Yeni texnologiyalar və onların gətirdiyi təhlükələr: İmkanlar və önləyici TƏDBİRLƏR

media-hightechnic-468x90

Müasir dövr texnoloji inqilabla xarakterizə olunur. Süni intellekt, böyük verilənlər (big data), kvant hesablamaları, gen mühəndisliyi, blokçeyn texnologiyası və digər yeniliklər insan həyatının bütün sahələrinə nüfuz edir. Bu inkişaflar cəmiyyətlərə sürət, rahatlıq və effektivlik gətirməklə yanaşı, eyni zamanda, yeni və kompleks təhlükə növlərinin yaranmasına da səbəb olur. Kiberhücumlar, məlumat sızmaları, süni intellektin sui-istifadəsi, şəxsi məxfiliyin pozulması, informasiya manipulyasiyası və hətta texnologiyanın silaha çevrilməsi bu təhlükələr sırasında yer alır.

Texnologiyanın gətirdiyi təhlükələrə qarşı mübarizə yalnız texniki səviyyədə deyil, həm də hüquqi, etik və sosial müstəvidə aparılmalıdır. Bu baxımdan, güclü kibermüdafiə sistemlərinin qurulması, beynəlxalq hüquqi mexanizmlərin işlənməsi, texnoloji savadlılığın artırılması və tənzimləyici qurumların çevikliyi vacib rol oynayır. Eyni zamanda, yeni texnologiyaların tətbiqində etik çərçivələrin müəyyənləşdirilməsi, texnoloji innovasiyaların ictimai nəzarətə açıq şəkildə həyata keçirilməsi də təhlükələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Yenicag.az-la söhbətində informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev də təsdiqləyib ki, yeni texnologiyalar süni intellekt, blokçeyn, 5G, IoT və digər innovasiyalar kibertəhlükəsizlik sahəsində həm müsbət imkanlar, həm də yeni risklər yaradır.

media-behruz-eliyev

O, qeyd edib ki, yeni texnologiyaların təsirini üç istiqamətdə təhlükələr, imkanlar və önləyici tədbirlər baxımından qiymətləndirmək mümkündür:

“Təhlükələr sırasına süni intellektin zəifliklərini tez aşkarlayıb zərərli proqramların hazırlanması, insan səsinin və görüntüsünün saxtalaşdırılması yolu ilə aldadılma halları, avtomatik qərar verən zərərli botların aşkarlanmasının çətinliyi, elektron pulqabı və birja sındırmaları, blokçeyn üzərində anonimliyə görə hücumların izlənməsinin çətinliyi və IoT cihazları, dronlar kimi yeni hücum səthlərinin yaranması daxildir.

Digər tərəfdən, bu texnologiyalar kibertəhlükəsizliyi gücləndirmək üçün yeni imkanlar da təqdim edir. Süni intellekt anomaliyaları tez aşkar edir, təhlükə trendlərini əvvəlcədən proqnozlaşdırır, hücuma dərhal reaksiya verən sistemlər yaradır. Eyni zamanda, blokçeyn texnologiyası məlumatların dəyişdirilə bilməz və izlənilə bilən şəkildə saxlanmasını təmin edir, real vaxtda təhlükə aşkarlanması və cavab verilməsi asanlaşır”.

Ekspert həm də risklərin azaldılması üçün bir sıra önləyici tədbirlərin həyata keçirilməsini tövsiyə edib:

“Bunlar arasında smart müqavilələr, süni intellekt modelləri və IoT cihazlarının kodlaşdırılması zamanı daimi zəiflik yoxlamaları, süni intellektin etik və şəffaf tətbiqi, blokçeyn auditlərinin aparılması, insan faktoruna qarşı maarifləndirmə (phishing, sosial mühəndislik və deepfake-lərə qarşı) və məlumatların end-to-end şifrələnməsi yer alır”.

Sonda həmsöhbətimiz onu da qeyd edib ki, yeni texnologiyalar kibertəhlükəsizlik sahəsini həm gücləndirir, həm də mürəkkəbləşdirir:

“Bu səbəbdən yanaşmalar da dəyişməli, proaktiv müdafiə mexanizmləri qurulmalıdır. İdarəetmə və təhlükəsizlik texnologiyaları birgə inkişaf etməlidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə söyləyib ki, süni intellektdən istifadə hər zaman prioritet sayılmalıdır. Onun sözlərinə görə, xüsusən də son dövrlərin çağırışları göstərir ki, Azərbaycanda iqtisadiyyat və idarəetmə sahəsində süni intellektin tətbiqinə daha geniş şəkildə ehtiyac var.

media-1666247580_vuqar-bayramov

Deputat qeyd edib ki, bu məsələ hazırda büdcə müzakirələri zamanı da gündəmdədir və onların təkliflərindən biri də məhz dövlət satınalmaları ilə bağlıdır. V. Bayramov hesab edir ki, süni intellektin tətbiqi dövlət satınalmalarında qərarların daha çevik verilməsinə, eyni zamanda, səmərəlilik və şəffaflığın artmasına şərait yarada bilər.

Parlament üzvü həmçinin blokçeyn texnologiyasının əhəmiyyətinə də toxunub. O bildirib ki, bu texnologiya virtual pulların dövriyyəyə buraxılması baxımından mühüm əhəmiyyətə malikdir:

“Hazırda Azərbaycanda elektron pulların emissiyası həyata keçirilir və bununla bağlı lisenziya almış qurumlar mövcuddur. Blokçeyn texnologiyası ilə bağlı araşdırmalar Mərkəzi Bank tərəfindən aparılır və bu, ölkə üçün aktual çağırışlardan biri kimi dəyərləndirilir”.

Millət vəkili əlavə edib ki, blokçeyn texnologiyasının öyrənilməsi və bank-maliyyə sistemində baş verən dəyişikliklərə uyğunlaşdırılması olduqca vacibdir. Onun fikrincə, artıq bu istiqamətdə görülən işlər onu göstərir ki, süni intellekt və blokçeyn texnologiyaları yaxın gələcəkdə Azərbaycanın bank sektoru da daxil olmaqla, ümumilikdə iqtisadiyyatında geniş şəkildə istifadə olunacaq əsas alətlərə çevriləcək.

media-medialogo

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600