Yaxın Şərqdə SƏSSİZ SAVAŞ: Tramp Suriyanı Netanyahudan qoruya biləcək?
Suriya ilə İsrail arasında gərginlik davam edir. Rəsmi Dəməşq İsrailin 1974-cü il müqaviləsini pozduğunu və regionda gizli bir müharibənin başladığını bildirir. Çünki İsrail Suriya ərazisində hərbi fəaliyyətlərini artıraraq ölkənin cənubundakı Kuneytra və Dera bölgələrini nəzarət altına alıb.
Yeni Suriya rəhbərliyi İsrailin işğal etdiyi ərazilərdən çəkilməsinə çalışır. ABŞ də bu müzakirələrdə İsraili razı sala biləcək ən güclü tərəf kimi çıxış edir, ancaq Tel-Əviv indiyə qədər anlaşma imzalamağa tələsmir. Bu barədə az sonra…
İran və “Hizbullah” yeni Suriyanın yanındadır?
İsrail Qolan təpələri bölgəsindəki işğalını genişləndirərək yerdəki məsafəni artırmağa çalışır. İsrailin bölgəyə etdiyi hava hücumları və əməliyyatlar Suriyanın hakimiyyətini daha da zəiflədib. Hazırda ABŞ Netanyahuya bu hərbi əməliyyatları azaltması üçün təzyiq edir, çünki regiondakı gərginliyin daha da artmasının ABŞ-nin strateji planlarına zidd olduğunu düşünür.
ABŞ-nin rəsmi orqanları bölgədəki hər hansı bir hərbi əməliyyatın Suriyadakı vəziyyəti daha da ağırlaşdıracağını vurğulayırlar. Bununla yanaşı, İranın Suriya münaqişəsindəki rolu da diqqət mərkəzindədir.
Bu kontekstdə rəsmi Tehran “Hizbullah” və digər müttəfiqləri ilə birlikdə İsrailə qarşı mübarizəyə hazır olduğunu bəyan edir. Rusiya da münaqişədəki güc balansını qorumaq üçün öz mövqelərini gücləndirir.
Bütün bu hadisələr ABŞ-nin İsrailə qarşı münasibətinin dəyişməsinə səbəb ola bilər, əks halda, gərginliyi daha da dərinləşdirəcək bir müharibə gözlənilir. Belə ki, İsrail Suriyada səssiz, ancaq qərarlı şəkildə irəliləyir.
Əsədin gedişini fürsət bilən İsrail…
Şamdan təxminən 60 kilometr cənub-qərbdə yerləşən və 1967-ci ilin iyun müharibəsində İsrail tərəfindən işğal edilən Qolan təpələri cəbhəsi uzun illər boyu həm Hafiz Əsədin, həm də oğlu Bəşər Əsədin dövründə sakitliyini qorumuşdu. Bu vəziyyət 1973-cü il oktyabr müharibəsindən sonra Suriya ilə İsrail arasında imzalanan müqavilə sayəsində mümkün olmuşdu. Həmin anlaşma ümumi sahəsi 1 860 kvadrat kilometr olan Qolanın üçdə ikisinin İsrail işğalı altında qalmasını faktiki olaraq qəbul edirdi.
Lakin 8 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsi və Əsədin Moskvaya qaçmasından sonra bütün dünyada rezonans doğuran bu hadisədən cəmi bir neçə saat sonra İsrail anlaşmanın çökdüyünü elan edərək Suriya torpaqlarındakı bufer zonanı ələ keçirdi. Baş verənlər səssiz, lakin fasiləsiz bir müharibənin başlanğıcı kimi qiymətləndirilir.
Sözügedən anlaşma ilə yaradılan bufer zona Qolanın şimalından cənubuna doğru təxminən 75 kilometr boyunca uzanır. Dəraa vilayətindəki Yermuk Vadisinə qonşu olan bu xəttin eni bəzi yerlərdə bir neçə yüz metrdən 14 kilometrə qədər dəyişir. Bölgənin ümumi sahəsi təxminən 235 kvadrat kilometrdir.
İsrail hərbi təyyarələri Əsəd rejiminin devrilməsinin ilk günlərində yüzlərlə hava hücumu həyata keçirərək hərbi hava bazalarını və Suriya ordusunun əlində qalan ağır silahları məhv etdi. İsrail yalnız bufer zonanı işğal etməklə kifayətlənmədi, Kuneytra və Dəraa qəsəbələrinin şərq kəndlərinə doğru irəliləyərək nəzarət sahəsini genişləndirdi. İsrail ordusu bölgədə hər gün yeni əməliyyatlar keçirir, nəzarət-buraxılış məntəqələri qurur və mülki şəxsləri həbs edir.
Üç variantdan biri, ancaq hansı?
Analitiklərə görə, İsrailin Baş naziri Binyamin Netanyahunun sazişi imzalamaqdan israrla imtina etməsi halında Suriyanın cənubunda üç mümkün ssenari gündəmə gələ bilər: İsrailin hərbi gərginliyi davam etdirərək sahədə yeni reallıq diktə etməsi, beynəlxalq aktorların (xüsusilə Rusiya və ABŞ-nin) böhrana birbaşa müdaxilə edərək genişmiqyaslı bir toqquşmanın qarşısını alması və ya yerli müqavimətin İsrail qüvvələrinə qarşı gücləndirilməsi.
Bunlarla yanaşı, sazişin uğursuzluğa düçar olması müqavimət oxunun yenidən fəallaşması ehtimalını artıra və İsraili uzunmüddətli strateji çətinliklərlə üz-üzə qoya bilər. Etibarlı mənbələrə görə, Cənubi Suriyadakı inkişaf strategiyası və regionun yenidən sabitləşdirilməsi cəhdləri, başda Livan, İran və İraq olmaqla, regional və beynəlxalq mühitdə yaşananlardan asılı deyil.
Adının açıqlanmasını istəməyən mənbələr ABŞ vasitəçiliyi ilə aparılan Şam–Təl-Əviv danışıqlarının yazılı təhlükəsizlik sazişinə çatdığını, həmin sazişin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində imzalanmasının planlaşdırıldığını, lakin Netanyahunun imza atmaqdan imtina etdiyini bildiriblər.
Mənbələr, Cənubi Suriyadakı vəziyyəti “son dərəcə narahatedici” kimi xarakterizə edərək Şamın əvvəlki vəziyyəti bərpa etmək üçün ABŞ-nin fəal rol üstlənməsini gözlədiyini vurğulayıblar. Çünki prezident Trampın İsrail üzərində təzyiq göstərərək Cənubi Suriyadakı gərginliyə son qoya biləcək yeganə aktor olduğu qeyd olunur.
Amir Aqiloğlu












