz hər sahədə uzman cərrah yetişdirə bilərik.

Özbəkistanın baş nazir yardımçısı mənə görüşümüzdə dedi ki, Başkənt Universitetini burda qurmaq istərsizmi?

Dedim, yox. Dünyanın çox xəstəxanası, universiteti burda gəlib şöbəsini qura bilər. Onlar burdan bir şeylər almaq üçün gəlir. Mənsə bir şeylər verməyə gələrəm. Mən sizin insanları yetişdirməyə məsulam. Doktorlarınızı göndərin, biz onları yetişdirək, geri dönsünlər, heç kimə ehtiyac duymadan işləsinlər.

Özlərinin universitetini, başqa bir Başkənt qursunlar. Türkiyə bu ölkələr üçün çox önəmli imkandır. Bundan istifadə etmək lazımdır.

Gəlin, öyrənin, yetişin, gedin. Bura təhsil-təcrübə almaq üçün limiti olmayan bir yerdir.
Mən də eyni şeyi etmişəm. Getdim, gördüm, öyrəndim, gəldim qurdum.

İndi siz də. Gələcək, görəcək, dönəcək, edəcəksiniz. Başkənt Universitetinin dünyada modeli yoxdur. Müstəqil, güclü bir qurumdur.
Fermasından televiziyasına, mətbuatına, fabrikinə, orta məktəbindən kollecinə kimi – hər şeyi var. Yumurta, yağ, südümüzü görəcəksiz, ordan enirsiz otelimiz, ordan keçirsiz fabriki, ordan məktəbləri…

Dönəcəksiz, ölkənizdəki əfəndilərə göstərəcəksiz. İmkanı olan gəlib bunu görüb, gedib eynisini edəcək. Bizdən yardım istəyəcəksə, gəlib yerində dəstək göstərəcəyik.
Bunu ilk edənləri dəstəkləmək lazımdır, şərait qurmaq, ruhlandırmaq lazımdır. Rəhmətlik İhsan kimi: Orda da bir İhsan olmalıdır.

– Deyirlər, o vaxtdan bu yana heç bir şey dəyişməyib. Başkənt Universitet xəstəxanası sizin evinizdir. Hələ də xəstələri özünüz şəxsən yoxlayırsız, gecələri işləyirsiz.

– Atatürk deyib ki, bizə bir şey lazımdır: çalışmaq. Başqa bir şey lazım deyil. Mənimlə bərabər çalışmaq istəyənlərə ilk öncədən şərtlərimi dedim.

Maddə 1. Mənimlə çalışmaq çox çətindir.

Maddə 2. Mənimlə işləmək 7 gün, 24 saat burda olmaq deməkdir. Bizim bazarımız, bayramımız yox. Bir də gördüz, gecə 3-də çağırıram, gəlirlər.

Niyə belə? Çünki insanın nə zaman xəstələnəcəyi və xəstənin nə zaman halının dəyişəcəyini bilmək olmaz.

Birinci şərt: həkimin telefonu qapalı olmamalıdır. Harda olursa olsun, gecə belə telefona cavab verməlidir.

Həkimin özəl həyatı olmaz. Əgər həkimsizsə, sizin özəl həyatınız da xəstələrinizdir. Çünki kiminlə nə zaman nə baş verəcəyinizi bilmirsiz.

Məni hər an burdan çağıra bilərlər.

Dünən inşaatı yoxladım, gecə evə gedirdim, məni xəstəxanadan çağırdılar ki, əməliyyat olunmuş xəstədə qanama var. Gəldik, saatlarca onunla məşğul olduq.

– Deməli, Hacettepenin bir İhsanı vardı, Başkəntin də bir Mehmeti. Demək ki, hər ölkədə bir İhsanlar, Mehmetlər olmalıdır ki, universitet, xəstəxana tarixləri başlasın.

– Zaman çox vacibdir. Boş zaman deyə bir şey olmaz. Hər an bir şeylər öyrənməlisiz. Bir şeylər etməli, nələrsə istehsal etməlisiz. Əgər istehsal olmasa, başqalarına möhtac qalacaqsız.

Biz Başkent olaraq südümüzü, yoqurtumuzu özümüz istehsal edirik. Tərəvəzlərimizi özümüz yetişdiririk. İstehsal önəmli. Çox şükür öz ehtiyaclarımızı özümüz ödəyirik. Qidalarımız orqanikdir, sağlamdır. Zamanı dəyərləndirmək çox önəmlidir. Həzrəti Ömər deyib ki, yaydan çıxan ox, ağızdan çıxan söz, keçən zaman bir daha geri gəlməz. Biz bunu qurduq, indi sıra sizlərindir.

/Bakupost/

Loading...

www.yenicag.az

1211
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100