!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərq yenə də QAYNAYIR – “ABŞ və İsrailin İranı zəiflətmək strategiyası uzun illərdir davam edir”

!Reklam – Yazi

“İranın Yaxın Şərqdəki mövqeyi və ABŞ-nin ona qarşı siyasəti regionun gələcəyini müəyyən edən əsas amillərdəndir. Bu kontekstdə İranın təsiri altında olan husilər və “Hizbullah” kimi qeyri-dövlət aktorlarına qarşı edilən hücumlar təkcə hərbi deyil, həm də siyasi strategiyanın tərkib hissəsidir”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Hüseynov deyib.

Siyasi təhlilçi son günlər Yaxın Şərqdə gərginləşən siyasi vəziyyəti – ABŞ-nin Yəməndəki husilərə qarşı başlatdığı hava hücumu əməliyyatları, eləcə də Suriya və İsrailin Livandakı “Hizbullah” mövqelərini atəşə tutmasını şərh edib.

Mütəxəssisin sözlərinə görə, Tramp administrasiyasının İsrailin təhlükəsizliyini xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etməsi bu hücumların arxasında duran əsas motivlərdən biridir:

“ABŞ və İsrailin İranı zəiflətmək strategiyası uzun illərdir davam edir və Tramp dövründə daha açıq fazaya keçib. ABŞ-nin məqsədi təkcə İranın hərbi qüvvələrini deyil, həm də onun bölgədəki təsir güclərini neytrallaşdırmaqdır. İran isə bu təzyiqlərə qarşı asimmetrik müharibə taktikasına üstünlük verərək husilər, “Hizbullah”, “Həşdi Şabi” kimi silahlı qrupları ön plana çıxarır”.

Analitik hesab edir ki, bölgədə İranın zəifləməsində maraqlı olan və olmayan aktorlar fərqlidir:

“Səudiyyə Ərəbistanı və İsrail İranın hərbi və siyasi gücünün məhv edilməsində maraqlı olsalar da, Türkiyə məsələyə daha fərqli yanaşır. Türkiyənin İranla münasibətləri ziddiyyətli olsa da, Tehranla birbaşa münaqişə Ankaranın maraqlarına uyğun deyil. Türkiyədə əhəmiyyətli ələvi icmasının mövcudluğu və məzhəb savaşlarının Türkiyəyə sıçrama ehtimalı Ankara üçün ciddi təhlükə yaradır”.

“Bundan əlavə, İranın zəiflədiyi bir ssenaridə bölgədə yeni qüvvə boşluğu yarana bilər ki, bu da kürd separatizminin güclənməsinə gətirib çıxara bilər. Tarix göstərir ki, ABŞ-nin Yaxın Şərqdəki yerüstü hərbi əməliyyatları uzunmüddətli və çətin proseslərə çevrilib. Əfqanıstan və İraq buna bariz nümunədir. ABŞ-nin İranı yerüstü müdaxilə ilə zəiflətmək istəməsi bu kontekstdə risklidir. Çünki İranın hərbi potensialı, coğrafi strukturu və daxili müqavimət gücü İraq və Əfqanıstanla müqayisədə daha fərqlidir”, – həmsöhbətimiz vurğulayıb.

A. Hüseynovun fikrincə, İranın silahlanma strategiyası, əsasən, qeyri-konvensional müharibəyə əsaslanır və hərbi infrastrukturu daha çox yeraltı tunellərdə, raket bazalarında cəmləşib:

“ABŞ-nin belə bir dövləti tam məğlub etməsi çox böyük resurs və zaman tələb edir. Bütün bu proseslər İranın gec-tez vurulacağı ehtimalını artırır. Lakin bu prosesin zamanlaması və forması böyük ölçüdə ABŞ-nin daxili siyasi vəziyyətindən, eləcə də Çin və Rusiya kimi qlobal güclərin reaksiyasından asılıdır. ABŞ-də hər hansı siyasi və ya iqtisadi böhran bu prosesin ləngiməsinə səbəb ola bilər”.

Müsahibimiz diqqətə çatdırıb ki, digər tərəfdən, əgər İran üzərində ciddi hərbi təzyiqlər artsa və bu, genişmiqyaslı münaqişəyə çevrilsə, qlobal hərbi toqquşma ehtimalı yüksələr:

“Çünki İranın strateji tərəfdaşları – Rusiya və Çin bu məsələdə passiv müşahidəçi qalmaq istəməzlər. Yaxın Şərqdə sabitliyin pozulması təkcə region ölkələri üçün deyil, bütün dünya üçün ciddi nəticələr doğura bilər. İranın vurulması ssenarisi reallaşarsa, bu, uzunmüddətli və fəsadlı bir müharibəyə gətirib çıxara bilər. ABŞ-nin strateji məqsədi İranı hərbi və iqtisadi baxımdan zəiflətmək olsa da, bu, avtomatik olaraq bölgədə sabitlik yaratmayacaq. Əksinə, İranın da cavab reaksiyaları bölgədə qeyri-müəyyənliyi artıracaq və nəticə etibarilə, qlobal güclərin də bu məsələyə müdaxilə etməsinə səbəb ola bilər”.

Rafi Müslümov

www.yenicag.az

182
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv